Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2379/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: Cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2392/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 30 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 1 ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı sayğaca müdaxilə edilməsi aşkar olunaraq aktlaşdırılmışdır.
2. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, Quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, həmin aktla ünvan 2i ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğac labaratoriyada yoxlanılması üçün göndərilmişdir.
3. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********01900 İddiaçı qalıq və aktlar üzrə borcu 172.80 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 172.80 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 3 ünvanında fərdi yaşayış evi var. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onlarında qaz sayğacı çöldə quraşdırlımışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbərləri olmadan qaz sayğacına ümumi baxış keçirlmiş və baxış keçirldikdən sonra adına 30 dekabr 2021-ci il tarixdə ******* saylı akt tərtib edilib. Aktda isə sayğaca ümumi baxış keçirildiyini, qazın keçdiyinin, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyini və sayğacın istismara yararsız olduğunu bildirirlər. Həmçinin aktda qeyd olunmuşdur ki, sayğacı yenisi ilə əvəz olunmalıdır və sayğacın dəyəri, dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. O, isə qaz sayğacının yeni qaz sayğacı ilə əvəz edilməsindən imtina etmişdir və həmin imtina aktda da qeyd edilmişdir. Lakin onların imtina etməklərinə baxmayaraq yenədə yeni qaz sayğacı smart kart quraşdırılmışdır. Qaz sayğacı dövlət yoxlamasından keçib gəldikdən sonra onlara məlum olmuşdur ki, qanunsuz olaraq onlara 172,80 manat məbləğində cərimə yazılmışdır. Halub ki, onun əvvəlki olan qaz sayğacından 180 manat borcu olubdur və o, həmi borcdan 100 manat ödəmişdir. Daha sonra onlara smart kart qoyulduqdan sonra o, 280 manat ödəniş edib və keçən qazın həcminin qeyd edilmədiyini və sayğacın istismara yararsız olduğundan nə onun nədə ailə üzvlərinin xəbəri olmamışdır. Onlar hər ay davamlı olaraq qaz pulundan ödəmişdirlər. Ən son qaz pulunu ödədikləri zanan onlara belə bir qaznunsuz cərimə yazıldığını biliblər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazlarını kəsmək istəyirlər. Halbu ki, o, müxtəlif zamanlarda müəyyən olunmuş məbləğ qaz pulundan ödəmişdir. Halbuki o müxtəlif zamanlarda müəyyən olunmuş məbləğdə qaz pulundan ödəmişdir. Onların qazdan az istifadə etməklərinə baxmayaraq onlara qanunsuz olaraq cərimə yazırlar və həmin cəriməni ondan tələb edirlər. Bu isə qanunsuzluqdur. Onun həmin cərim. məbləğini ödəməyə heç bir imkanı yoxdur. Akt heç bir əsası olmadan tərtib edilmişdir. Bunun üçündə qanunsuz yazılmış 172.80 manat məbləğində olan cərimənin silinməsini istəyir. Çünkü həmin cərimə qanunsuz olaraq qaz idarəsinin əməkdaşlarıının səhv hərəkəti nəticəsində yaranmışdır.
6. Bərdə Rayon Məhkəməsinin 2(021)-2392/2023 saylı mülki iş üzrə 18 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim: E.Əhmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 172.80 manat cərimənin silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2392/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yaşayan İddiaçı evinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi məlum olmuşdur. Sayğac yoxlanılarkən 14-2- 29/1710-05538-1 saylı akta əsasən G-4 markalı ******* nömrəli sayğacda keçən qazın qeyd edilməməsi müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə İddiaçı akt tərtib edilmiş və abonentə 172.80 manat borc hesablanmışdır. Məhkəmə isə iş üzrə sübutlara əsaslanmayan və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
11. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
12. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
13. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
27. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadəyə görə borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 30 dekabr 2021-ci il tarixli aktın tərtib edilməsinə əsas olan qaz sayğacında ortaya çıxmış problemin (sayğaca müdaxilənin) məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
28. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
30. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 172.80 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2392/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.