Məhkəmə qərarları › İş №2(104)-2437/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2437/2023

03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2437/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(023)- 863/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz sayğaclarının kütləvi əvəzlənməsi zamanı ona məxsus sayğacı sökmüş, sonradan akt tərtib etmişlər ki, dəyişdirilmiş köhnə sayğaca müdaxilə olunubdur. Lakin, bu həqiqətə uyğun deyil. Onun qaz sayğacı həyətyanı sahədən kənarda yerləşir. Qeyd etmək lazımdır ki, sayğaca laborator baxış keçirən müstəqil deyil və “Azəriqaz” İB-nin orqanıdır. Sayğaca laborator keçırilən istehlakçı kimi onun iştirakı təmin edilməyib ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Yəni heç bir əsas olmadan ona cərimə yazılmışdır. Hətta müdaxilə olmuş olsa belə müdaxilədə kimin təqsiri olduğu izah edilməlidir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlamasına “Azəriqaz” İB cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməyib. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-863/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1036.80 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus G4 markalı, **********8 nömrəli sayğac çıxarılmış və İtron markalı, **********286 nömrəli sayğacla əvəz edilmişdir. Çıxarılan sayğacın son göstəricisi 4560 kubmert qeyd olunmuşdur. «Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2- 2/3-5-342-1 nömrəli rəydən görünür ki, **********8 nömrəli sayğaca baxış keçirilərkən sayağcın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi müəyyən olunmuşdur. Sayğac istismara yararsızdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-342-1 nömrəli rəyinə vurulmuş zərərin hesablanması nəticəsinə gəlinmişdir. 27 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=8640 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(023)-863/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-863/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin yanvar ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin yanvar ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus G4 markalı, **********8 nömrəli sayğac çıxarılmış və İtron markalı **********286 nömrəli sayğacla əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək «Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-342-1 nömrəli rəyinə əsasən **********8 nömrəli sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi və sayğac istismara yararsız olduğu müəyyən olunmuş, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etməklə iddiaçıya 8640 kubmetr həcmində, 1036,8 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus G4 markalı, **********8 nömrəli sayğac çıxarılıb yenisi ilə əvəz edilsə də sayğacın əvəzlənmə səbəbi aktda qeyd olunmamışdır. Həmçinin, akta sıxarılan sayğacın son göstəricisi 4560 kubmert qeyd olunsa da iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, 2022-ci ilin dekabr ayında sayğacın göstəricisi 4716 kubmetr olmuşdur. Bundan başqa abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi qəbul edildiyi təqdirdə belə sayğacın istismara yararsız olması da anlaşılan olmamışdır. Belə ki, sayğac o zaman istimara yararsız hesab oluna bilər ki, onun hesablama mexanizmi və ya digər əsas elementləri zədələnmiş və ya korlanmış olsun. Plombun əzilməsinin sayğacın işlək vəziyyətdə olmamasına səbəb olması isə anlaşılan olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-863/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-863/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar