Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2409/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh1 və Şəmkir rayon Dövlət Notariat Konturuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(076)-3664/2018 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X4 arasında 13 sentyabr 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(076)-3664/2018 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, mərhum X4 ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(076)-3664/2018 nömrəli qərardadı (hakim Şəfəq Məmmədova) ilə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh1 və Şəmkir rayon Dövlət Notariat Konturuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(076)- 3664/2018 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, apellyasiya şikayətində göstərdiyi kimi onlar apellyasiya şikayətini qətnaməni rəsmi qaydada aldıqdan sonra 1 ay müddətində vermişlər və belə olan halda müddətin bərpa edilməsinə dair vəsatətin verilməsinə ehtiyac yoxdur. Şəmkir Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(076)-3664/2018 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)-2409/2023 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(076)-3664/2018 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması üçün, mülki işin Gəncə Apellyasiya Məhkəməsinin binasında 18 oktyabr 2023-ci il tarixdə saat 11:00-da açıq məhkəmə iclasında baxılmağa təyin edilməsi, tərəflərə işə baxılma yeri və vaxtı barədə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, izahatında göstərmişdir ki, qərardad əsassızdır. Belə ki, apellyasiya şikayətində göstərdiyi kimi onlar apellyasiya şikayətini qətnaməni rəsmi qaydada aldıqdan sonra 1 ay müddətində vermişlər və belə olan halda müddətin bərpa edilməsinə dair vəsatətin verilməsinə ehtiyac yoxdur. Ona görə də, şikayətin təmin edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş üzrə digər iddiaçılar İddiaçı1, X3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(076)- 3664/2018 nömrəli qərardadı tam və Şəmkir Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(076)-3664/2018 nömrəli qərardadı qismən ləğv edilməli, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı “qətnamənin surətinin rəsmi qaydada verildiyi” vaxtdan hesablandığına görə, “qətnamənin rəsmi qaydada verilməsi” anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə iddiaçılar İddiaçı1, X2, Cavabdeh1 və Şəmkir rayon 1 saylı Notariat Konturuna göndərilməsi barədə məktub yazılmışdır. Həmin məktub xx.xx.2018-ci il tarixdə iddiaçı X3 tərəfindən məhkəmə qəbzinə şəxsən imza etməklə əldə edilmişdir. Lakin, qeyd olunan qətnamənin Cavabdeh1 rəsmi qaydada təqdim edilməsi barədə MPM-nin 135.2 və ya 135.3-cü maddələrində müəyyən olunan sübutlar iş materiallarında yoxdur. Bu baxımdan işin halları araşdırıldaqda görünür ki, Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsini almasına dair qəbz və ya xəbərnamə iş materiallarında mövcud deyil. Bu da o deməkdir ki, ona qətnamənin surətinin MPM-nin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş qaydada verilmiş hesab edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Göründüyü kimi, Cavabdeh1 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Bu səbəbdən də Cavabdeh1 apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən prosessual müddətin bərpasına dair ərizənin verilməsinə ehtiyac qalmamışdır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Göründüyü kimi, birinci instansiya məhkəməsi apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etməməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(076)-3664/2018 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkurun Belçikaya qarşı” işi üzrə Qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll olunmalı məsələni həll etmək səlahiyyəti vardır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(076)-3664/2018 nömrəli qərardadı tam və Şəmkir Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(076)- 3664/2018 nömrəli qərardadı qismən ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(076)-3664/2018 nömrəli qətnaməsi Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2409/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2409/2023
18.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver