Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2650/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2298,22 manat məbləğində itirilmiş qazın dəyəri və 42,98 manat dövlət rüsumunun alınaraq, “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X3 X6 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2021-ci il tarixli, AKX-03583xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Belə ki, Gəncə X6 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirilən zaman qaz sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın hesabatının aparılması üçün Gəncə RQİİnin istehlakçılara satılan qaza nəzarət şöbəsinə təqdim edilmişdir. Hesabatın nəticələrinə görə sayğacdan kənar əlavə qaz xəttindən 16416 m3 təbii qaz 0.12 qəpiyə vurularaq 1969,92 manat dəyərində təbii qazdan qeyriqanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmçinin istifadə edilmiş qaza görə əlavə borc yaranmışdır. Beləliklə, ümumilikdə Cavabdeh Gəncə X6 İdarəsinə 2298,22 manat borcu yaranmışdır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsi ilə (hakim T.Kərimova) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 444,48 (dörd yüz qırx dörd manat, qırx səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 474,48 (dörd yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli, AKX-03583xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, 05 yanvar 2022-ci il tarixli, ******* saylı akta əsasən cavabehə məxsus sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar ediməsinə əsaslnaraq 6 ədəd qızdırıcının saatlı qaz sərfləri müvafiq olaraq, 0,8 kubmetr QSQ, 1,5 kubmetr QSQ, 1,4 kubmetr dəmir soba, 1,2 kubmetr PQ-4, 1,2 kubmetr PQ-4 və İran sobası 1,5 kumetr, günlük istifadə müddəti 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 16416 kubmetr müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətlərindən görünür ki, cavabdehə məxsus qaz sayğacının hesablama mexanizmi keçəmn qazın həcmini qeyd etmədiyindən, dəmir sobadan ibarət qızdırıcının saatlı qaz sərf 4 kibmetr, günlük istifadə müddəti 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qaz sərfi 1440 kubmetr müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə qazdan istifadəsi nəticəsində itirilmiş qazın həcmi 16416 m3 (90 günə uyğun) müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə X6 İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirən zaman qaz sayğacından kənar, qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək itirilimiş qazın hesabatının aparılması üçün Gəncə RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinə təqdim edilmişdir. Gəncə RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən cavabdehin mənzilində quraşdırılmış qaz cihazlarına uyğun olaraq itirilmiş qazın hesabatı aparılmışdır. Hesabatın nəticələrinə görə sayğacdan kənar əlavə qaz xəttindən keçmiş 16416 kubmetr təbii qaz 0.12 qəpiyə vurularaq 1969.92 manat dəyərində hesabat aparılmışdır. Həmçinin istifadə edilmiş təbii qazın dəyərinə görə əlavə olaraq borcu yaranmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İştirakçılıaqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən fərdi yaşayış evinə quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya zərər vurulmuşdur. İddiaçı tərəf cavabdehdən itirilmiş qazın 90 günlük həcminin dəyərini tələb edir. Lakin məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, qaz sayğacının quraşdırılması ilə cavabdeh tərəfindən həmin sayğacdan kənar əlavə xəttin çəkilməsinin “Azəriqaz” X3 X6 İdarəsinin əməkdaşları tərəfindən aşkar olunması arasında 1 aydan az müddət keçmişdir və cavabdeh məhz həmin müddət ərzində qazdan kənar xətt vasitəsilə istifadə etmişdir. Ona görə də yaranmış borc həmin müddət ərzində istifadə olunan qazın həcminə uyğun olaraq 444,48 manat məbləğində dəymiş ziyan Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə Qaydaları”nda sayğaca müdaxilə və qanunsuz qoşulma halları ilə əlaqədar itirilmiş qazın həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, həmin norma ilə sayğaca edilmiş müdaxilə nəticəsində itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. Hazırkı iş materialları ilə müəyyən edilir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə 15 dekabr 2021-ci il tarixdə bağlanmış və yeni sayğac quraşdırılmışdır. 05 yanvar 2022-ci il tarixdə isə qaz sayğacından kənar qeyri-qanuni əlavə xətt aşkar edilmişdir ki, bununla da birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı təşkilatın 90 günlük müddət üçün itirilmiş qazın həcminin müəyyən etməsini əsassız hesab edərək, 20 günlük müddət üçün hesabat aparmışdır. Həmçinin, iddiaçı təşkilat bir gün üçün 24 saatlıq müddətə görə qazın həcmini hesablamışdır ki, bu da həm ağlabatan olmamaqla, yananşı sonradan qəbul olunmuş “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə də uyğun olmamışdır. Belə ki, qaydaların 6.5-3-cü bəndinə əsasən qanunsuz qoşulma hallarında məişət abonentlərinə münasibətdə hesabat sutkanın on iki saatı nəzərə alınmaqla aparılmalı idi. Lakin, dəymiş ziyanın bərpasına dair 12 yanvar 2022-ci il tarixli tələbnamədən göründüyü kimi iddiaçı təşkilat hesabatı 90 gün müddətinə gündəlik 24 saat qazdan istifadə meyarını əsas götürməklə, 16416 kubmetr həcmində, 1969.92 manat dəyərində vurulmuş zərər məbləği müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə 20 gün müddəti üçün, 24 saatlıq istifadə müddəti meyarına əsasən hesablama apararaq, vurulmuş zərər məbləğini 444,48 manat məbləğində müəyyən etmişdir. Qeyd edilən meyarlara əsasən itirilmiş qazın dəyəri əslində 438,44 manat təşkil etmişdir. Belə ki, iddiaçıya məxsus qızdıcılardan dəmir sobanın maksimal qaz sərfinin 1,4 kubmetr olması nəzərə alındıqda (1,4x24x30gün=1008 kubmetr, 1008 :30=120,96 manat bir aylıq, 120,96:30=4,03 manat bir günlük, 4,03x20gün=80,6) 20 günlük müddət üçün istifadə edilmiş qazın dəyəri 80,6 manat təşkil etməli olsa da, birinci instansiya məhkəməsi texniki səhvə yol verərək, həmin məbləği 86,64 manat kimi qəbul etməklə, digər qızdırıcıların 20 günlük müddət üçün istifadə etdiyi qazın dəyərinin həmin məbləğin üzərinə gəlməklə, zərər məbləğini 444,48 manat məbləğində müəyyən etmişdir. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən qeyd edilən əsaslara görə zərər məbləğinin azaldılması apellyasiya instansiyasının baxışının hədlərinə daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat qanunsuz qoşulma faktına görə 16416 kubmetr həcmində, 1969.92 manat dəyərində, sayğacın keçən qazın həcmini qeyd etməməsinə görə isə 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 1440 kubmetr həcmində, 172,8 manat dəyərində hesabat aparmaqla, o cümlədən sayğacın göstəricisinə görə 155 manat debitor borc olmaqla, cavabdehdən ümumilikdə 2298,22 manat pul tələb etsə də birinci instansiya məhkəməsi yalnız qanunsuz qoşulma faktına görə 16416 kubmetr həcmində, 1969.92 manat dəyərində hesablanmış zərər məbləğinə münasibətdə qətnməsini əsaslandıraraq, qanunsuz qoşulmaya görə 444,48 manat zərər məbləği müəyyən edərək iddia tələbini qismən təmin etmişdir. Lakin, birinci instansiya məhkəməsi sayğacın keçən qazın həcmini qeyd etməməsinə görə tələb olunan 172,8 manat zərər məbləğinə və sayğacın göstəricisinə görə tələb olunan 155 manat debitor borc tələbinə münasibətdə isə hər hansı bir əsaslandırma aparmadan həmin hissədə iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, tələb olunan 155 manat sayğac göstəricisinə əsasən olan borc məbləği olmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlillərini əsaslı hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sayğacın keçən qazın həcmini qeyd etməməsinə görə tələb olunan 172,8 manat zərər məbləği hissəsində iddianı tam rədd etməsini əsasız hesab etmişdir. Bununla yanaşı sayğacın keçən qazın həcmini qeyd etməməsinə görə 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 1440 kubmetr həcmində, 172,8 manat dəyərində iddiaçının hesabat aparmasını da düzgün hesab etməyərək, həmin hissədə şikayəti qismən əsaslı hesab etmişdir. Belə ki, 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta cavabdehə məxsus dəmir sobadan ibarət qızdıcının saatlıq qaz sərfinin 4 kub metr olması nəzərə alınmaqla hesabat aparılmışdır. Hərçənd ki, dəymiş ziyanın bərpasına dair 12 yanvar 2022-ci il tarixli tələbnamədən göründüyü kimi həmin dəmir sobadan ibarət qızdıcının saatlıq qaz sərfinin 1,4 kub metr olmuşdur. Buna görə də həmin akta əsasən hesablanmalı olan məbləğ 60,48 (1,4x12x30=504 kubmetr, 504x0,12=60,48) manat təşkil etmişdir. Beləliklə, yuxarıda göstərilənlrəə əsasən məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)- 759/2023 saylı qətnaməsi dəyişdirilərək, cavabdeh X1 660,46 manat tutularaq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(058)-759/2023 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 155,5 manat borc məbləği, zərərin əvəzi qismində 504,96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 690,46 (altı yüz doxsan manat, 46 qəpik) manat tutularaq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.