Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2674/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(062)-1856/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında ona hesablanmış 1555,20 manat məbləğdə cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları ona məxsus olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacı növbəti dövlət yoxlaması adı ilə söküb götürmüş, yerinə başqa sayğac quraşdırmışdır. Sonradan isə ona məlum olmuşdur ki, evindən sökülərək götürülmüş sayğacda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulmuş zavod qurğuşun plombunun kəsilərək sonra yapışqan maddə ilə yapışdırılması aşkar olunmuşdur. Bu səbəbdən də 1555,20 manat cərimə hesablanmışdır. Sayğacın sökülərək götürülməsi barədə akt tərtib edilmiş və həmin aktda heç bir qüsur barədə qeyd aparılmamış, digər qeydlər hissəsində qaz pilitəsinin aşağı səviyyəsindən sayğacın keçən qazın həcmini qeyd etməməsi göstərilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozması tamamilə qanunsuz və əsassızdır. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özü tərəfindən açılmışdır. Yəni, onun tərəfindən ümumiyyətlə nə sayğaca, nə də sayğacın plombuna müdaxilə edilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(062)-1856/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilərək, X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən İddiaçı akt əsasında yazılmış 1555,20 manat borc məbləğinin silinməsi qət edilmişdir. İşdə olan sübutlar: Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə məxsus G4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan zavod qurğuşun plomb kəsilin sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunmuşdur. Sayğac istismara yararsızdır. Nəticədə qaz itkisi yaranmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 12960 kub metr müəyyən edilmişdir. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin mart ayında akt əsasında 1555,20 manat məbləğdə borc hesablanmışdır Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(062)-1856/2023 nömrəli qətnaməsindən narazı qalan Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(062)-1856/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq, məhkəmə 2023-cü ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus qaz sayğacı, əvəzlənmə səbəbindən yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 10 aprel 2023-cü il tarixli, 14-2-2/3-5-3532-1 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod qurğuşun plomb kəsilməsi və sonra yapışqan maddə ilə yerinə yapışdırılaraq yerinə bərpa olunması və sayğacın istismaraq yararsız olması müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. İddiaçı tərəfindən 2021-ci il tarixdə cəmi 1240, 2022-ci il ərzində isə cəmi 1249 kubmetr qazdan istifadə edilmişdir ki, cavabdeh tərəfindən 90 günlük müddət üçün 12960 kubmetr itirilmiş qaz həcmi müəyyən etməsi də anlaşılan olmamışdır. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan və ya hər hansı bir digər səbəbdən sayğacın zədələnməsi də istisna olunmayan haldır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(062)-1856/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(062)-1856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.