Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2638/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(023)-900/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qazdan istifadəsinə dair abonent saldosundan görünür ki, 1555.20 manat borc yaranmışdır. Sayğacla bağlı borcun hesablanmasını ona şifahi şəkildə bildirmişlər. Həmin borcla bağlı hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda da heç bir borc göstərilməmişdir. 25 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktda “sayğaca baxış keçirilmiş, sayğacdan qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yararsızdır“ qeyd edilmişdir. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəlinmiş nəticəni öncədən şübhə altına alır. Hətta sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, habelə sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi halları olsa belə, bunun kimin təqsiri olduğu izah edilməlidir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Qeyd olunan sayğac onun yaşadığı evin kənarında, yəni yolda yerləşir. Belə olan halda sayğaca onun tərəfindən sayğaca müdaxilə edilməsi barədə heç bir sübut yoxdur. Əgər onun tərəfindən sayğaca müdaxilə olunsaydı nəzarətçi bunu aşkar edərdi. Sayğaca kimin tərəfindən müdaxilə olunduğunu bilmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(023)-900/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus qaz sayğacı yenisi ilə əvəzlənmişdir. “Qaz sayğacının yoxlanılması haqqında” 25 aprel 2023-cü il tarixli, MSK-14-2- 2/3-5- 2781-1 nömrəli rəydən görünür ki, sayğacdan qaz keçməsi, lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 12960 kub metr müəyyən edilmişdir. İddiaçı məxsus abonent saldosundan görünür ki, abonent hesabına 2023-cü ilin aprel ayına 1555,20 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-900/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-900/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 25 aprel 2023-cü il tarixli, 14-2-2/3-5- 2781-1 nömrəli rəyə əsasən sayğacdan qaz keçməsi, lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus sayğaca müdaxilə olunması və ya digər hər hansı bir səbəbdən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçıya məxsus köhnə sayğacın göstəricisi 2021-ci ilin dekabr ayında 34722 kubmet göstəricidə olmuş, həmin göstərici 2022-ci ilin dekabr ayınadək, yəni yeni sayğac quraşdırılan xx.xx.2022-ci il tarixinədək dəyişməz qalmışdır ki, bununla da 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək qazdan istifadəyə görə hesabat aparılmamışdır. 2021-ci ilin dekabr ayınadək iddiaçının istifadə etdiyi qaza görə 127,85 manat borcu yaranmış, 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək onun tərəfindən 133 manat pul ödənilmişdir ki, bununla da yeni sayğac quraşdırılan tarixə, yəni 16 noyabr 2022-ci il tarixə iddiaçının 5,15 manat artıq ödəməsi yaranmışdır. Lakin, yuxarıda qeyd olunduğu kimi həmin dövrdə istifadə olunmuş qaza görə sayğacın işləməməsi səbəbindən hesabat aparılmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halını nəzərə alamadan, sayğacın işləmədiyi dövr üzrə cavadbeh təşkilat tərəfindən hesablanmış 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində itirilimiş qaz məbləğini tam silməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat itirilmiş qazın həcmini 1555.20 manat dəyərində müəyyən etməsi əsaslı olmamışdır. Belə ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydalarında sayğaca müdaxilə ilə əlaqədar itirilmiş qazın həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, yuxarıda qeyd edilən həmin norma ilə sayğaca edilmiş müdaxilə nəticəsində itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən saatlıq qaz sərfi 6 kubmetr saat olmaqla, 90 gün müddəti üçün 24 saat vaxt hesabı ilə hesabat aparılaraq, 1555,20 manat məbləğində ititirlmiş qaz həcmi müəyyən edilmişdir. Halbuki, qaydaların 6.5-2-ci bəndinə əsasən məişət abonentlərinə münasibətdə hesabat sutkanın on iki saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa cavabdeh təşkilat Qaydaların 6.5-1.2-ci bəndinin tələbinə müvafiq olaraq da, iddiaçının əvvəlki dövrə görə orta gündəlik qaz sərfi həcmini də nəzərə almamışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçı 2021ci il ərzində 3349 kubmetr qazdan istifadə etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sayğacın keçən qazın həcmini qeydə almadığı 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayınadək olan dövr üzrə əvvəlki dövrün orta illik göstəricisinə uyğun olaraq, 3300 kubmetr həcmində, 396 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)- 900/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilərək İddiaçı məxsus **********00000 saylı abonent hesabında qeyd olunmuş 1555,20 manat məbləğində qaz sərfinin 1159,2 manatı silinməsi qət edilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(023)-900/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-900/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00000 saylı abonent hesabında qeyd olunmuş 1555,20 (min beş yüz əlli beş manat, 20 qəpik) manat məbləğində qaz sərfinin 1159,2 (min yüz əlli doqquz manat, 20 qəpik) manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.