Məhkəmə qərarları › İş №2(104)-2441/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2441/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2441/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kirayə müqaviləsinin etibarsız sayılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi (arvadı) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı kirayə müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2231/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın alqı-satqısı barədə AN İ ******* saylı müqavilədən görünür ki, satıcı X13 tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m. olan mənzil 3000 manat müqabilində alıcı İddiaçı satılmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,1 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Tovuz rayon Mənzil İstismar Sahəsinin rəisi ilə Cavabdeh2 arasında 23 oktyabr 2008-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan bir otaqlı mənzil sonuncuya kirayə haqqı ödəməsi müqabilində kirayəyə verilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.

5. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-362 nömrəli qərardadından görünür ki, İddiaçı iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 480/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi mümkün sayılmamışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun (həm maşın, həm piyada üçün nəzərdə tutulan yol) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin Cavabdeh2 vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 2073/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-108/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-108/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edimiş və iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Tovuz rayon Mənzil İstismar Sahəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, habelə, saxtakarlıq törətmiş şəxslər barəsində cinayət işi başlanmasından ötrü prokurorluğa göndərilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m olan daşınmaz əmlakı 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 almışdır. Həmin daşnmaz əmlaka dair ona ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt həmin tikilinin həyətində olan ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15,40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evi rəsmi dövlət qeydiyyatından keçmədiyindən alqı-satqı müqaviləsində həmin əmlak qeyd edilməmişdir. Lakin alqı-satqı zamanı X10 qeyd olunan əmlakın da dəyəri onun tərəfindən ödənilmişdir. Əmlakın sənədləşdirilməməsinin səbəbi isə tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında olması və qeyd olunan tikilinin isə X1 atası mərhum X12 tərəfindən müvafiq icazə olmadan inşa edilməsi olmuşdur. Qeyd olunan əmlak, yəni ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15.40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin tikintisinə 1991-ci ildə başlanılmış və tikinti işləri 1995-ci ildə başa çatdırılmışdır. Həmin tikilinin hörgü işləri 1991-1992-ci illərdə aparılmış, qeyd olunan tikilinin 1994-cü ildə dam örtüyü işlərini X6, 1995-ci ildə suvaq, rəngsaz işlərini X11 görmüşlər. X1 mərhum atası X12 2016-cı ildə vəfat etmişdir və vəfat etdiyi günədək də həmin evdə yaşamışdır. Bu barədə müvafiq akt bunu təsdiq edir. X13 ilə onun arasında 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan və həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış aldıqdan sonra cavabdeh Tovuz Rayon Mənzil İstismar sahəsi ilə digər Cavabdeh2 cinayət əlaqələri yaranaraq özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək hərəkətləri etmək, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətini törətmişlər. Belə ki, şəxsi vəsaiti hesabına X5 aldığı əmlakı Tovuz Rayon Mənzil İstismar Sahəsi 23 oktyabr 2008-ci il tarixli saxta kirayə müqaviləsi və 26 oktyabr 2021-ci il tarixli 322 saylı Forma 2 arayışı əsasında rüşvət vermə, rüşvət alma yolu ilə Cavabdeh2 adına rəsmiləşdirərək özgəninkiləşdirmişdir. Kirayə müqaviləsinin bağlanılma tarixi 23 oktyabr 2008-ci il göstərilsə də müqavilədə olan möhür Tovuz rayon Mənzil İstismar Sahəsinin 2012-ci ildən sonra tanınan möhürüdür. Belə ki, 2012-ci ilədək Tovuz Mənzil İstismar Sahəsinin möhüründə həm Azərbaycan dilində, həm də Rus dilində «Tovuz Mənzil İstismar Sahəsi» sözü yazılırdı, 2012-ci ildən sonra olan möhürdə isə yalnız Azərbaycan dilində «Tovuz Rayon İcra Hakimiyyəti Tovuz Mənzil İstismar Sahəsi» sözü yazılır. Göründüyü kimi 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsi və həmin müqavilənin təsdiqi kimi üzərinə vurulmuş möhür saxtadır. Həmin kirayə müqaviləsi X13 ilə onun arasında 29 aprel 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan və həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 may 2021-ci il tarixli çıxarış alındıqdan sonra tərtib edilmiş, həmin dövrdə də 2008-ci ildə tətbiq olunan möhür əllərində olmadığından məcburən 2012-ci ildən sonra tətbiq edilən möhürdən istifadə edilmişdir. Bununla da onun nağd pulunu verib qanuni əsaslarla aldığı əmlak əlindən alınaraq məhv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə 31 avqust 2022-ci il tarixdə etdiyi müraciətinə cavab olaraq 26 sentyabr 2022-ci il tarixli **********07 saylı məktubla məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmçinin xx.xx.2023-cü ildə Tovuz rayon Mənzil İstismar Sahəsinə rəsmi müraciət etsə də, ona məhkəməyə müraciət etməli olması bildirilmişdir. Göründüyü kimi 23 oktyabr 2008-ci il tarixdən 03 noyabr 2021-ci il tarixə Cavabdeh2 tərəfindən cavabdeh Tovuz Rayon Mənzil İstismar Sahəsinə kirayə haqqı olaraq heç bir ödəniş edilməmişdir. Kirayə haqqının ödənilməsini təsdiq edəcək heç bir ədəd belə olsun ödəniş qəbzi mövcud deyildir. Bu hal da 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsinin formal və saxta olmasını bir daha sübut edir. Bundan başqa qanunvericiliyin tələb və prinsiplərinə görə vətəndaş işlədiyi müəssisədən əvəzini ödəmədən yalnız bir dəfə əmlak payı ala bilər. Cavabdeh2 da keçmiş DTİ və MHQİ mənzil fondunun özəlləşdirən komissiyasının 15 mart 2002-ci il tarixli 5 saylı qərarı əsasında 1-ci kitabın 25-ci səhifəsində qeyd olunmuş 98 nömrəli qeydi əsasında həmin əmlak payını Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən almış və həmin əmlak payı olaraq aldığı əmlakı da Tovuz Rayon Dövlət Notariat Kontorunun xx.xx.2003cü il tarixli 4 Əİ-114 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3, X20 da 02 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Saxtakarlıq, rüşvət alma, rüşvət vermə o qədər güclü olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 31 may 2023-cü il tarixli 3-21-3-37/2-4183/2023 saylı məktubundan da aydın görünür ki, həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlər və mənzilin hansı təşkilatın balansında olması barədə 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində məlumat yoxdur. Yəni həmin sənədlər ya bilərəkdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən, ya da Cavabdeh2 tərəfindən Tovuz Mənzil İstismar Sahəsi ilə əlbir olub yoxa çıxarılmışdır. Deməli, qeyd olunan qeydiyyat vəsiqəsi və onun tərəfindən məhkəmələrdə mübahisələndirilən çıxarış saxta və kökü olmayan sənədlər əsasında cinayət yolu ilə hazırlatdırılmışdır. Cavabdeh2 əmlak payı olaraq bir dəfə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən aldığı əmlakı, yəni ünvan 6 ünvanında 1 nömrəli mənzili X3, sonradan Tovuz Mənzil İstismar Sahəsi ilə birlikdə əvvəlcədən sövdələşərək saxtalaşdırmaq yolu ilə yenidən ona əmlak payı verilməsi adı ilə ikinci dəfə ilk dəfə əmlak payı alırmış kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən ikinci dəfə əmlak payı almış, ikinci dəfə aldığı həmin əmlak isə dövlət tərəfindən inşa edilməyən, yəni mərhum X7 şəxsi vəsaiti hesabına inşa etdirdiyi onun istifadəsində, sahibliyində və sərəncamında olmuş və şəxsi vəsaiti hesabına qanuni əsaslarla satın aldığı ünvan 8 ünvanında yerləşən 1 nömrəli mənzildir. Həmin mənzilə dair hazırda mübahisələndirdiyi 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsi əsasında 03 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Digər tərəfdən Azərbaycan Dövlət Dəmir Yollarına məxsus olan binaların Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə aktda qeyd edilmişdir ki, guya Cavabdeh2 verilmiş mənzil 1886-cı ildə dövlət tərəfindən (Sovet hökuməti tərəfindən) inşa edilmişdir. Əslində isə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 44.8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15.40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin tikintisinə 1991-ci ildə başlanılmış və tikinti işləri 1995-ci ildə başa çatdırılmışdır. Həmin tikilinin hörgü işləri 1991-1992-ci illərdə aparılmış, qeyd olunan tikilinin 1994-cü ildə dam örtüyü işlərini X6, 1995-ci ildə suvaq, rəngsaz işlərini X11 görmüşlər və X1 mərhum atası X12 2016-cı ildə vəfat etmişdir və vəfat etdiyi günədək də həmin evdə yaşamışdır. Bu barədə müvafiq akt da mövcuddur və iddia ərizəsinə əlavə edir. Bu qeyd etdiyi xüsusatı, faktı təsdiq etmək üçün müvafiq ekspertiza təyin edilərək, Cavabdeh2 keçmiş DTİ və MHQİ mənzil fondunun özəlləşdirən komissiyasının 15 mart 2002-ci il tarixli 5 saylı qərarı əsasında 1-ci kitabın 25-ci səhifəsində qeyd olunmuş 98 nömrəli qeydi əsasında əvəzini ödəmədən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən ilk dəfə amlak payı olaraq alıb X16 29 sentyabr 2003-cü il tarixli 4ƏT-114 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satdığı, 02 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X16 məxsus olan evin və rəsmi dövlət qeydiyyatından keçmədiyindən alqı-satqı zamanı X10 dəyəri onun tərəfindən ödənilməklə satılmış ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.metr olan, o cümlədən yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 24,8 kv.metr (15,40 kv.metr və 9,40 kv.metr) 3 (üç) otaqlı yaşayış evinin nə vaxt inşa edilməsini müəyyən etmək olar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2231/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 324.1, 390.1, 675, 684.1 və 684.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2231/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanıməhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə mülki iş üzrə yalnız bircə dəfə məhkəmə hazırlıq iclası keçirməklə cavabdeh Tovuz Mənzil İstismar sahəsinin məhkəmə iclasında iştirakını israrla tələb etməyərək onun iştirakını təmin edib müvafiq izahatını və sübutları almamış və almağa çalışmamışdır. Hazırkı mülki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə uyğun olaraq sənədlərinməhkəmə-texniki ekspertizası təyin edilməsinə dair qərardad qəbul edilməsini və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulsun: 1. Tovuz Rayon Mənzil İstismar Sahəsi ilə Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsinin tərtib olunma vaxtı nə vaxtatəsadüfedir? 2. Tovuz Rayon Mənzil İstismar Sahəsi ilə Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsi üzərində olan möhür həmin sənədə nə vaxt vurulmuşdur? 3. Tovuz Rayon Mənzil İstismar Sahəsi ilə Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2008-ci il tarixli kirayə müqaviləsinin üzərində olan möhür TovuzMənzilİstismar Sahəsinin 2008-ci ildə tanınan möhürdürmü? 4. Tovuz Rayon Mənzil İstismar Sahəsi ilə Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2008ci il tarixli kirayə müqaviləsinin üzərində olan möhür Tovuz Mənzil İstismar Sahəsinin 2012ci ildən sonra tanınan möhürdürmü?

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə Cavabdeh2 və Tovuz rayon Mənzil İstismar Sahəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

27. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı

28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı

29. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

31. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2231/2024 nömrəli qətnaməsi əyişdirilmədən saxlanılmalıdır.

49. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

50. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

51. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

52. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

53. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

54. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

55. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Tovuz rayon Mənzil İstistmar Sahəsi ilə Cavabdeh2 arasında 23 oktyabr 2008-ci il tarixdə bağlanmış kirayə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan bir otaqlı mənzil sonuncuya kirayə haqqı müqabilində kirayəyə verilmişdir. Daha sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan mənzil üzərində mülkiyyət hüquqları hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə rəsmiləşdirilmişdir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

57. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır (Mülki Məcəllənin 684.1 və 684.2-ci maddələri).

58. Birinci instansiya məhkəməsinin fəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı barədə AN İ ******* saylı müqavilə üzrə satıcı X13 tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 56 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m. olan mənzil 3000 manat müqabilində alıcı İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında isə həmin əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçı mübahisələndirdiyi kirayə müqaviləsinin predmeti olan əmlakın da ona satılmasını iddia etsə də, özünün təqdim edtiyi alqı-satqı müqaviləsindən aydın olur ki, mübahisələndirilən əmlak alqı-satqının predmeti olmamışdır. Yəni, iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə dair hər hansı hüquqi və ya faktiki əlaqəsi yoxdur ki, hazırki iddianı qaldırmağa subyektiv hüququ olsun.

59. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

60. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

61. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara və işin müəyyən edilmiş hallarını əlaqəli şəkildə araşdıraraq müəyyən etmişdir ki, Tovuz rayon Mənzil İstistmar Sahəsi ilə Cavabdeh2 arasında 23 oktyabr 2008-ci il tarixdə bağlanmış kirayə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan bir otaqlı mənzil sonuncuya kirayə haqqı müqabilində kirayəyə verilmişdir. Daha sonra Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,8 kv.m. olan mənzil üzərində mülkiyyət hüquqları hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi kirayə müqaviləsinin predmeti olan əmlakın da ona satılmasını iddia etsə də, özünün təqdim edtiyi alqı-satqı müqaviləsindən aydın olur ki, mübahisələndirilən əmlak alqısatqının predmeti olmamışdır. Yəni, iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə dair hər hansı hüquqi və ya faktiki əlaqəsi yoxdur ki, hazırki iddianı qaldırmağa subyektiv hüququ olsun.

67. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2231/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar