Məhkəmə qərarları › İş №2(104)-2465/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2465/2023

27.10.2023 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2465/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlundan və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi vəkil Cavabdeh3 Hüeynqulu oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, 566 saylı icarə müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qediyyat nömrəli çıxarışa əsasən, Cavabdeh2 adına Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.0384 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 559 kv.m olan 2 mərtəbəli tikili 13 aprel 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 482 saylı sərəncamına əsasən, Tovuz rayonu Qovlar bazarı adlı yerdə yerləşən 0.75 ha torpaq sahəsinin Qovlar bazarının daimi istifadəsinə verilməsinə sərəncam verilmişdir. 26 noyabr 1997-ci il tarixli təsis müqaviləsi əsasında Tovuz rayonu Qovlar mərkəzi bazarının bazasında “Tural” firması yaradılmış və o, həmin firmanın nizamnamə fondunun 77.5 faizinə sahib olmaqla müəssisəsinin direktoru olmuşdur. Hazırda isə müəssisənin nizamnamə kapitalının 100 faizi ona məxsusdur. İddiaçının mülkiyyətində olan tikili Tural firması tərəfindən və firmanın hesabına inşa edilmiş, sonradan Sakit Hüseynova satılmışdır. Sakit Hüseynova məxsus tikilinin yerləşdiyi torpaq sahəsi isə Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 482 saylı sərancamına əsasən, Tovuz rayonu Qovlar bazarının daimi istifadəsinə verilmiş 0,75 ha torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2 məxsus 2 mərtəbəli tikilinin 0.0384 ha torpaq sahəsində yerləşməsi göstərilmiş, lakin həmin torpaq sahəsinin bir hissəsi tikilinin texniki pasportunda da göstərildiyi kimi bazara giriş-cıxış yolu kimi istifadə olunması üçün nəzərdə tutulmuşdur. Yəni, tikilinin ikinci mərəbəsinin bir hissəsi bazara giriş-çıxış yolunun üzərində inşa edilmiş, tikilinin texniki pasportunda həmin qaydada öz əksini tapmışdır. Hazırda ona məlum olmuşdur ki, Əmlak Məsəlləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə 30 iyun 2021-ci il tarixli, 566 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin həmin təşkilatın adından bağlanması olduqca şübhə doğurur. Belə ki, yuxarıda qeyd etdiyi kimi Qovlar bazarının (Tural firmasının) daimi istifadəsinə verilmiş torpaq sahəsinin elə həmin təşkilat tərəfindən tərtib və təsdiq olunmuş texniki pasportda öz əksini tapmış, bazara giriş-çıxış yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin hüquqi vəziyyətinin və yerində mövcud vəziyyətinin araşdırılmadan Cavabdeh2 icarəyə verilməsi inandırıcı görünümür. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin adından Cavabdeh2 ilə bağlanılmış 30 iyun 2021-ci il tarixli, 566 saylı icarə müqaviləsi qismən, “Tural” firmasına giriş-çıxış üçün nəzərdə tutulmuş hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 482 saylı sərəncamının surətindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsində köhnə bazar yeri adlanan sahədə bazar yerləşdirilməsinə icazə verilməklə, 0.75 ha torpaq sahəsinin Qovlar Mərkəzi Bazarının daimi istifadəsinə verilməsi qərara alınmışdır. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 18 noyabr 1997-ci il tarixli şəhadətnamədən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsi Mərkəzi bazarın əmlakı İddiaçı və qeyrilərinə satılmışdır. Tural firmasının nizamnaməsinin surətindən görünür ki, 26 noyabr 1997-ci il tarixli təsis müqaviləsi əsasında Tovuz rayonu Qovlar Mərkəzi Bazarının bazasında “Tural” firması yaradılmışdır. Vergilər Nazirliyinin **********9 nömrəli arayışından görünür ki, Qovlar Mərkəzi Bazarı Tural Firmasının təsərrüfat obyekti kimi qeydiyyata alınmışdır. Tovuz rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli sərəncamından görünür ki, Tural firmasının daimi istifadəsində olan 0,75 ha torpaq sahəsi daxilində sahibkar obyektinin tikintisinə icazə verilmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışından görünür ki, Tural firmasının payçısı 100 faizlə İddiaçı məxsusdur. MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.0384 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 559 kv.m olan qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyət hüququ kimi daşınamz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, 566 saylı icarə müqaviləsinin surətindən görünur ki, 384 kv.m torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Tural firmasının faktiki fəaliyyət göstərdiyi ərazi 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2 məxsus 2 mərtəbəli tikilinin texniki göstəriciləri texniki pasportdakı göstəricilərə uyğundur. Qovlar bazarına giriş-çıxış üçün nəzərdə tutulmuş yol faktiki olaraq Cavabdeh2 məxsus tikilinin alt hissəsindən keçməsinə baxmayaraq, Dövlət mülkiyyətində olan 00211839 registr nömrəli çıxarışla qeydiyyata alınmış Tural firmasının icarəsinə verilmiş torpaq sahəsindən keçir. Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla sözügedən torpaq sahəsinin üstündə ona mülkiyyət hüququ ilə məxsus bina yerləşir. Həmin binanın mülkiyyət sənədləri mövcuddur. Hesab edir ki, iddiaçı bu hərəkətləri ilə onun mülkiyyətini dolayısı ilə məhdudlaşdırmağa çalışır və qanunsuz müdaxilələr edir. Necə ola bilər ki, onun binasının yerləşdiyi torpaq sahəsini digər şəxsin icarəsinə verilsin? Bu mümkün deyil. Həmin qətnamənin qanunsuz və əsassız olmasını onunla əsaslandırır ki, məhkəmə işə baxan zaman heç sözügedən 30 iyul 2021-ci il tarixli, 566 saylı iki il müddətinə bağlanan icarə müqaviləsi qüvvədə olmamışdır. Bu da öz özlüyündə o deməkdir ki, həmin müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Bundan əlavə ilkin iddiada müqavilənin ləğv tələbinə dair iddia verilmiş, tərəflərindən buna etiraz edilərək qeyd etmişlər ki, müqavilənin ləğvi ilə bağlı ancaq tərəflər müraciət edə bilər. Bu etirazdan sonra iddiaçı iddianın əsasını dəyişdirərək müqavilənin etibarsızlığına dair ərizə vermişdir. Bu da hazırda qüvvədə olan MPM-in tələblərinə ziddir. Belə ki, iddianın əsasını hazırlıq mərhəsində dəyişmək olur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil Cavabdeh3 Hüeynqulu oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına gəlməmiş iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)- 47/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli, 482 saylı sərəncamına əsasən Tovuz rayonu Qovlar qəsəbəsində köhnə bazar yeri adlanan sahədə bazar yerləşdirilməsinə icazə verilməklə, 0.75 ha torpaq sahəsi Qovlar Mərkəzi Bazarının daimi istifadəsinə verilmiş, həmçinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 18 noyabr 1997-ci il tarixli şəhadətnaməyə əsasən isə Qovlar Mərkəzi Bazarının əmlakı İddiaçı və qeyrilərinə satılmışdır. Qovlar Mərkəzi Bazarının bazasında isə Tural firması yaradılmışdır. Qovlar Mərkəzi Bazarı Tural Firmasının təsərrüfat obyekti kimi vergi orqanında qeydiyyata alınmışdır. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən isə Tural firmasının payçısı 100 faizlə İddiaçıdur. Hazırkı işin hallarından isə görünür ki, mübahsiə Tural firmasının və Cavabdeh2 istifadəsində olan torpaq sahələri ilə bağlıdır. Buna baxmayaraq iddia tələbi Tural firması tərəfindən deyil, Tural firmasının payçısı, yəni təsisçisi tərəfindən qaldırılmışdır. Halbuki, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bundan başqa iş materiallarında olan iddiaçı tərəfindən mübahisələndirilən 30 iyun 2021-ci il tarixli, 566 saylı icarə müqaviləsinin surətindən görünur ki, həmin müqavilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmışdır. Lakin, iddiaçı tərəfindən iddia tələbi Əmlak Məsəlləri Dövlət Xidmətinə qarşı deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı irəli sürülmüşdür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ümumiyyətlə iddiaya cavab verməli olmayan şəxs olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olubolmamasını, cavabdehlərdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin isə iddiaya cavab verməli olan şəxs olubolmamasını aydınlaşdırmadan, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbilərinə uyğun müvafiq prosessual hərəkətlər etmədən iddianı təmin etmişdir. Hərçənd ki, iddianın əsl iddiaçı tərəfindən, yəni Tural firması tərəfindən qaldıracağı və ya əvəz ediləcəyi təqdirdə mübahisənin məhkəmə aidiyyəti də dəyişmiş olacaqdır. Beləliklə, yuxaırda qeyd olunanlaraq əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən və tələb iddiaya cavab verilməli olmayan cavabdehlərdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qaldırıldığından əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(062)-47/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çxıarılsın. İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar