Məhkəmə qərarları › İş №2(104)-2558/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2558/2023

24.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2558/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(023)-977/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qazdan istifadəsinə dair abonent saldosundan görünür ki, 1036.80 manat borc yaranmışdır. Sayğacla bağlı borcun hesablanmasını ona şifahi şəkildə bildirmişlər. Həmin borcla bağlı hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda da heç bir borc göstərilməmişdir. 27 yanvar 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda - “sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzildiyi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır“ qeyd edilmişdir. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Hətta müdaxilə olmuş olsa belə müdaxilədə kimin təqsiri olduğu izah edilməlidir. “Qazdan istifadə qaydaları”na əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Qeyd olunan sayğac onun yaşadığı evin kənarında, yəni yolda quraşdırılmışdır. Nəzarətçi tərəfindən sayğaca hər ay iki dəfə baxılır və yoxlanılır. Əgər sayğaca müdaxilə olunsaydı nəzarətçi bunu aşkar edərdi. Onun tərəfindən sayğaca müdaxilə edilməsi barədə heç bir sübut yoxdur. Sayğaca kimin tərəfindən müdaxilə olunduğunu bilmir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(023)-977/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1036.80 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus Zenner markalı, **********8 nömrəli sayğac çıxarılmış və İtron markalı, **********473 nömrəli sayğacla əvəz edilmişdir. Çıxarılan sayğacın son göstəricisi 6541 kubmert qeyd olunmuşdur. «Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2- 2/3-5-342-1 nömrəli rəydən görünür ki, **********8 nömrəli sayğaca baxış keçirilərkən sayağcın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi müəyyən olunmuşdur. Sayğac istismara yararsızdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-342-1 nömrəli rəyinə vurulmuş zərərin hesablanması nəticəsinə gəlinmişdir. 27 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=8640 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(023)-977/2023 nömrəli qətnaməsindən narazı qalan Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(023)-977/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısıistehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin yanvar ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Bildirirlər ki, iş materiallarındanda göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus Zenner markalı, **********8 nömrəli sayğac çıxarılmış və İtron markalı, **********473 nömrəli sayğacla əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək «Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK-14-2-2/3-5-342-1 nömrəli rəyinə əsasən **********8 nömrəli sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi və sayğacın istismara yararsız olduğu müəyyən olunmuş, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etməklə iddiaçıya 8640 kubmetr həcmində, 1036,8 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus G4 markalı, **********8 nömrəli sayğac çıxarılıb yenisi ilə əvəz edilsə də sayğacın əvəzlənmə səbəbi aktda qeyd olunmamışdır. Bundan başqa abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi bu faktla istisna olunmuşdur. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmiş, o cümlədən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 11 yanvar 2023-cü il tarixli, ******* nömrəli akda da hər hansı bir qeyd aparılmamışdır. Hərçənd ki, sayğac çıxarılarkən plastmas plombların kənar təsir nəticəsində əzildiyinni müəyyən etmək mümkün olan hal olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi qəbul edildiyi təqdirdə belə sayğacın istismara yararsız olması da anlaşılan olmamışdır. Belə ki, sayğac o zaman istimara yararsız hesab oluna bilər ki, onun hesablama mexanizmi və ya digər əsas elementləri zədələnmiş və ya korlanmış olsun. Plombun əzilməsinin sayğacın işlək vəziyyətdə olmamasına səbəb olması isə anlaşılan olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(023)-977/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(023)-977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar