Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-242/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi; kompensasiya məbləği. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(076)-3912/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən ümumi sahəsi 173.8 kv.m. olan fərdi yaşayış evi üzərində İddiaçı tam, 0.1399 hektar torpaq sahəsi üzərində isə X2, X3, X5 və X1 ilə ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır;
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(076)-3379/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh Alisiya, Günay və Nofəl adlı uşaqları ilə birlikdə Şəmkir rayonu Şiştəpə kəndində xx.xx.2011-ci il tarixli, A 346962 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir;
3. X9 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 10 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evlərin aylıq kirayə haqqı 100-150 manat arasında dəyişir;
4. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-14/2-xx-xx-2024 nömrəli məktubundan görünür ki, cari il üçün Şəmkir rayonu Şiştəpə kəndində 2 otaqlı yaşayış evi üçün aylıq kirayə haqqının miqdarı orta hesabla 150-200 manat civarında dəyişir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 10000 manat kompensasiya ödənilməklə mülkiyyət hüququ ilə ona məxsus Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona məxsus Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə evə köçürülməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və cavabdeh ona məxsus evə köçürülmüşdür. Qeyd edir ki, sözügedən ev ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çixarış əsasında onun adına qeydə alınaraq texniki pasport və dövlət reyestrindən Çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı 7000 (yeddi min) manat kompensasiya qarşılığa evdə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda cavabdehin ona məxsus evdə yaşaması onun öz mülkiyyətində olan evdən istifadə hüququna məhdudiyyət yaradır. O, cavabdehə evindən istifadə hüququnun əvəzinə 10000 manat kompensasiya ödəmək istəyir. Lakin, cavabdeh həmin məbləğdə pulu alıb evdən çıxmaqdan imtina edir. Cavabdehin onun evində qalması tez-tez ailə daxili ziddiyyətlər yaradır, yersiz söz-söhbətlərə səbəb olur. Onun bu hərəkətləri səbəbindən əsəbləri pozulmuşdur. Eləcə də cavabdehin onun evində yaşaması nəticəsində onun öz əmlakından istifadə hüquqları pozulur. Onunla bir evdə yaşamaq mümkün deyildir.
7. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 10.000 (on min) manat kompensasiya verilməklə onun İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, kompensasiyanın verilməsi ilə evdən çıxarılma eyni vaxtda icra edilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdıra aparılmış vəişin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ev kəndin mərkəzində yerləşir, evin bazar qiyməti 100000 manatdan çoxdur. Bu səbəbdən ona təklif olunan kompensasiya evin real dəyərinə uyğun deyildir. Lakin, iddiaçı həmin real dəyəri gizlətmiş və bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təklif edilən məbləğ ilə heç bir il kirayədə yaşamaq mümkün deyildir. Buna görə də hesab edir ki, ona və üç nəfər azyaşlı uşağının istifadəsinə verilmiş mübahisəli mənzil ekspertizaya təqdim olunmalı, həmin evin hazırkı real bazar qiyməti müəyyən olunmalı idi. Hesab edir ki, iddiaçı onlara, ona və üç azyaşlı uşağına 50000 manat kompensasiya verməlidir. İddiaçı tərəfindən verilən 10000 manat pul təklifi bu hüququnun xitamına əsas ola bilməz. Çünki, onun iş yeri yoxdur, maddi və sosial durumunun imkan vermir ki, o himayəsində olan uşaqla mənzillə təmin olunmasını reallaşdıra bilsin.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2024-cü il tarixli 2(104)-22/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması; İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və onun evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
13. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(102)-3149/2024 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-22/2024 nömrəli, 03 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi; İşin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2019-cu ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf mübahisəli evə dair iddiaçının adına verilmiş çıxarışı məhkəmədə mübahisələndirmiş və həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Beləliklə, hazırkı işə baxılması beş ildən artıq müddət ləngimişdir. Cavabdeh tərəf bilirdi ki, hazırkı iddia əsasında mübahisəli fərdi yaşayış evindən çıxarılacaqdır. Ona görə də əsassız iddia irəli sürməklə daha uzun müddət evdə yaşamağa çalışmış və buna nail olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim etdikləri Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evlərin aylıq kirayə haqqı barədə arayışlarda evlərin kirayə haqqının 150-200 manat civarında olduğu müəyyən edilir. İddiaçı isə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi müqabilində 10000 manat kompensasiya məbləği təklif edir. Hansı ki, həmin məbləğdə kompensasiya cavabdeh və himayəsindəki yetkinlik yaşına çatmayan uşaqlaın mənzil ehtiyaclarını 50 ay müddətdə qarşılamağa imkan verir. Onsuzda işin icraatı dayandırıldığından işə baxılması yubanmışdır və iddiaçı uzun müddət ərzində mülkiyyətində olan əmlakdan sərbəst istifadə etmək imkanlarını itirmişdir. Cavabdeh tərəf kompensasiya məbləğinin az olduğunu bildirsə də, lakin bu dəlillərini əsaslandıra bilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. Cavabdeh 2007-ci ildə iddiaçının oğlu Elmar İbrahimovla ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 3 uşağı vardır. Daha sonra cavabdeh ilə əri arasında mübahisələr olduğu üçün ayrılmışlar. Şəmkir rayonu Şiştəpə kəndində yerləşən ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(076)-3379/2018 saylı qətnaməsi ilə Cavabdeh Alisiya, Günay və Nofəl adlı uşaqları ilə birlikdə Şəmkir rayonu,Şiştəpə kəndində xx.xx.2011-ci il tarixli, A 346962 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda cavabdeh mübahisəli əmlakda yaşayır və iddiaçı kompensasiya verilməklə cavabdehin onun mülkiyyətində olan əmlaka istifadə hüququna xitam verilməsini mübahisələndirir.
34. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 23 sentyabr 2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya kompensasiyanın məbləğinin 15000 manat müəyyən edilməsini təklif etdiyini göstərmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinin kompensasiyanın məbləğinin 15000 manat olmasını nə ilə müəyyən etməsi qətnamədən görünmür. Üstəlik, həm birinci həm də apellyasiya baxışında təqdim edilən arayışlarda Şiştəpə kəndindəki (2 otaqlı) evlərdə icarə haqqının orta hesabla 150- 200 manat civarında olması göstərilib. Analoji işlərdə kompensasiyanın məbləğini müəyyən edərkən nəzərə alınmalı olan meyarlardan biri də oxşar ərazidə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının məbləğidir. Təcrübədə işin bu halı da bir qayda olaraq müvafiq sübutlar, məsələn, kirayə haqqı ilə bağlı rieltor firmalarının arayışı, internet resurslarında kirayə mənzil bazarındakı qiymətlər və s. əsasında müəyyən edilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi 10000 manat kompensasiya ilə razılaşmadığını göstərsə də, onun kirayə haqqı ilə bağlı təqdim etdiyi sübuta – arayışa qiymət verməmiş, həmin sübutu rədd etmək üçün də heç bir əsaslandırma aparmamışdır. İşə baxan məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən edərkən, bütün hallarda bunu prosessual qanunverciliyin ümumi prinsiplərinə uyğun olaraq sübutlar əsasında müəyyən etməlidir. Qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsinin hazırkı işdə kompensasiyanın məbləğinin 15000 manat olmasını müəyyən edərkən bunu hansı sübut əsasında müəyyən etdiyini göstərməmişdir. Həmçinin, apellyasiya baxışının protokolundan da oxşar ərazidə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının nə qədər olması ilə bağlı hər hansı araşdırma aparılması, tərəflərin bu barədə sorğu-sual edilməsi görünmür.
35. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
36. İddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
37. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir.
38. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
39. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
40. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
41. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
42. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, X9 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 10 nömrəli arayışla Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evlərin aylıq kirayə haqqı 100- 150 manat; Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-14/2-xx-xx-2024 nömrəli məktubu ilə də Şəmkir rayonu Şiştəpə kəndində 2 otaqlı yaşayış evi üçün aylıq kirayə haqqının orta hesabla 150-200 manat civarınnda dəyişdiyi müəyyən edilir. Kollegiya kirayə haqlarının təqribi rəqəmlər olduğunu nəzərə alaraq hesab edir ki, oxşar yaşayış sahəsinin kirayə haqqı (maksimum həddə) 200 manat qəbul edilməlidir.
43. Beləliklə, iddiaçının təklif etdiyi 10000 manat kompensasiya məbləği ilə cavabdehin başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 4 ildən artıq müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kollegiya, həmçinin qeyd etməyi zəruri sayır ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı iddianın həlli baxımından əhəmiyyətli deyildir.
44. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
45. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafəsi mexanizmlərini dəqiqləşdirir. Kollegiya hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.
46. Məhkəmə kollegiyası həmçinin apellyatorun «ev kəndin mərkəzində yerləşir, evin bazar qiyməti 100000 manatdan çoxdur. Bu səbəbdən ona təklif olunan kompensasiya evin real dəyərinə uyğun deyildir» barədə arqumentlərini əsassız hesab edir. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Mübahisəli evin aylıq kirayə haqqı barədə arayışı şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki cavabdeh istinad etdiyi halların təsdiqi barədə hər hansı sübut təqdim etməmişdir.
47. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(076)-3912/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.