Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2376/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xam pambığın alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC-nin “MKT-Tərtər” filialı (“Alıcı”) və Cavabdeh (“Satıcı”) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 23 272 5032 saylı “2023-cü il mövsümü üzrə xam pambığın alğısatqı müqaviləsi”nin 2.1.2-ci bəndinə əsasən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür; müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Satıcının aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır, Satıcının təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürür; müqavilənin 4.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı müqavilədə göstərilən xam pambığı təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 faiz miqdarında Alıcıya cərimə ödəyir, əsas borc dedikdə bu müqavilə ilə bağlı Satıcı tərəfindən Alıcı qarşısında bu müqailə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur; 5.1-ci bəndinin şərtlərinə əsasən, Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər; 5.2-ci bəndinə əsasən, Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir.
2. MKT İstehsalat Kommersiya” MMC-nin “MKT-Tərtər” filialının direktoru tərəfindən Cavabdeh göndərilmiş pretenziyadan görünür ki, Cavabdeh cəmiyyət tərəfindən avans olaraq cəmi 13725 manat 20 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı alınan avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verilən xam pambığın dəyərindən çıxılmalıdır. Nəticədə Cavabdeh tərəfindən 9913 kq, 7930 manat 4 qəpik dəyərində xampambıq təhvil verilmişdir ki, bu da, həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Əlavə olaraq, 7918 manat 50 qəpik dəyərində avans vəsaitləri Cəmiyyətə geri təhvil verilmişdir. Son nəticədə Cəmiyyətə təhvil götürülən avans vəsaitlərin dəyərinə görə 5806 manat 71 qəpik əsas borcu yaranmışdır.
3. 25 avqust 2023-cü il tarixdə aşağıda adları qeyd olunan şəxslərin- 1) Tərtərə Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Natiq Musayev, 2) Tərtər DAİM-in Bitkiçilik sektorunun müdiri Arif Behbudov, 3) “MKT-Tərtər” filialının baş aqronomu Zabil Quliyev, 4) “MKT-Tərtər” filialının aqronomu Füzuli Yusibov, 5) “MKT- Tərtər” filialının aqronomu Baxşeyiş Mehtiyevin iştirakları ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, “MKT-Tərtər filialında 2023-cü il mövsümündə Tərtər rayonu üzrə pambıq əkilmiş 1287,70 ha pambıq sahəsindən 1162,61 hektar hissəsində 21 avqust 2023-cü il tarixədək Tərtər rayonunun 8 (səkkiz) kəndi üzrə 24 fermerin sahəsində birinci vegetasiya suvarması aparılmamışdır. Pambıq əkini sahələrinin suvarılmamasının əsas səbəbləri sahələrin suvarılmasında istifadə olunan artezianların növbəliliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Həmin sahələrin suvarılmaması səbəbindən məhsuldarlıq gözlənilmir. Vegetasiya suvarılması aparılmayan sahələr barədə adlı siyahı və fotoşəkillər akta əlavə olunur (Həmin siyahıda iddiaçı Cavabdehun adı 22-ci sırada göstərilmiş, səbəb olaraq “kanal suyunun olmaması və artezian növbəliliyi” göstərilmişdir).
4. “Azərtac” - Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi xəbər saytının 25 avqust 2023-cü il tarixə yayımladığı “Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayılıb” başlıqlı məlumatdan görünür ki, “Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı (bundan sonra: İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 5806,71 manat (beş min səkkiz yüz altı manat 71 qəpik), hesablanmış cəriməyə görə 1163,53 manat (min yüz altmış üç manat 53 qəpik) və ödənilmiş dövlət rüsumuna görə 89,70 manat (səksən doqquz manat 70 qəpik) olmaqla, cəmi 7059,94 manat (yeddi min əlli doqquz manat 94 qəpik) pulun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi”nə əsəsən, cavabdeh 9 (doqquz) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 15620,11 manat (on beş min altı yüz iyirmi manat- 11 qəpik) dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə, yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5806,71 manat (beş min səkkiz yüz altı manat 71 qəpik) əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizii məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1163,53 manat (min yüz altmış üç manat 53 qəpik) təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, “öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir“. Eyni zamanda Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (cavabdeh) başqa şəxsin (iddiaçının) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, iddiaçının isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır”.
7. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ondan asılı olmayan obyektiv səbəbdən – Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələrinin müvəqqəti nəzarətində olduğu ərazidən Tərtərçayın suyunun təbii axarının süni surətdə dəyişdirilməsi və nəticədə Tərtərçay hövzəsi ərazisində lazımi suvarmanın aparıla bilməməsi səbəbindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Qeyd olunan hal da fors major olaraq, yəni pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi və müqavilə bağlanarkən cavabdehin həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığı hal kimi qiymətləndirilməli (Mülki Məcəllənin 448.4-cü maddəsi) və tərəflər arasında bağlanan 27 dekabr 2022-ci il tarixli ********* saylı “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsi”nin 5.2-ci bəndinin şərtinə əsasən, cavabdeh öhdəliyin yerinə yetirilməsindən azad edilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 442,, 443, 448-ci və 567-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin başlıca səbəbi fors-major halının mövcud olması ilə bağlı olmuşdur. Belə ki, məhkəmənin mövqeyinə görə Sərsəng su anbarı erməni işğalı altında olduğu üçün cavabdehə məxsus torpaq sahəsinin suvarılması qeyri-mümkün olmuş və müqavilə üzrə öhdəliyin icra edilməməsi cavabdehin iradəsindən asılı olmayan haldan irəli gəlmişdir. Eyni zamanda, məhkəmə iş materiallarında mövcud olan 25 avqust 2023-cü il tarixli akta istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehə məxsus əkin sahələrinin suvarılmamasının əsas səbəbləri həmin ərazinin suvarılmasında istifadə olunan artezianların növbəliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Beləliklə, məhkəmə nəticəyə gələrkən bir-birinə zidd olan hallar əsasında qətnamə qəbul etmişdir. Məhkəmənin yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, fors-major vəziyyətlərinin müxtəlif xüsusiyyətləri var. Fors-major hallarının tətbiq edilməsi üçün aşağıda qeyd edilən üç şərt tələb edilir: 1. Ekstremallıq və gözlənilməzlik, yəni ani surətdə konkret həyat şəraitində müstəsna, gözlənilməz qeyri-adi bir hal baş verir. 2. Baş verən hadisə ilə öhdəliklərin icrasının mümkünsüzlüyü arasında olan səbəbli əlaqə mövcud olur. 3. Vicdanlılıq, yəni fövqaladə vəziyyətə istinad edən tərəf vicdanla hərəkət etməli və qarşı tərəfin itkisini artırmamalıdır. Xüsusilə, fors-major vəziyyət barədə məlumat vaxtında verilməlidir. Bununla da, yuxarıda sadalanan şərtlərdən müəyyən etmək olar ki, Sərsəng su anbarının erməni işğalı altında olması faktı fors-major şəraitinə aid edilə bilməz. Belə ki, hamıya bəlli olan haldır ki, ermənilər 30 ildən artıqdır ki, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlayıblar və həmin su hövzəsinin yaxınlığında yerləşən torpaqların su ilə təminatına ciddi maneələr törədiblər. Beləliklə, Sərsəng su anbarının gözlənilmədən ermənilər nəzarəti altına keçməsi faktı müəyyən edilməmiş və sözügedən hal 30 il müddətində davam etmişdir. Bundan başqa, Sərsəng su anbarının erməni işğalı altında olması ilə cavabdehə məxsus torpaq sahəsinin suvarılmaması arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh fors-major şəraiti barədə iddiaçını məlumatlandırmamış və bununla da qarşı tərəfin zərərinin artmasına şərait yaratmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, ermənilərin işğalı altında olmuş və cavabdehin də hamı kimi bu haldan xəbəri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Yuxarıda qeyd olunan işin hallarından müəyyən etmək olar ki, cavabdeh xam-pambığın alqı-satqısına dair müqavilə bağlayarkən Sərsəng su anbarından torpaq sahəsinin suvarılması ilə bağlı müəyyən çətinliklərin olduğunu qabaqcadan görmüş və bununla bağlı heç bir qabaqlayıcı tədbirlər görməmişdir. Beləliklə, Sərsəng su anbarının erməni işğalı altında olması uzun müddət davam etdiyindən və gözlənilmədən baş vermədiyindən fors-major şəraitinə aid edilə bilməz. Həmçinin bildirirək ki, cavabdeh özünəməxsus torpaq sahəsinin suvarılması ilə əlaqədar aidiyyəti üzrə Sukanal İdarəsinə müraciət etməmiş və su təchizatı ilə bağlı alqı-satqı müqaviləsi bağlamamışdır. Halbuki, “Su təchizatı və tullantısuları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödənilməsi şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Eyni Qanunun, 14.4-cü bəndinə görə, bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Əlavə olaraq bildiririk ki, iş materiallarında mövcud olan 25 avqust 2023-cü il tarixli aktdan müəyyən etmək olar ki, cavabdehə məxsus əkin sahələrinin suvarılmamasının əsas səbəbləri həmin ərazinin suvarılmasında istifadə olunan artezianların növbəliyinin nəzarətsizliyi və magistral Goranboy kanalının təmirə dayanması olmuşdur. Beləlilkə, əgər cavabdeh vaxtlı-vaxtında aidiyyəti üzrə Sukanal İdarəsi ilə su təchizatı ilə əlaqədar alqı-satqı müqaviləsi bağlasa idi, bu zaman tərəflər arasında mövcud olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı cavabdeh ona dəymiş zərəri məhkəmə yolu ilə Sukanal İdarəsindən tələb edə bilərdi. Əfsuslar olsun ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və sonradan müxtəlif bahənələr gətirərək məsuliyyətdən yayınmaq istəmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mülki prosessual qanunvericiliyin normasını səhv təfsir etmişdir. Belə ki, Sərsəng su anbarının erməni işğalı altında olması faktı uzun müddət davam etdiyindən, qabaqcadan hamıya məlum olduğundan və eyni zamanda gözlənilmədən baş vermədiyindən fors-major hallarına aid edilə bilməzdi. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında mövcud olmuş sübutların məcmusuna səhv hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi mülki məhkəmə icraatı zamanı sübutların obyektiv və ədalətli araşdırılmasını təmin etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və maddi hüquq normaları səhv təfsir edilmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualarına cavab olaraq bildirmişdir ki, həmin hal fors-major hallarına aid edilə bilməzdi. Cavabdeh vəziyyət barədə iddiaçıya heç bir məlumat verməmişdir. Su problemi ilə bağlı cavabdeh onlara müraciət etməyib, ancaq müqavilə şərtlərində belə bütün texniki işlərin cavabdeh tərəfindən həll edilməsi nəzərdə tutulmuşdu. Müqavilə 9 ha. ərazi üçün bağlanmışdı. Onlar cavabdehdən faiz və ya cərimə tələb etməmişlər.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirsə də, 2023-cü ildə fors-major hadisə baş vermiş, ermənilər tərəfindən Tərtər çayın suyu süni surətdə kəsildiyindən torpaq sahəsini suvarmaq mümkün olmamışdır. Bununla bağlı bir sıra aktlar da qəbul edilmişdir. Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və X5 Agentliyi 25 avqust 2023-cü il tarixdə “AzərTac”da birgə bəyanat da yaymışlar. Yəni, ondan asılı olmayan obyektiv səbəblərdən, o, torpaq sahəsini suvara bilməmiş və lazımı miqdarda məhsul götürə bilməmişdir. Əldə etdiyi məhsulun da hamısını iddiaçıya təhvil vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, vəziyyət barədə şirkətin qaynar xəttinə dəfələrlə müraciət etmişdir. May ayında suvarmış, lakin sonra su olmadığı üçün suvarma işi apara bilməmişdir. Əkin isə ən azı 3 dəfə suvarılmalı idi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
18. Maddə 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
21. Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
23. Maddə 746-6.1. Müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı hallardan birinin mövcudluğu ilə şərtləndirilir: 746-6.1.1. kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə edir; 746-6.1.2. müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərilir. 746-6.2. Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar istehlakçıya verilmədikdə (xidmətlər göstərilmədikdə), qismən verildikdə (xidmətlər qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasını dayandırmaq və ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ vardır. 746-6.3. İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində göstərilən hüquqlarını yalnız aşağıdakı hallarda həyata keçirə bilər: 746-6.3.1. istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair satıcıya (xidmət göstərənə) müraciət etmişdir və bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq alqı-satqı (xidmət) müqaviləsinin şərtləri yerinə yetirilməmişdir; 746-6.3.2. alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə ki, istehlakçı borcverənə malların lazımi keyfiyyətdə olmaması barədə müraciət etmişdir; 746-6.3.3. alqı-satqı (xidmət) müqaviləsinə satıcı (xidmət göstərən) tərəfindən malların verilməməsi (xidmətlərin göstərilməməsi) səbəbindən xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında aldıqlarını qaytarmışdır. 746-6.4. İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində göstərilən halların baş verməsi ilə bağlı borcverənə müraciət etdikdə, borcverən 10 (on) iş günü ərzində istehlakçıya ödənişləri geri qaytarır və satıcıdan (xidmət göstərəndən) istehlakçıya geri qaytarılmış ödənişləri və digər xərcləri tələb etmək hüququnu əldə edir. 746-6.5. Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin göstərilməsi üzrə müddəalar işlərin görülməsi üzrə münasibətlərə də şamil edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)- 834/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
35. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan obyektiv səbəbdən yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələrinin müvəqqəti nəzarətində olduğu ərazidən Tərtərçayın suyunun təbii axarının süni surətdə dəyişdirilməsi və nəticədə Tərtərçay hövzəsi ərazisində lazımi suvarmanın aparıla bilməməsi səbəbindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə maneə olmuşdur.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, hamıya bəlli olan haldır ki, ermənilər 30 ildən artıqdır ki, Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə yerləşən su mənbələrini nəzarətdə saxlayıblar və həmin su hövzəsinin yaxınlığında yerləşən torpaqların su ilə təminatına ciddi maneələr törədiblər. Beləliklə, Sərsəng su anbarının gözlənilmədən ermənilər nəzarəti altına keçməsi faktı müəyyən edilməmiş və sözügedən hal 30 il müddətində davam etmişdir. Sərsəng su anbarının erməni işğalı altında olması faktı fors-major şəraitinə aid edilə bilməz. Bundan başqa, Sərsəng su anbarının erməni işğalı altında olması ilə cavabdehə məxsus torpaq sahəsinin suvarılmaması arasında səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh fors-major şəraiti barədə iddiaçını məlumatlandırmamış və bununla da, qarşı tərəfin zərərinin artmasına şərait yaratmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Sərsəng su anbarı 30 ildən artıqdır ki, ermənilərin işğalı altında olmuş və cavabdehin də hamı kimi bu haldan xəbəri olmuşdur.
37. Cavabdeh məhkəmə iclasında vəziyyətlə bağlı iddiaçının qaynar xəttinə məlumat verməsini bildirsə də, bu barədə kollegiyaya sübut təqdim edə bilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh mübahisəli ərazini may ayında suvardığını bildirmişdir. Lakin sonradan su olmadığı üçün suvarma işlərini apara bilmədiyini, əkinin isə ən azı 3 dəfə suvarılmalı olduğunu qeyd etmişdir. Cavabdeh müqavilə bağlayarkən ərazinin yerləşdiyi yeri və müqavilənin şərtlərini bilmiş, mövcud riski qəbul edərək həmin müqaviləni könüllü surətdə bağlamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 23 *** **** saylı “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi”nə əsəsən, cavabdeh 9 (doqquz) hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə, yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən mallar istehlakçıya qismən verilmiş, bununla da, iddiaçının ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ yaranmışır. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 5806,71 manat (beş min səkkiz yüz altı manat 71 qəpik) əsas borcu yaranmışdır.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir. Cavabdeh əsas borca görə 5806,71 manat (beş min səkkiz yüz altı manat yetmiş bir qəpik), 63 manat cərimə və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 76 manatı (yetmiş altı manat k) olmaqla, cəmi 5.945,71 manat (beş min doqquz yüz qırx beş manat yetmiş bir qəpik) pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(040)-834/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5806,71 manat (beş min səkkiz yüz altı manat yetmiş bir qəpik), 63 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 76 manat (yetmiş altı manat) olmaqla, cəmi 5.945,71 manat (beş min doqquz yüz qırx beş manat yetmiş bir qəpik) pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.