Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2561/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel 1984-cü ildə Azərbaycan Respublikasının Göygöl rayonu Hacıməlik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) ərizə qismən təmin edilərək, 22 aprel 1984-cü il təvəllüdlü X1 kəllə-beyin travmasından sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cü baxış) F07.2 xronik xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ədalətli araşdırma apararaq qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.1984-cü il təvəllüdlü oğlu X2 fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 saylı qətnaməsi ilə qanunsuz və əsassız olaraq ərizə təmin edilərək xx.xx.1984-cü il təvəllüdlü oğlu X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmədiyi əsas gətirilərək fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə ərizəni təmin edərkən iddianın əsas məqsədinin nədən ibarət olmasını aydınlaşdırmamışdır. Rauf Aslanovun fəaliyyət qabiliyyətsiz olması barədə iddia qaldırılan vaxt Göygöl Rayon Məhkəməsinin icraatında bir neçə iddia olmuşdur və həmin iddialar üzrə də Rauf Aslanov cavabdeh və iddiaçı qismində şəxsən iştirak etmiş və məhkəmənin də bundan məlumatı olmuşdur. X6 2008-ci ildə rəsmi nikaha daxil olmaqla 15 il bir yerdə yaşamışlar və birgə nikahlarından 2008-ci ildə Şəhriyar, 2011ci ildə Mahəddin və 2020-ci ildə Hüseyn adlı övladları doğulub. Onlar ailə kimi yaşadığları 15 il ərzində o Raufun bir dəfə də olsun psixi probleminin olmasını görməmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 428/2021 saylı qətnaməsinə əsasən nikahları ləğv edilib və azyaşlı uşaqlar onun himayəsində saxlanılmaqla 18 yaşına çatana kmi uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra Rauf Aslanovun anası məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmiş, məhkəmədə bilərəkdən ərizəni təmin etmişdir. Göründüyü kimi ərizəçinin iddianı qaldırmaqda məqsədi oğlunun fəaliyyət qabiliyyətsiz etdirməklə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Şəhriyarın, xx.xx.2011-ci il təvəllüdlü Mahəddinin və xx.xx.2020-ci il təvəllüdlü Hüseynin saxlanması üçün təyin edilmiş aliment öhdəliyindən azad etməkdir. Məhkəmə isə bunlara nəzər yetirmədən ərizəni təmin etmişdir. Məhkəmə qətnamə çıxararkan onu da maraqlı şəxs kimi cəlb etməli idi. Həmçinin müəyyən etməli idi ki, X4 hazırda hansı işlə məşğul olur. Eyni zamanda da psixiatriya xəstəxanasının verdiyi rəyin obyektivliyinə qiymət verməli idi. Qeyd edir ki, Rauf Aslanov son illərdə imtahan verərək sürücülük vəsiqəsi alıb. Onda sual yaranır ki, psixi pozuntusu olan şəxsə necə olur ki, sürücülük vəsiqəsi verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətini araşdıraraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən işdə iştirak etməyən şəxs tərəfindən verilən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin etdiyi hərəkətlərdən biri də qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamaq və yoxlamanın nəticəsinə dair qərardad qəbul etməkdir ki, həmin qərardaddan da işdə iştirak edən şəxslərin şikayət vermək hüququ mövcud olur. Lakin, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbini nəzərə almayaraq, qətnamənin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunmasını yoxlamadan baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə uyğun olaraq, apellyasiya şikayətinin işdə iştirak etməyən şəxs tərəfindən verilməsi ilə əlaqədar qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamadan apellyasiya instansiyasına göndərdiyindən apellyasiya şikayətinin baxılması üçün prosessual əsaslar yaranmamışdır. Buna görə də verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360-363, 366 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2561/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2561/2023
18.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver