Məhkəmə qərarları › İş №2(104)-2405/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2405/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2405/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3053/2024 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh Elbrus oğluna qarşı “2900 manat pulun və 49 mant ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3053/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və mövqeyini onunla əsaslandırmışdır ki, ərizədə borclunun qeydiyyat ünvanı – xx.xx.2020-ci il tarixdə işğaldan azad edilmiş, hazırda onun yaşamadığı ünvan 1 ünvan göstərilməmiş, həmçinin faktiki yaşadığı ünvanı təsdiq edən müvafiq arayış iş materiallarına əlavə olunmamışdır. Belə olan halda cavabdehə məhkəmə sənədlərinin çatdırılması, onun məhkəməyə dəvət olunması, qətnamə çıxarılacağı təqdirdə onun surətinin cavabdehə göndərilməsi və iddia təmin olunacağı halda qətnamənin icra edilməsi qeyri mümkün olacaqdır. Bundan başqa məsələnin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair iddiaçının cavabdehə ünvanladığı məktubun cavabdehə çatdırılması barədə sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak erdən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi sığorta tələbinin geri qaytarılması qanundan gələn tələbdir. Nə müqavilə nə də müqaviləyə bənzər iş deyildir. Digər hala münasibətdə isə Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Şikayətə baxmış Ağdam Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmiş və mövqeyini xx.xx.2024-cü il tarixli, e-2(013)-3053/2024 nömrəli qərardadında nümayiş etdirdiyi mövqeyə uyğun əsaslandırmışdır. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsinə aid digər tələblərlə yanaşı cavabdehin və işdə iştirak edən digər şəxslərərin həm faktiki, həm də qeydiyyat ünvanlarının göstərilməsinə dair qanunvericiliyin tələbləri qətidir. Mübahisə predmeti olan qərardaddan müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin faktiki ünvanı barədə məlumat verilməməsi ilə bağlı iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin faktiki ünvanını qeyd etməmiş və iş materiallarında cavabdehin faktiki yaşayış yeri barədə məlumat mövcud deyildir. İddia tələbinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət olunmasına dair qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən riayət olunmasına baxmayaraq, iddiaçı iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət etməmişdir. İddiaçı Ağdam Rayon Məhkəməsinin mübahisə predmeti olan qərardadının bu hissəsi ilə razılaşmamasını Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsi ilə əsaslandırır. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə (məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi) əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi, iddiaçının istnad etdiyi norma məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsini tənzimləyir ki, bu norma iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməməsinə şərait yaratmayaraq işin məhkəmənin icraatına qəbul edildikdən sonraya aid prosessual qaydaları müəyyən edir. Bəlli olduğu kimi, Ağdam rayonu, Əliağalı kəndi xx.xx.2020-ci il tarixdə işğaldan azad edilmiş və həmin ərazidə yaşayış mövcud deyildir. Cavabdehin qeydiyyat ünvanı üzrə yaşamaması mübahisəsiz haldır. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə əməl edərək cavabdehin faktiki yaşayış yeri barədə məlumatı məhkəməyə təqdim etməlidir ki, çəkişmə prinsipinin təmin edilməsi mümkün olsun. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin formasına və məzmuna dair tələblərə dair qanunvericiliyə dəyişiklik xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş və qanunvericiliyin tələblərinə riayət edilməsi Azərbaycan Respublikasının ərzazisində yaşayan bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Qərardaddan şikayətin digər dəlili ondan ibarətdir ki, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sığorta tələbinin geri qaytarılması qanundan irəli gələn tələbdir. Nə müqavilə nə də müqaviləyə bənzər iş deyildir. İddiaçının şikayətinin bu dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı iddia qanundan irəli gələn tələbdir. Lakin, məhkəmələr tərəflər arasında yaranmış mübahisəni həll etdiyindən tərəflər arasında yaranmış münahisə və onun yaranmasının əsasları məhkəmə üçün aydın şəkildə görünməlidir. Belə olan halda iddiaçının subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı dəymiş zərərin ödənilməsi üçün ilk öncə cavabdehə müraciət olunması mübahisənin mövcud olmasını təsdiq edəcək və ya mübahisənin məhkəmədən kənar həll olunması ilə nəticələnəcəkdir. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin mübahisə predmeti olan qərardadı qanunvericiliyin tələblərinə uyğun olduğundan və şikayətin dəlilləri əsasız olduğundan şikayət təmin edilməməli və barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3053/2024 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3053/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar