Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-27/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi) Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-37/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş aplleyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-37/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı tərəfindən 5000 manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində 0.49 ha torpaq sahəsi üzərində yerləşən 102,7 kv.m ibarət olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinin eyni vaxta icra olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-37/2023 saylı qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən mülki iş üzrə iddiadan imtina barədə ərizəsi daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdi ki, digər məhkəmə qətnaməsi ilə cavabdeh mübahisəli mülkdən pay əldə etmişdir. Nəticə etibarı ilə cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə aradan qalxmışdır. Odur ki, iddiadan imtina barədə ərizənin icraata qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiadan imtina barədə ərizənin qəbul edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı tələbdən imtina etmiş və onun iddia tələbindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263-264, 370, 402.2 və 405.0.2 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-37/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-27/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-27/2025
08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver