Məhkəmə qərarları › İş №2(104)-2428/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2428/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2428/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 256,90 manat əsas, 38,50 manat cərimə, ümumilikdə 295,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə 527,18 manat dəyərində “XİAOMİ” markalı iki ədəd telefon satılmışdır. Cavabdeh müddətli nisyə alqı-satqı müaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında 256,90 manat əsas borc, gecikdirilmiş olaraq isə 385 manat borcu yaranmışdır. Tərəflərindən gecikdirilmiş borcun məbləğinə 90% güzəşt tətbiq edilərək 38,50 manat cərimə məbləği müəyyən edilərək ümumilikdə isə cavabdehdən 295,40 manat tələb edilir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləği dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin qızıl zəmanət talonunun şərtləri ilə tanış olmadığına və alıcı qrafasında imza yerinin boş olduğuna əsaslanaraq, cavabdehin iddiaçı tərəfindən həmin şərtlərlə tanış edilmədiyi qənaətinə gəlmiş və iddia ərizəsini rədd etmişdir. Halbuki, məhsul müştəriyə qızıl zəmanət talon şərtləri ilə tanış olduqdan və imzası ilə təsdiqləndikdən sonra təhvil verilir. Qeyd olunan qızıl zəmanət talonu məhsulda qüsur olması halında servisə rəsmi müraciət olunması məqsədilə müştəriyə təhvil verilir.Qızıl zəmanət talonunun əsli cavabdehdə olduğundan onlar tərəfindən məhkəməyə təqdim olunması qeyri-mümkün olmuşdur. Cavabdeh məhsulu alarkən cihaza "xxxx" MMC-nin Avtorizə olunmuş Servis mərkəzininin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə olunduğu halda, qızıl-zəmanət talonunun qüvvədən düşməsi ilə bağlı məlumatlı olmuşdur.Məhsula servis mərkəzi tərəfindən baxış keçirilərkən cihaza daha əvvəl kənar şəxslər tərəfindən müdaxilə olunduğu müəyyən olunmuş, qeyd olunan faktla bağlı fotoşəkillər çəkilərək texniki rəy tərtib olunmuşdur. Qızıl zəmanət talonunun 3.1-ci bəndinə əsasən, məhsula "xxxx" MMCnin Avtorizə olunmuş Servis mərkəzininin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə olunduğu halda, qızıl-zəmanət talonunu qüvvədən düşmüş hesab olunur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh telefonu alandan 6 ay sonra müraciət etmiş, lakin telefon başqa servisdə açıldığı üçün qəbul etməmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, İddiaçı MMC -dən iki telefon almış, hər iki telefon 6 ay ərzində telefonlar xarab olmuşdur. O, telefonu "xxxx" MMC-nin texniki servisinə aparmış, telefonu düzəltmişlər, lakin yenidən telefon xarab olmuşdur. Ona görə də, ikinci telefonu başqa servisə aparmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsi və onun 1 saylı əlavəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə dəyəri 527,18 manat olan «XİAOMİ REDMİ 9A» markalı 2 ədəd mobil telefon satılmışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müştəri Cavabdeh aldığı 527,18 manat dəyərində telefon üçün aylıq 30 manat, son ayda isə 17,2 manat pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMCnin müştərisi olan Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 256,90 manat əsas, 385,00 manat cərimə, cəmi 641,90 manat borcu yaranmışdır. xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. qızıl zəmanət talonundan görünür ki, alınan mala görə İddiaçı tərəfindən yaranmış qüsura, istehlakçı tərəfindən yaranmış qüsura, batareya, ekran, aksesuarlar adapter, qulaqcıqlar, birləşdirici kabelə zəmanət verilir. Qızıl zəmanət verilmir: Məhsul İddiaçıin və şirkətlərin Avtorizə olunmuş Serviz mərkəzinin mütəxəssislərindən başqa hər hansı kənar şəxs tərəfindən təmir edilmişsə, bu barədə təsdiqedici sənədlər təqdim edilmədikdə və təmirin keyfiyyətsizliyi nəticəsində məhsula zərər dəyibsə, korpus, şəxsi hesab (Account) açılması. Qızıl zəmanət müddəti 12 aydır. Texniki rəydə Cavabdeh tərəfindən təqdim edilən XİAOMİ REDMİ 9A markalı mobil telefonun iddia olunan qüsurunun ekran sınması olduğu qeyd edilib. Nəticə hissəsində isə cihaza İrşad servisindən kənar yerdə müdaxilə olunduğu qeyd edilib. Zəmanət öhdəliklərinin qeyd olunan hallara şamil edilmədiyi qeyd edilib və rəyə şəkillər əlavə edilib. Təqdim edilmiş fotoşəkildə isə mobil telefonun korpusunda işarələnmiş yerdə balaca dəlik görsənir. İş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında elektronika avadanlığının nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən "xxxx" MMCdən 18 ay müddətinə dəyəri 527,18 manat olan «XİAOMİ REDMİ 9A» markalı 2 ədəd mobil telefon nisyə qaydada almışdır. Cavabdeh bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcdan 270,2 manat ödəniş etmiş, ödənilməmiş 256,9 manat, cərimə üzrə 385 manat olmaqla, cəmi 641,90 manat borcu qalmışdır. Tərəflərindən gecikdirilmiş borcun məbləğinə 90% güzəşt tətbiq edilərək 38,50 manat cərimə məbləği müəyyən edilərək ümumilikdə isə cavabdehdən 295,40 manat tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı müqavilələrin şərtlərinə əməl etməyərək, aldığı elektronika avadanlığının dəyərini ödəməmiş, bununla da üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməməsi nəticəsində iddiaçıya müqavilə üzrə cəmi 295,40 manat borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Cavabdeh apellyasiya dəlillərində aldığı məhsullarda qısa müddət sonra qüsurların yarandığını və müraciət etməsinə baxmayaraq, iddiaçı tərəfindən aradan qaldırılmadığını göstərsə də, bu barədə şikayətinə heç bir sübut növü əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 589.2-ci maddəsinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3-cü maddəsinə görə, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 595.1-ci maddəsinə görə, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. İş materiallarında göründüyü kimi, qızıl zəmanət talonu məhsulda qüsur olması halında servisə rəsmi müraciət olunması məqsədilə müştəriyə təhvil verilir. Cavabdeh məhsulu alarkən cihaza "xxxx" MMC-nin Avtorizə olunmuş Servis mərkəzininin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə olunduğu halda, qızıl-zəmanət talonunun qüvvədən düşməsi ilə bağlı məlumatlı olmuşdur. Məhsula servis mərkəzi tərəfindən baxış keçirilərkən cihaza daha əvvəl kənar şəxslər tərəfindən müdaxilə olunduğu müəyyən olunmuş, qeyd olunan faktla bağlı fotoşəkillər çəkilərək texniki rəy tərtib olunmuşdur. Halbuki, Qızıl zəmanət talonunun 3.1-ci bəndində təsbit edilmişdir ki, məhsula "xxxx" MMC-nin Avtorizə olunmuş Servis mərkəzininin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə olunduğu halda, qızıl-zəmanət talonunun qüvvədən düşmüş hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən gecikdirilmiş günlərə cəmi 385 manat məbləğində cərimə hesablanaraq, onun 90%-i olan 38,50 manat cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası borclu Cavabdeh götürdüyü telefonlarda qüsurlar yaranmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi 38,50 manat cərimə məbləği hissəsində qismən, yəni 3 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 256.90 (iki yüz əlli altı manat doxsan qəpik) manat əsas borc, 3 manat cərimə, cəmi 259.90 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(021)-1826/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 256.90 (iki yüz əlli altı manat doxsan qəpik) manat əsas borc, 3 manat cərimə, cəmi 259.90 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC -nin xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar