Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2434/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X2 və cavabdehin digər nümayəndəsi X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(076)-1449/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ünvan 1 ünvanda 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini tikdirmişdir. ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrə nişanlı reyestrdən çıxarışa əsasən onun tam mülkiyyətində olmuşdur. İddiaçı Vaqif Səfərov küçəsi, 22 nömrəli ünvanda 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh bağışlama müqaviləsi əsasında vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir şəhəri, **********50- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən, tam mülkiyyət hüququ üzrə 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99.3 kv.m yaşayış sahəsi olan 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh bağışlaması vədindən imtinanın qəbul edilməsi və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0,05 ha həyətyani torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini tikdirmişdir. ƏMDK yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrə nişanlı reyestrdən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Ailədə olan narazılığa görə o, Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli fərdi yaşayış evini alqısatqı yolu ilə alıb, o vaxtdan həmin evdə yaşayır. Oğlu Cavabdeh ilə şifahi razılaşıblar ki, onun xüsusi mülkiyyətində olan, həmin evi Raminə bağışlayacaq, əvəzində Ramin ona ölənə kimi baxacaq, mütamadi olaraq maddi cəhətdən yardım göstərəcəkdir. Lakin oğlu Ramin 2022-ci ilin sentyabr ayından Rusiya Federasiyasına işləməyə getmiş, bu günə kimi ona heç bir maddi yardım etməmiş, hətta pul göndərmək əvəzinə ona zəng edərək bir daha gəlməyəcəyini bildirmişdir. O, xəstədir, heç bir yerdə işləmir, aldığı pensiya işıq pulunu, qaz pulunu və dərman pulunu ödəmir. Ona görə də başa düşmüşdür ki, oğlu Ramin onu aldadır, ona yardım göstərməyəcəkdir. Belə olan halda hesab edir ki, mülkiyyətində olan Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli fərdi yaşayış evinin oğluna bağışlama müqaviləsini ləğv etməlidir. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(076)-1449/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş.Məmmədova) iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh arasında Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notarius Kontorunda 12 aprel 2022-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması vədindən imtinasının qəbul edilməsi və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı xx.xx.2022-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Aralarında bu barədə eyni tarixli bağışlama müqaviləsi bağlanmışdır. İddiaçının ona məxsus mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evini oğluna bağışlama yolu ilə hədiyyə verməsində məqsəd oğlu Raminin ona ölənə kimi baxacağı, qayğı göstərəcəyi, mütamadi olaraq maddi cəhətdən yardım göstərəcəyi olmuşdur. Cavabdeh isə ona heç bir qayğı, köməklik göstərməmiş, onunla maraqlanmamış, onu atıb Rusiya Federasiyasına getmiş və ona maddi yardım etməmişdir. İddiaçı cavabdehə bağışlama vədindən imtina barədə cavabdehə bildiriş də göndərmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona iddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında bağışlanması vəd edilən əmlakı mülkiyyətinə keçirməmişdir. Həmçinin müqavilə bağlanarkən -hədiyyə alan (iddiaçının oğlu) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, 12.04.22-ci il tarixdə iddiaçı ilə aralarında Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. O, hədiyyəni qəbul etmişdir. DƏDRX-nin 04.05.22-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışına əsasən ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 99,30 kv.m sahəyə malik ev onun xüsusi mülkiyyətinə verilmişdir. Müqavilə bağlanarkən iddiaçı tərəfindən onun qarşısına heç bir öhdəlik qoyulmamışdır. Ev Şəmkir şəhərində yerləşir, iddiaçı isə Sabirkənd kəndindən bir qədər aralıda yerləşən fermada yaşayır və işləyir, yeni ailəsi var. Müqavilədən də görünür ki, ev və torpaq ona bağışlanarkən iddiaçı heç bir şərt irəli sürməmiş və onun üzərinə heç bir vəzifə qoymamışdır. Müqavilənin bağlanmasından bir ildən də artıq vaxt keçmişdir. İddiaçının müqaviləni ləğv etdirməkdə məqsədi ondan ibarətdir ki, o, hazırda faktiki yaşadığı qadına söz vermişdir ki, torpağı sataraq ona maşın alacaqdır. Lakin, o bağışlama müqaviləsinin ləğv edilməsi üçün zəruri olan 1 illik müddəti ötürmüşdür. Müqavilə onun və iddiaçının iştirakı ilə notariusda, ona heç bir təzyiq göstərilmədən öz iradəsi ilə bağlanmışdır. Ona görə də məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi tamamilə qanunsuz və əsasızdır. Məhkəmədə iddiaçıdan başqa heç kim iştirak etməmiş, nə sübutlar tədqiq olunmuş, nə də şahidlər dindirilmişdir. Belə olduğu halda, məhkəmə, hansı sübutlara əsaslanaraq tələbi əsaslı hesab etmişdir, bu məlum deyildir. Yəni, məhkəmə qanunun tələblərini pozaraq iddia tələbini yalnız iddiaçının mülahizəsinə əsasən və heç bir hüquqi qüvvəsi olmayan reyestrdən çıxarışa əsasən təmin etmişdir, işdə başqa heç bir sübut növü yoxdur. Qətnamədə qeyd olunur ki, o, bağışlanmış daşınmaz əmlakı qəbul etməmişdir. Məhkəmədə iştirakı təmin olunsaydı, evin və torpağın onun xüsusi mülkiyyətində olmasına dair sənədləri təqdim edə bilərdi. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh nümayəndəsi (vəkili) X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasını vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Maddə 673.1. Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı xx.xx.2022-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Aralarında bu barədə eyni tarixli bağışlama müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən də görünür ki, İddiaçı Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 ünvanında yerləşən ümumi sahəsi 99.3 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Cavabdeh hədiyyə etməklə onun mülkiyyətinə vermişdir. Belə ki, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək oğlu Cavabdeh bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışı əsasənda onun adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdeh ona iddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında bağışlanması vəd edilən əmlakı mülkiyyətinə keçirməmişdir. Həmçinin müqavilə bağlanarkən -hədiyyə alan (iddiaçının oğlu) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuşdur. Odur ki, məhkəmə kollegiyası bildirir ki, məhkəmə tərəfindən qətnamədə mübahisələndirilən daşınmaz əmlakın cavabdehin mülkiyyətinə keçmədiyi göstərilsə də iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki ünvan 3 ünvanındakı daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası əlavə olaraq cavabdehin üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin (iddiaçı) barəsində kobudcasına pozmasına münasibətdə bildirir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın görünür ki, müqavilə bağlanarkən hər hansısa şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi qeyd olunmamışdır. Həmçinin hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bağışlama müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Yəni qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur. İşin hallarından görünür ki, cavabdeh tərəfindən ailə hüququ münasibətlərinə əsasən üzərinə düşən vəzifələri kobudcasına pozmasını göstərən hallar aşkarlanmamışdır. Odur ki, hazırki iş üzrə iddiaçı cavabdehin ona qarşı laqeyd davranmasını, onun qayğısına qalmamasını, maddi və mənəvi kömək göstərməməsini əsas gətirərək bağışlama müqaviləsinin ləğv edilməsini tələb etsə də məhkəmə kollegiyası hesab edir ki, bu hallar özlüyündə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı barəsində “kobudcasına” pozması kimi qiymətləndirilə bilməz və bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas sayıla bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1449/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2434/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2434/2023
07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver