Məhkəmə qərarları › İş №2(104)-2671/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2671/2023

22.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2671/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1992/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə məxsus G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Nəticədə qaz itkisi yaranmışdır.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 25920 kub metr müəyyən edilmişdir.

3. Tovuz rayonu, Bozalqanlı kəndində yaşayan abonent İddiaçı abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023- cü ilin aprel ayında akt əsasında 3110,40 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında ona hesablanmış 3110,40 manat məbləğdə cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ona məxsus olan Tovuz rayonu, Bozalqanlı yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacı növbəti dövlət yoxlaması adı ilə söküb götürmüş, yerinə başqa sayğac quraşdırmışdır. Sonradan isə ona məlum olmuşdur ki, evindən sökülərək götürülmüş sayğacda sayğacın hesablama mexanizminin gövdədən aralanması aşkar olunmuşdur. Bu səbəbdən də 3110,40 manat cərimə hesablanmışdır. Hansı ki, sayğac küçədə quraşdırılmış, nə o, nə də ailə üzvüləri tərəfindən sayğaca müdaxilə edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozması tamamilə qanunsuz və əsassızdır. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özü tərəfindən açılmışdır. Yəni onun tərəfindən ümumiyyətlə nə sayğaca, nə də sayğacın plombuna müdaxilə edilməmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1992/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1992/2023 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya 2023-cü ilin aprel ayında 31140,40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyrimüəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin aprel ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Tərəflərin iştirakı:

11. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin) və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri itirilmiş təbii qazın dəyərinin ödənilməsinin mübahisələndirilməsidir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

18. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, qaz sağacında yaranmış problemin məhz iddiaçının təqsiri üzündən yaranması sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı tələbdə qeyd edilən qaz sayğacında olan nöqsan nəticəsində yaranmış borcun abonentin üzərinə qoyulması qanunauyğun hesab edilə bilməz.

19. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, sayğac abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuşdur.

20. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işin mübahisələndirilməyən hallarından da göründüyü kimi İddiaçı yaşadığı fərdi yaşayış evinə gedən qaz xəttində olan qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Qaz sayğacı ilə bağlı akt tərtib olunarkən, iddiaçı tərəfindən müdaxilənin olması araşdırılmalı və sübuta yetirilməli idi. Odur ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetirilmir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

23. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1992/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar