Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2451/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)-2377/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 1555.20 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri K.Cabbarov küçəsində yaşayır. Onların yaşadıqları evdə daimi mavi qazdan istifadə edirlər. İstifadəyə görə hesablanmış qaz pulunu vaxtında ödəyir. Cavabdeh İB-nin Tərtər Regional qaz idarəsinin Bərdə rayon filialının əməkdaşları 28 mart 2023-cü ildə sayğaca baxış keçirərək, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daixili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olmasına dair ******* saylı akt yazmışlar. Buna görə də sayğac yenisi ilə əvəzlənmiş və 1555,20 manat cərimə edilmişdir. Qeyd edir ki, tərəflərindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacda gösətrilmiş sərfiyyata uyğin olaraq vaxtında ödənilmiş, onlar tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Müdaxilənin də nədən yaranmasını bilmirlər. Bu səbəbdən də hesab edir ki, sayğaca onlar tərəfindən kənar müdaxilə olmadığından qanunsuz yaılmış cərimə borcu silinməlidir. Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(021)-2377/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilərək, Cavabdeh tərəfindən X3 (abonent kodu: **********00130) hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat cərimə borcunun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 08 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus G4 markalı, 25750305 nömrəli sayğac çıxarılmış və yerinə Zenner markalı, **********0 nömrəli sayğac quraşdırılmışdır. Sayğacın dəyişdirilməsi səbəbi kütləvi əvəzləmə kimi akta qeyd edilmiş və sayğac növbəti dövlət yoxlanılmasına göndərilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 mart 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-3004-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdə əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd olunduğundan vurulmuş zərərin hesablanması nəticəsinə gəlinmişdir. 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 kubmetr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, (6x24x90=12960) 12960 kubmetr qaz itkisinin olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)-2377/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)-2377/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.3.4-cü bəndinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Həmin qaydalara 2 nömrəli əlavənin 2.3.2- ci bəndinə əsasən bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərini pozmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Bərdə rayonu, K.Cabbarov küçəsi ev 3-də yaşayan X1 mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 25750305 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G- 4 markalı, 25750305 nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-3004-1 saylı aktına əsasən G-4 markalı 25750305 nömrəli sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixə abonent X2 12960 kubmetr, yəni, (12960x0.12=1555.20) 1555.20 manat itirilmiş qaz hesablanmışdır. Lakin, məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcu silinməsini qət etmişdir. Abonent məqsədli şəkildə sayğaca müdaxilə etmiş və bu da sayğacın hərəkət mexanizmininin fasilələrlə işləməsinə şərait yaratmşdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd etməsinə mane olmuşdur. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 08 fevral 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus G4 markalı, 25750305 nömrəli sayğac çıxarılmış və Zenner markalı, **********0 nömrəli sayğacla əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək, Cavabdeh «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3- 5-3004-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuş, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etməklə iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir. Həmçinin, cavabdeh iş materiallarına əlavə edilmiş abonent saldosununa istinad edərək, mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrlərini müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını qeyd etmişdir ki, cavabdeh təşkilatın bu arqumenti anlaşılan olmamışdır. Belə ki, qeyd edilən arqument qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi faktını istisna etməkdədir. Həqiqətən də iş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçı 2023-cü ilin fevral ayında 655 kubmetr qaz sərf etsə də, 2022-ci ilin həmin ayında 807 kubmetr, 2023cü ilin mart ayında 339 kubmetr qaz sərf etsə də, 2022-ci ilin həmin ayında 706 kubmetr qaz istifadə etmişdir ki, qeyd edilən fakt çıxarılan qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halını təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)-2377/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(021)-2377/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.