Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2384/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bərdə rayon Zümürxan kəndində anadan olmuşdur. Bərdə rayon Zümürxan kəndində qeydiyyatdadır.
2. Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №0395665 saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********01170 olan abonent İddiaçı adına olan qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir.
3. X3 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 21 fevral 2024-cü il tarixli Aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən Akta №0398720 əsasən Abonent kodu: **********01170 olan abonent İddiaçı adına olan sayğaca baxış keçirilən zaman qaz sayğacının plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilmişdir. Sayğacın istismara yararsız olduğu, sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur.
4. X3 tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********01170 olan abonent İddiaçı adına olan Bərdə rayon Zümürxan kəndində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 4320m3 kimi hesablanmışdır.
5. Abonentin saldosundan görünür ki, Abonent kodu: **********01170 olan abonent İddiaçı adına olan Bərdə rayon Şirvanlı kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2024-cü il üçün qalıq və aktlar üzrə borc 518.40 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 605.48 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. X7 onun atasıdır və o, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X10 vəfat edənə qədər birgə yaşamışlar və atasının vəfatından sonra o, həmin evdə yaşamağa davam etmişdir. Yaşadığı evin həyət darvazasının bayır tərəfində X12 İdarəsi tərəfindən G-4 markalı, 10309061 zavod nömrəli olan qaz sayğacı quraşdırılmışdır. O, evində 4 gözlü qaz pilitəsi və 1 ədəd qızdırıcı radiator işlətdiyindən qaz sərfiyyatı çox olmamışdır. Qaz idarəsinin işçiləri tərəfindən onu xəbəri olmadan qaz sayğacı dəyişdirilmişdir və əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Sonradan ona sayğacın dəyəri və cərimə yazıldığı ona məlum olmuşdur. O, həmin cəriməni qanunsuz hesab etmişdir. Ona görə ki, onlar qaz sayğacına heç bir müdaxilə etməmişlər, kim tərəfindən sayğaca müdaxilə edilməsini bilmirlər. Odur ki, yuxarıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən qanunsuz hesablanmış 605.48 manat cərimə məbləği silinməli və bu barədə məhkəmə qətnamə çıxarılmalıdır.
8. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(021)-2432/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon Zümürxan kəndində yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən “Qaz təchizatı haqqında” Qanunun 11, 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci və 4.8-ci bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini təmin edilmiş hissədə ləğv edilib, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilərək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən bəndin tələbinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı Bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərini pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bildiririk ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfin iddia tələbinə dair etirazı və sübutları təqdim edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Bərdə rayonu, Zümürxan kəndində yaşayan İddiaçı yaşadığı mənzilin qaz təsərrüfatı mərhum X5 adına rəsimləşdirilmişdir. Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən həmin mənzilə gedən qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı 10309061 nömrəli qaz sayğacına baxış zamnaı qaz qaz sayğacının plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilmişdir. Bu səbəbdəndə P.Bayramova 4320 m3 yəni (4320 m3 x 0.12 qəpik = 518.40 manat) 518.40 manat itirilmiş qaz hesablanmışdır. Lakin məhkəmə 518.40 manat itirilimiş qazın bərpası barədə məbləğin silinməsindən əlavə iddiaçının istifadə etdiyi təbii qazın 87.08 manat əlavə məbləğin silinməsilə bağlı qətnamə çıxarılmışdır. Qeyd etdiyi 518.40 manat itirilimiş qazın bərpası və 87.04 manat məbləğin əsassız olaraq silinməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmə Kollegiyasının diqqətinə iddiaçı qeyd olunan məbləğlərin hər biri üçün sübut etməli və ya sübut təqdim etməlidir. Halbuki, 518.40 manat məbləği ilə bağlı sənəd təqdim etsə də 87.08 manat məbləğlə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bu səbəbdən əsassız qətnamə çıxarılmışdır və ləğv olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiqetdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasənverilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2011-cı il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 6.5-2.-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda,baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla və 6.5-3.-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır və istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh İB-nin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, 87 manat debitor borc silinmişdir. Həmin hissədən narazıyıq. Onlar sayğacı ancaq istismar müddəti başa çatdıqdan sonra dəyişdirirlər. Kollegiyanın sullarına cavab olaraq bildirmişdir ki, əgər sayğacın istismar müddəti bitməyibsə, sayğac yararsız hala salınıbsa, abonentin öz hesabına dəyişdirilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, o, evdə olmayanda sayğacı gəlib dəyişdirilblər. O, sayğaca heç bir müdaxilə etməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
19. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
20. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
21. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar
22. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
23. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
24. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
25. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
26. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindn birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon Zümürxan kəndində yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğaca baxış keçirilən zaman qaz sayğacının plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilmişdir. Sayğacın istismara yararsız olduğu, sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Lakin sayğacın istismara yararsız hala salınmasında abonent İddiaçı hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin vəziyyətin məhz iddiaçı tərəfindən törədilməsi halı sübuta yetirilməmişdir.
40. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X6 verdiyi izahatını araşdıraraq müəyyən etmişdir ki, apellyator apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, birinci instansiya məhkəməsi cərimədən əlavə 87.08 manat borcu silmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən də, narazıdırlar. Çünki həmin borc abonentin özünün istifadə etdiyi qaza görə hesablanmışdır. Həmin borcun nə cərimə məbləği, nə də ki, itirilmiş qaz sərfiyyatına görə yazılmış borca aidiyyatı yoxdur.
42. Məhkəmə kollegiyası təqdim edilmiş sənədləri tətqiq edərək müəyyən etmişdir ki, abonenti İddiaçı 4320 m3 yəni (4320 m3 x 0.12 qəpik = 518.40 manat) 518.40 manat itirilmiş qaz hesablanmışdır. Lakin məhkəmə 518.40 manat itirilimiş qazın bərpası barədə məbləğin silinməsindən əlavə, 87.08 manat əlavə məbləğin silinməsi ilə bağlı qətnamə çıxarmışdır. Lakin iddiaçı həmin məbləğin nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Digər tərəfdən, idiaçının tələbi təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında ona hesablanmış cərimənin silinməsindən ibarət olmuşdur ki, həmin məbləğ də, 518.40 manat təşkil edir.
43. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur. Lakin birinci instansiya məhkəməsi abonent İddiaçı tələb etdiyi 87.08 manat borcu silməkdə haqlı olmamışdır.
44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına tam uyğun olmamışdır. Odur ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmiş hallar üzrə qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********01170) hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə borcunun silinməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********01170) hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.