Məhkəmə qərarları › İş №2(104)-2697/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2697/2023

29.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2697/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3024/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 68/2-M-23161 nömrəli sorğuya cavabdan görünür ki, şikayət ərizəsinə baxılmış və araşdırma zamanı ərizədə göstərilən xüsusatlarla bağlı heç bir cinayət və inzibati hüquq pozuntusu müəyyən edilməmişdir. Eyni zamanda bildirilir ki, mülki məsələ olduğundan onu narahat edən məsələlərlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ var.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Q.B.Zakir küçəsi, döngə 3-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26, 29 kv.m yaşayış, 38,48 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi 0,0121 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir.

3. X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iki otaqlı, ümumi sahəsi 62,77 kv.m. yaşayış sahəsi 26,29 kv.m olan Bərdə şəhəri, Q.B.Zakir küçəsi, 3/6-da yerləşən yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 235 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əməkdaşlar tərəfindən ünvan 2 ünvanında yaşayan S.Hümbətovanın və Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 6 ünvanında yaşayan İddiaçı iştirakı ilə xx.xx.2023-cü il tarixdə məktubda göstərilən ünvanlara baxış keçirilmiş və baxış zamanı məlum oldu ki, S.Hümbətovaya məxsus həyətyanı sahədə tikilmiş iribuynuzlu mal-qaranın (2 baş) və ev quşlarının saxlanıldığı tikili ilə vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsi arasındakı məsafə təxminən 1-2 metr təşkil edir. Bu hal Azərdövlətikintikomun 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli Kollegiya iclasının Qərarı ilə təsdiq edilib və 01 yanvar 2002-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Tikinti Normalarının (təsdiq olunmuş sənəddə şəhər ərazisində iribuynuzlu ev heyvanlarının saxlanması haqqında qeyd yoxdur) 4.20-ci bəndinin tələblərinin pozulması deməkdir. Belə ki, kənd yaşayış məskəninin məskunlaşma ərazisi haqqında 4.20-ci bəndinin tələbinə görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: 1 və ya 2 tikili olarsa 15 metrdən, 8-də tikili olarsa 25 metrdən, 30-dək tikili olarsa 50 metrdən, 30-dan çox tikili olarsa 100 metrdən az olmamalıdır. Eyni zamanda qeyd edilir ki, mal-qaranın ifrazatı (peyin və sidiyi) ətraf əraziyə üfunətli iy-qoxunun yayılmasına səbəb olur (sidiyin yığılması üçün beton şambo quraşdırılmayıb). Tullantıların yığılması həmin ərazidə milçək, ağcaqanad və digər həşəratların artmasına, buda yay mövsümü ilə əlaqədar bir sıra yoluxucu xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmişn hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m olan mənzil X1 xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 5 ünvanında yaşayan Cavabdeh onun yaşayış evinə bitişik tikdirdiyi qanunsuz mal tövləsinin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qapı bir qonşusudur. Cavabdeh standartlara uyğun olmayan onun yaşayış evinə bitişik mal tövləsi tikdirmişdir, həmin tövlənin içərisində çoxlu sayda iribuynuzlu heyvan saxlayır. Əvvəllər onun qonşusu xırdabuynuzlu heyvanlar saxlayırdı, həmin heyvnların sidiyi, nəcisi onların evinin içərisinə hopur və qoxur. Onların ailəsi həmin qonşunun əlindən bezara gələrək evi tərk edib getmək istəyirlər. Dəfələrlə evi satmaq istəmişlər, lakin həmin məsləyə görə evi heç kim almamışdır. Dəfələrlə tövlənin sökülməsinə görə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. 2005-ci ildən həmin mənzildə yaşayır, 2006-cı ildən kərpic uçuq hasarı dağıdıb yenidən daşdan hasar tikdirmişdir. 7 nömrəli mənzildə yaşayan qonşunun tövləsi onun evindən 80 sm məsafədə yerləşir. O öz vəsaiti hesabına hasar tikdirmişdir. Hasar tikilən zaman o müvəqqəti olaraq başqa yerdə səfərdə olmuşdur. Qayıdıb gələn zaman görmüşdür ki, qonşusu Cavabdeh, tövləsini uçurdub 13 metrlik tirini qoyub sağlam qalan kərpiclə tövlə tikib, ondan istifadə etmişdir. O, yoldaşı ilə birlikdə qonşusu Cavabdeh dəfələrlə öz iradlarını bildirmişlər. Yoldaşı bu məsələyə görə infakt keçirmiş, 10 il sonra da rəhmətə getmişdir. Bu məsələ haqqında polisə müraciət etmişlər, polis əməkdaşları evə baxış keçirmiş, orada heç bir cinayət tərkibli əməl olmadığını bildirmişlər, ona rəsmi məlumat verdilər ki, bu mülki məsələ olduğu üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Hər bir kəsin hüquq azadlıqları vardır.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3024/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın təmin edilməsi, Bərdə şəhəri, Qasım bəy Zakir küçəsi, ev 8 ünvanında yaşayan Cavabdeh İddiaçı evinə bitişik qanunsuz olaraq tikdirdiyi mal tövləsi onun öz hesabına sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında yaşayan Cavabdeh məxsus İddiaçı evinə bitişik qanunsuz tikili olan mal tövləsi cavabdehin öz hesabına sökülməlidir. Belə ki, həm yerində müayinə aparılarkən, həm də gigiyenik rəydə də qeyd edildiyi kimi tikinti və araməsafəsi normalarına riayət edilməmiş, həmçinin iribuynuzlu mal-qaranın saxlanması nəticəsində ətrafa kəskin iy-qoxu və malqaranın ifrazatı yayılır və bu da mülkiyyətçi olan iddiaçının öz mülkiyyətindən sərbəst surətdə istifadə etmək və onun sağlam ətraf mühitdə yaşamaq hüququnu pozmaqla həmin ərazidə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Həmçinin, şəhər yerlərində irbuynuzlu mal-qaranın saxlanmasına icazə verən norma da qanunvericilikdə mövcud deyil, cavabdehin həyətində olan tövlə isə qanunsuz tikilidir və heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan təqdirdə iddiaçının iddiası təmin edilərək cavabdehə məxsus qanunsuz tikili olan tövlə onun öz hesabına sökülməlidir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 153.1, 153.4, 157.4, 170.1 və 170.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 76, 77.1, 77.3, 78.2, 82.4, 89, 119, 191.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-3024/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı qismində məhkəmədə izahat verən İddiaçı ona qarşı qərəzli mövqe tutur. Evinin qarşısında tikilən əl damına əlavə əşyalarını və kənd təsərrüfat təyinatlı mallar yığmaq üçün istifadə edirlər. Ona məxsus tövlədə toyuq-cücə saxlayırlar. Hal-hazırda iddiaçı tələb etdiyi ona məxsus tikilidə heç bir iribuynuzlu mal-qara saxlanılmır. Bərdə rayon Gigiyena və Epidimalogiya mərkəzi tərəfindən verilmiş rəy qərəzlidir. Ona görə ki, yarım tikilidə yoxlama olan zaman iribuynuzlu heyvan olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, onlar 1950-ci ildən Laçın rayonundan köçüb həmin ünvanda yaşayırlar. Mal-qaranın saxlanması üçün tikilmiş tikili ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasındaki məsafə əvvəllər 13-14 metr olmuşdur. İddiaçı fərdi yaşayış evini aldıqdan sonra evin ərazisini böyüdərək mal-qara üçün olan tikiliyə yaxınlaşdırmışdır. Hazırda isə təxmini olaraq 1 metr məsafə vardır. Həmin hissədə pəncərə yoxdur. Ancaq, iddiaçıya məxsus fərdi yaşayış evinin önündə pəncərə vardır. Həmçinin, mal-qaranın saxlanması üçün tikilmiş tikili onun bibisi olan X2 məxsus torpaq sahəsində yerləşir. Onların yaşadığı ev və torpaq sahəsi bibisinin mülkiyyətindədir. Cavabdeh adına deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

15. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

41. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

42. Məhkəmə kollegiyası ilkin olaraq göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən proesessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddianın iddiaya cavab verməli olmayan şəxsə verilməsini nəzərə almamış və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi məsələsinə qiymət verməmişdir.

43. Belə ki, Azərbaycan Respublikasının MPM-in 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

44. Mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

45. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunmuşdur ki, hazırki iş üzrə tələb qanunsuz tikilinin sökülməsindən ibarətdir. Belə olan təqdirdə İddiaçı, cavabdeh qismində isə X5 tanına bilər. Cavabdeh hazırkı tələb üzrə tərəf olması isə istisna təşkil edir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılmasını nəzərə almadan verilən tələb üzrə işə baxıb yekun məhkəmə aktı qəbul etmiş və nəticədə mülki prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görədə məhkəmə kolelgiyası hesab edir ki, qətnamə ləğv olunmalı, hazırkı cavabdehə münasibətdə iddia tələbinə baxılıb hüquqi qiymət verilməlidir.

46. Belə ki, Azərbaycan Respublikasının MPM-in 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

47. Azərbaycan Respublikasının MPM-in 54.2-ci maddəsində deyilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

48. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.

49. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikasının MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.

50. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.

51. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

52. Belə ki, müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın Bərdə şəhəri, Q.B.Zakir küçəsi, döngə 3-də yerləşən 6 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə bitişik mal tövləsi tikdirməsini və həmin tikilidən gələn üfunətdən evə yaşamağın mümkün olmadığını bildirmişdir. Lakin, həmin tikili cavabdehin mülkiyyətində olan torpaqda deyil, X1 mülkiyyətində olması müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

54. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

55. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

56. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

57. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

58. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh qeyd edilmişdir. Lakin, işin məhkəmə kollegiyası tərəfindən araşdırılmış faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yanında yerləşən iribuynuzlu mal-qaranın və ev quşlarının saxlanması üçün tikilmiş tikili X1 mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Çünki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmişn hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.m olan mənzil X1 xüsusi mülkiyyətindədir.

59. Azərbaycan Respublikasının MPM-in 54.1-ci maddəsində deyilir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

60. Həmçinin, məhkəmə kollegiyası tərəfindən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə və ya razılıq verməmişdir.

61. Halbuki, Azərbaycan Respublikasının MPM-in 54.2-ci maddəsində deyilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

63. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

64. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

65. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

66. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

67. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

68. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

73. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

74. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1.1, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3024/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar