Məhkəmə qərarları › İş №2(104)-2525/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2525/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2525/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsi ilə (hakim T.Kərimova) İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə xx.xx.2006-cı ildə bağlanmış torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ona Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə 3.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. O və digər ailə üzvləri onların sözügedən torpaq sahələrindən istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmışlar. Bundan sonra Cavabdeh məhkəmədə ona və digər ailə üzvlərinə qarşı iddia qaldıraraq mülkiyyətlərində olan 3.32 ha torpaq sahəsinin 2.24 ha hissəsini alqı-satqı yolu ilə əldə etməsinə əsaslanaraq onların adına daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin həmin iddia ərizəsinə əlavə etdiyi alqı-satqı haqqında müqvilədən onun məhkəmənin bildirişini və iddia ərizəsinin surətini aldıqdan sonra məlum olmuşdur. Həmin alqı-satqı müqaviləsində onun da adı və imza var. Halbuki həmin müqaviləni bağlamaq üçün notariusa gedibgetmədiyini, müqaviləyə imza edib-etmədiyini xatırlamır. Müqavilə onun tərəfindən imzalanmış olsa belə o, həmin vaxt müqavilənin mahiyyətini bilməyib, imza etməsinin hüquqi nəticələri ona aydın olmamışdır. Belə ki, həmin müqavilə bağlanarkən onun 16 yaşı tamam olmayıb. Ona görə də, həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxraıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətçi olmağı, əqd bağlanarkan 18 yaşa çatmamaqla bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, alqı-satqı müqaviləsinin digər payçılara münasibətdə qanunvericiliyin tələblərinə riayət edilməməsi hallarına obyektiv hüquqi qiymət verməmiş, işin hallarına obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə ona və ailə üzvlərinə 3.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış alınmışdır. Onun və digər ailə üzvlərinin iddiası əsasında torpaq sahəsindən istifadə edən Cavabdeh torpaq sahəsindən çıxarılması barədə iddia qaldırmışlar. Bundan sonra Cavabdeh Samux rayon Məhkəməsində ona və digər ailə üzvlərinə qarşı iddia qaldıraraq mülkiyyətlərində olan 3.32 ha. torpaq sahəsinin 2.24.ha hissəsini alqı-satqı yolu ilə əldə etməsinə əsaslanaraq onların adına verimiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə əlavə edilmiş alqı-satqı haqda müqavilədən onun məlumatı Samux Rayon Məhkəməsindən daxil olmuş 2(058)-129/2023 saylı iş üzrə bildiriş məktubu və əlavə edilmiş iddia ərizəsinin surətini aldıqdan sonra olmuşdur. İşə baxan məhkəmə hesab etmişdi ki, iddia alqı-satqı müqaviləsinin etibarsızlığına dair olduğundan əqdin etibarsızlığı ilə bağlı normalar tətbiq olunmalıdır. Bundan sonra etibarsızlıqla bağlı qanunvericiliyin kəsici müddət müəyyən etməsini əsaslandırmağa çalışmışdır. Qalan məsələlərə hüquqi qiymət verməmişdir. Samux Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsində alqı-satqı müqaviləsinin bağlanması zamanı paylı torpaq sahəsinin digər payçılara təklif edilmədən kənar şəxsə satılması, yetkinlik yaşına çatmayanların paylarının satılmasına görə yetkinlik yaşına çatmayanların işləri üzrə rayon İcra Hakimiyyəti yanında komissiyanın rəyi olmadan satılmasına dair dəlillərə işə baxan məhkəmə tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı, Cavabdeh və üçüncü şəxslər X6, X3, X4 və X5 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan JN-118 KOD 50704018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında görünür ki,Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə Samux rayon Əhmədbəyli kənd sakinləri X7 və ailə üzvləri X6, X3, X4, X5 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 3,32 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, həmin müqaviləyə əsasən X6, X3, X4 və X1 rayonunda yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini Cavabdeh satmışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçıya və onun ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə 3.32 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X6, X3, X4 və X5 xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini Cavabdeh satmışlar. Həmin vaxtdan da torpaq sahəsinin 2,24 ha hissəsindən mübahisəsiz qaydada Cavabdeh istifadə edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən müqavilə bağlanarkən iddiaçının 16 yaşı olsa da müqavilə təkcə iddiaçı tərəfindən deyil, həmin torpağın paylı mülkiyyət hüququ ilə məxsus olduğu və iddiaçının qanuni nümayəndəsi sayılan anası və digər pay hüququ olan ailə üzvləri tərəfindən də imzalanmışdır. İddiaçı alqı-satqı müqaviləsindən məhkəmənin müvafiq bildirişini və iddia ərizəsinin surətini aldıqdan sonra məlumatının olduğunu bildirsə də, müqavilənin onun anası və digər ailə üzvləri tərəfindən də imzalanmış olması nəzərə alınaraq iddiaçının həmin müqavilədən 17 il ərzində məlumatsız olması ağlabatan hesab olunmur. İşin ən əsas faktiki halı ondan ibarətdir ki, müqavilənin bağlanmasından keçən uzun müddət ərzində nə iddiaçı, nə də müqaviləni imzalaya onun yaxın ailə üzvləri həmin müqaviləni mübahisələndirməmişlər. Qanunverici etibarsız əqdlərin mübahisələndirilməsi üçün kəsici müddət nəzərdə tutduğundan və kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərədə tutan müddət olduğundan hazırda iddiaçının sözügedən tələblə müraciət edə bilməsi mümkün deyil. Belə ki, iddiaçı qanunvericilikdə əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, X6, X3, X4 və X1 rayonunda yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini Cavabdeh satmaqları işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, həmin müqaviləyə əsasən X6, X3, X4 və X1 rayonunda yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini Cavabdeh satmış, torpaq sahəsi faktiki olaraq da cavabdehin istifadəsinə verilmiş, keçən müddət ərzində həmin müqavilə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya aз və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə muəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların alqı-satqısı haqqında muqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yenə də həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi etibarsız əqdlərdə müddətin tətbiqi ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd edildiyi kimi işin hallarına görə mübahisəli ünvandakı torpaq sahəsinin alğı-satqısına dair müqavilə xx.xx.2006-cı il tarixdə bağlanmış, hazırkı iş üzrə iddiaçı isə müqavilənin bağlandığı vaxtdan isə təxminən 17 il keçdikdən sonra həmin müqaviləni mübahisələndirmiş, bununla da bu kimi iddia ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Digər tərəfdən əqdin etibarsız hesab edilməsinə əsas verən hallar da iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsində də göstərilmişdir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. İşdəki alqı-satqı müqaviləsinin surətindən isə görünür ki, həmin müqavilənin bağlanmasında iddiaçının qanuni nümayəndəsi də iştirak etmiş, bağlanmış müqaviləni bəyənmişdir. Odur ki, məhkəmə kollegiyası iddia ərizəsinin həmçinin, apellyasiya şikayətinin yetkinlik yaşına çatmayanların paylarının satılmasına görə yetkinlik yaşına çatmayanların işləri üzrə rayon İcra Hakimiyyəti yanında komissiyanın rəyi olmadan satılmasına dair dəlilini əsassız sayır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərə həmçinin sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci istansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respubilkasının MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, şikayətlə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-561/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar