Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2500/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1803/2024 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı 11.000 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1803/2024 qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh4 11.000 manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1803/2024 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 6-cı bəndinə görə, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. 7-ci bəndinə görə, bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Şikayət verən şəxs MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 6-7-ci bəndlərinin tələblərini pozaraq, qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia etdiyi maddi və prosessual hüquq normalarını sıralanmaqla göstərməmiş, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Maddi hüquq norması kimi MM-nin 21-ci maddəsini göstərsə də, onun qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah vermişdir. Prosessaul hüquq pozuntusu kimi isə, MM-nin 560-cı maddəsini göstərmişdir. Həmçinin apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi 50.60 manat ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya şikayəti üzrə ödənilməli olan dövlət rüsümunun məbləği 50.60 manat yox, 61.50 manat təşkil edir. Azərbaycan Reespublikası MPM-nin: 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda qeyd edilsiyi kimi, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin forması “Apellyasiya şikayətinin forması” adlı MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə əks olunmuşdur. Məcəllənin 363.1.1-1-ci maddəsində isə birbaşa müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPMnin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1803/2024 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd etdiyi hüquqi mövqeyinə uyğun olaraq, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın təqdim edildiyi vaxtdan 10 gün müddətində şikayət verən şəxsin yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363-366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1803/2024 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2500/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2500/2024
04.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver