Məhkəmə qərarları › İş №2(104)-2414/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2414/2023

25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2414/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X5) qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(125)- 2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh (üçüncü şəxs X5) qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun mərhum atası X6 vəsiyyət üzrə vərəsəsi tanıyıb, mirası qəbul edən şəxslər mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onu və qanun üzrə vərəsə kimi anasının hüququnu tanıyıb, cavabdehin qanunla mirası qəbul etmək üçün müəyyən edilmiş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onun miras əmlaka olan hüququnun itirilmiş hesab ediməsi və miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onun və qanun üzrə vərəsə kimi anasının miras əmlakda olan məcburi pay hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, mərhum X4 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka İddiaçı 4/6 hissədə, X2 isə 1/6 hissədə miras payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X3 vəkili X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə, apelyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili X1pellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh, cavabdehin nümayəndəsi X9 və onun vəkili vəkili X7, üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Cavabdeh nümayəndəsi X3 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər salınan zaman müəyyən edilir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, şikayəti tərtib etmiş və imzalamış vəkilin isə iş materiallarında iddiaçının adından kassasiya şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikasının MPM-in 363.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, şikayəti tərtib etmiş və imzalamış vəkilin isə iş materiallarında iddiaçının adından kassasiya şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnamə verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, cavabdehin nümayəndəsini apellyasiya şikayətini imzalamaqla yenidən birinci instansiya məhkəməsinə müraciət etmək hüququndan məhrum etmir. Çünki, Azərbaycan Respublikasının MPM-in 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2414/2023 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar