Məhkəmə qərarları › İş №e-2(012)-435/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-435/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-435/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və N nömrəli hərbi hissəyə qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, onunla bacısı olan digər İddiaçı2 məcburi köçkün olmuş, sözügedən ev 1993-cü ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə onlara verilmişdir. Qeyd edilən ev birmərtəbəli evdir. Onun anası 2023-cü ildə vəfat etmişdir. O, anasının vəfat etməsi ilə əlaqədar işlər evi görməyə getmiş, həmin vaxt evin zəbt olunduğunu görmüşdür. Ona məxsus ev konkret olaraq Cavabdeh və Elşən adlı şəxs tərəfindən zəbt edilmişdir. Hazırda Cavabdeh həmin evdə yaşamasa da mübahisəli evə basqın edir, qapını döyür və onu narahat edir. O, bununla bağlı polisə şikayət etmiş, lakin cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Onlar 31 il müddətində orada yaşamışdırlar. Daha sonra o, ailə qurmuş və həmin evdən çıxmışdır. Anası vəfat etdiyi günə kimi sözügedən evdə yaşamışdır. İddiaçı2 anasının ölümü ilə bağlı dəfn və yas işlərini görmək üçün həmin evdən çıxmış, bu əsnada 2024-cü ilin fevral ayında, seçki günündə Cavabdeh evə daxil olmuşdur. Həmin vaxta kimi o, Cavabdeh tanımamışdır. Onlara məxsus evin qapısının açarı xarab olduğundan qapı açıq olmuş və onlar yalnız darvazanı bağlamışdırlar. Onların qonşusu Elşən adlı şəxs onlara cavabdehin evdə təxminən 1 həftə-10 gün müddətinə qalmasını xahiş etmiş, qardaşı isə buna razı olmuşdur. Halbuki onun ev ilə bağlı razılaşmadan xəbəri olmamışdır. Bildirir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə şifahi müraciət etmiş, lakin bir nəticə əldə etmək mümkün olmamış, bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əlavə olaraq bildirir ki, o, gec ailə həyatı qurmuşdur və anası vaxtilə evi ona vermişdir. O, sözügedən ev ilə bağlı heç vaxt alqı-satqı etməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək bildirdi ki, o da mübahisəli evdə yaşamış, daha sonra ayrı ev tikdikləri üçün həmin evdən çıxmış, mübahisəli evi isə bacısı olan İddiaçı1 vermişdir. Onlar, illərdir ki, sözügedən evdə yaşamış, anası həmin evdə vəfat etmişdir. Bildirir ki, onların qonşusu Məhəmmədəli kişinin oğlu Elşən 1 həftə - 10 gün müddətində cavabdehin həmin evdə qalmasını qardaşından xahiş etmiş, qardaşı buna razı olmuşdur. Göstərilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddiaçıların izahatına əlavə olaraq bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün olaraq Azərbaycan Respublikasının Ulu öndəri Heydər Əliyev tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə yerləşdirilmişdir, həmin vaxtdan etibarən də həmin fərdi yaşayış evində yaşayır və istifadə edirlər. Bu fakt Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2898/2024 saylı məktubla da öz təsdiqini tapır. Qeyd edir ki, Cavabdeh iddiaçıların sözügedən fərdi yaşayış evində olmamalarından istifadə edərək iddiaçılara məxsus evə icazə və ya razılıqları olmadan, iradələri ziddinə daxil olmuş və yaşamış, hətta bu ev Cavabdeh tərəfindən qanunsuz olaraq satılmışdır. İddiaçı2 bacısının evinə gedərkən qayıdanda görmüşdür ki, sözügedən ev zəbt olunmuşdur. İddiaçılar Cavabdeh və başqa şəxs tərəfindən döyülərək evdən çıxarılmış, bu hadisəyə görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edir ki, sözügedən ev hərbi hissənin balansında deyildir. Həmin şəxsin iddiaçılara məxsus sözügedən mənzildə yaşaması, həmin mənzildən iddiaçıların razılığı olmadan istədikləri kimi öz təyinatlarına uyğun istifadə etmələri, iddiaçıların öz əşyalarından istifadə etmələrinə əngəl, maneə yaratması iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh qanunsuz faktiki istifadəni həyata keçirir, iddiaçıların iradəsi olmadan özbaşınalıqla iddiaçıları öz əmlakına istifadədən məhrum etməyə çalışır. Belə olduğu halda iddiaçıların konstitusion hüquqları kobud surətdə pozulur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün normalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətin ən mühüm vəzifələrindən biri hesab edir. Cari mübahisəni məhkəmədən kənar cavabdeh ilə həll etməyə çalışsalar da buna müvəffəq ola bilməmişlər. Belə olan təqdirdə cavabdeh tərəfindən törədilən bu əməllər nəticəsində iddiaçıların Konstitusiya ilə qorunan hüquqları kobud surətdə pozulduğundan onlar ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab etmişlər. Cavabdeh ev ilə bağlı X2 pul verməsinin etirafı elə cavabdehin etiraz ərizəsində öz əksini tapmışdır. Bu, onu göstərir ki, pul iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməmişdir. Cavabdeh mənzilin iddiaçıların qardaşı tərəfindən satıldığını bildirsə də sözügedən ev dövlət tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların anasına verilmişdir. Ev ilə bağlı pulun X2 verilməsi audio-yazıda öz təsdiqini tapmışdır. Lakin səs yazıları barədə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında qeyd edilmişdir ki, səs yazıları yazılarkən bununla bağlı qarşı tərəf xəbərdar olunmalıdır. Səs yazıları mötəbər sübut deyildir və sübutlar siyahısından çıxarılmalıdır. Cavabdeh 2024-cü ilin aprel ayında X8 16000 manat pul verərək X1 ev aldığını bildirmiş, X3 tərəfindən sözügedən evin Cavabdeh satılması faktı təsdiq edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Köçəri adında qardaşları vardır. O, Köçəri adlı şəxsə 16000 manat pul verərək evi almışdır. Prosesdə adları çəkilən Elşən və Hüseyn adlı şəxslər isə iddiaçıların qonşusudur. Köçəri vaxtilə açarı ona verib evi boşaltdığını bildirmişdir. O, Köçəri ilə ev barədə qeyri-rəsmi şəkildə alqı-satqı etmişdir, belə ki, Köçəri ona söz vermişdir ki, evi onun adına sənədləşdirəcəkdir. Qeyd edir ki, Köçəri özü də evi satması ilə bağlı pul aldığını etiraf etmişdir. O, Köçəriyə əvvəlcə 14000 manat, daha sonra isə 2000 manat pul verərək evi almışdır. Sözügedən evə quraşdırılmış işıq və qaz sayğacları İddiaçı2 adına qeydiyyatdadır. Köçəri polis idarəsində verdiyi ifadə də evi müəyyən qiymətə satdığını etiraf etmişdir. O, icazə olmadan evə girə bilməzdi. Evi alsa da hələki ev ilə bağlı kommunal sayğacları öz adına keçirməmişdir. Qeyd edir ki, evi alanda həmin evin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məxsus olduğunu bilməmişdir, belə ki, evi aldığı zaman iddiaçılar bu barədə ona heç nə deməmiş, onunla iddiaçılar arasında sadəcə torpaq sahəsinin ölçüsü ilə bağlı mübahisə yaranmışdır. O, evi almaq üçün 2024-cü ilin yanvar ayında qarşı tərəf ilə danışıqlara başlamışdır, artıq mart ayından orada qalır. Evi aldıqdan sonra evdəki əşyaları çıxarmaq üçün Köçəri ondan 15 gün vaxt istəmiş, o isə Köçəriyə 1 ay vaxt vermişdir. 1 ay keçdikdən sonra isə Köçəri yenə də ondan 5-6 gün vaxt istəmiş və mart ayında artıq həmin evdən çıxmışlar. Evdə iddiaçılara məxsus əşyalardan yalnız dolab qalmış, İddiaçı2 Köçəri ilə həmin dolabı çıxarmağa gəlmişdi. Evin açarını isə ona Köçəri vermişdir. İki nəfərin döyülmə faktı ilə bağlı cinayət işi açılmış, İddiaçı2 oğlu Rəsulu polis idarəsinə çağırmışdılar. Polis idarəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərardan sonra yenidən döyülmə faktı olmuş, yenidən Rəsul tərəfindən ona əl qaldırılmışdır. İddiaçılar onun cinayət işinin başlanması barədə şikayətini geri götürməyini, qarşılığında onların bu mülki işdən əl çəkəcəklərini bildirmişdirlər. Bildirir ki, sözügedən evin inşa edildiyi torpaq sahəsi dövlət mülkiyyətində, hərbi hissənin balansındadır. İmkansızlıq ucbatından, kirayə qaldığı üçün o, sənədsiz evə pul vermişdir. Qeyd edir ki, dövlət tərəfindən həmin ərazinin götürülməsinə etiraz etmir. Qarşı tərəf həmin yeri yenidən satıb onun pulunu vermək istəyirdilər. Bildirir ki, o, İİ Qarabağ Müharibəsi və Aprel döyüşlərinin iştirakçısıdır. Hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş evi satmaq hüquqları yoxdur. İddiaçılar başqa əraziləri də belə satmışdırlar, belə ki, hər birinin öz evləri vardır. İddiaçıların evin alqı-satqısından xəbərləri olmuşdur və bununla bağlı səs yazıları da mövcuddur. Məhkəməyə təqdim olunmuş səs yazılarında da qeyd edilmişdir ki, pulu ondan almışlar və ona yenidən verəcəklər. Bildirir ki, o, səs yazılarını yazarkən bu barədə qarşı tərəfi xəbərdar etmişdir. Seçki günündə pulu ona qaytarmaq üçün iddiaçılar ondan 15 gün vaxt istəmişdirlər. O, 16000 manat pulu Köçəriyə vermiş, Köçəri isə evin artıq ona məxsus olduğunu demişdir. 2024-cü ilin yanvar ayında Köçəri 15 gün ona möhlət verilməsini xahiş etmişdir. O vaxta qədər Köçəriyə ancaq 14000 manat pul vermişdi. Daha sonra Köçəri 4-5 gün də vaxt istəmiş, o da Köçəriyə bir ay vaxt vermişdir. Köçəri yenə də ondan 5-6 günlük möhlət istəmiş, 5-6 gündən sonra isə torpağın ölçüləri və darvazaya görə qarşı tərəf ondan əlavə pul istəmişdir. O, 2000 manat pulu Köçəriyə bacıları olan iddiaçıların yanında vermiş və hasar çəkdirmişdir. O, mart ayında evə köçmüşdür. İddiaçı2 oğlu da evin hasarını uçurduqlarını polis idarəsində etiraf etmişdir. İddiaçılar ona mart ayında, yəni evə köçdükdən sonra ölçülərlə bağlı problem olduğuna görə bildirdilər ki, evdən çıxsın. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin və N nömrəli hərbi hissənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, o, məhkəmədə deyilənləri qəbul etmir və təkzib edir. Belə ki, o, Cavabdeh pul almamış, mübahisəli evi cavabdehə satmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış 02 avqust 2024-cü il tarixli, 3-36-3/2-2898/2024 nömrəli cavab məktubundan görünür ki, komitədə olan məlumata əsasən məktubda adları çəkilən vətəndaşların müvəqqəti məskunlaşdıqları ünvan barədə məlumat aşağıdakı kimi qeyd edilmişdir: 1. İddiaçı2 – Abşeron rayonu, Aşağı Güzdək kəndi; 2. İddiaçı1 - Abşeron rayonu, Aşağı Güzdək kəndi. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə və Abşeron RPİ-nin Qobu PB-nə müraciət edərək Rəsul adlı şəxsin xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində onu döyməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Pirəkəşkül qəsəbəsində yerləşən ona məxsus hasarın bir hissəsinin Köçəri Qədimalıyev tərəfindən sökülərək ona ümumilikdə 350 manat maddi ziyan vurulması barədə məlumat vermiş, həmçinin X3 xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə müraciət edərək tanımadığı şəxslərin onun evinə gələrək öldürməklə hədələmələri barədə məlumat vermişdir. X3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən, ona məxsus təmirsiz fərdi yaşayış evini 16000 manata Cavabdeh satmışdır. Həmin pulun 14000 manatını nağd şəkildə əvvəlcədən almışdır. Evi satdıqdan sonra həmin evin torpaq sahəsinin ölçüsü ilə bağlı bir neçə dəfə Məhəmməd ilə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yas mərasimi təşkil edəcəyi üçün onların evinə qonaqlar gəlməli olduğundan o da yolu qısaltmaq üçün Məhəmmədin çəkdiyi hasarın təxminən 3 metr enində olan hissəsini sökmüşdür ki, gələcək qonaqlar üçün gediş-gəliş rahat olsun və daha sonra həmin hasarı yenidən bərpa etsin. Həmin hasarı sökərkən bu barədə Məhəmmədə məlumat verməmiş və qanun pozuntusuna yol verməyini səmimi şəkildə etiraf etmişdir. “102” xidmətinə məlumat verərkən anlaşılmazlıq olduğunu, sadəcə Məhəmmədin bir neçə nəfər şəxslə yaşadığı ünvana gəldikdə o, hansısa dava olacağını zənn edib qabaqcadan polisə məlumat vermişdir. O, heç kəsin onu hədələmədiyini və ərizə yazmaqdan imtina etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdırlar və iddiaçılar bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduqlarını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiklərindən iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin iddiaçılar məhkəməyə göstərilən fərdi yaşayış evinin onlara məxsus olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş, mübahisə predmeti olan fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən onlara verildiyini bildirsələr də iddiaçılar tərəfindən bu faktı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmiş, yalnız yeganə sübut kimi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış 02 avqust 2024-cü il tarixli, 3-36-3/2-2898/2024 nömrəli cavab məktubuna istinad etmişlər ki,həmin məktun da iddianın təmin edilməsinə əsas hesab edlə bilməz,belə ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir.Lakin,sübutların tədqiqatı zamanı belə bir müqavilənin mövcudluğu müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçıların üzərində olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıların cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasının mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Həmçinin məhkəmə iclasında iddiaçılar onlara məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən zəbt olunduğunu, həmçinin məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində mübahisəli evi Cavabdeh satmadığını və cavabdehdən pul almadığını bildirsə də iddiaçıların izahatında və şahidin ifadəsində qeyd etdiyi xüsusatlar iş materiallarında olan sənədlər ilə tam təkzib olunur. Belə ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə və Abşeron RPİ-nin Qobu PB-nə müraciət edərək Rəsul adlı şəxsin xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində onu döyməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Pirəkəşkül qəsəbəsində yerləşən ona məxsus hasarın bir hissəsinin Köçəri Qədimalıyev tərəfindən sökülərək ona ümumilikdə 350 manat maddi ziyan vurulması barədə məlumat vermiş, həmçinin X3 xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə müraciət edərək tanımadığı şəxslərin onun evinə gələrək öldürməklə hədələmələri barədə məlumat vermiş, araşdırma zamanı izahatı alınmış X3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən, ona məxsus təmirsiz fərdi yaşayış evini 16000 manata Cavabdeh satmışdır. Həmin pulun 14000 manatını nağd şəkildə əvvəlcədən almışdır. Evi satdıqdan sonra həmin evin torpaq sahəsinin ölçüsü ilə bağlı bir neçə dəfə Məhəmməd ilə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yas mərasimi təşkil edəcəyi üçün onların evinə qonaqlar gəlməli olduğundan o da yolu qısaltmaq üçün Məhəmmədin çəkdiyi hasarın təxminən 3 metr enində olan hissəsini sökmüşdür ki, gələcək qonaqlar üçün gediş-gəliş rahat olsun və daha sonra həmin hasarı yenidən bərpa etsin. Həmin hasarı sökərkən bu barədə Məhəmmədə məlumat verməmiş və qanun pozuntusuna yol verməyini səmimi şəkildə etiraf etmişdir. “102” xidmətinə məlumat verərkən anlaşılmazlıq olduğunu, sadəcə Məhəmmədin bir neçə nəfər şəxslə yaşadığı ünvana gəldikdə o, hansısa dava olacağını zənn edib qabaqcadan polisə məlumat vermişdir. O, heç kəsin onu hədələmədiyini və ərizə yazmaqdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçılar müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evini həmin ev üzərində mülkiyyət hüququ əldə etmədən qeyri-qanuni olaraq şifahi razılıq əsasında Cavabdeh satmış və sözügedən evin alqı-satqısında məhkəmədə şahid qismində dindirilmiş iddiaçıların qardaşı X3 da iştirak etmişdir, Cavabdeh hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə faktiki sahiblik edir. Bundan əlavə məhkəmə tərəfindən işin obyektiv həllinə nail olmaq məqsədi ilə mübahisə predmeti olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, sözügedən evə baxış zamanı həyətə girişin darvaza vasitəsilə olduğu, mübahisəli evin girişdən sol tərəfdə yerləşdiyi, həyətdə bir hissəsi uçmuş hasarın mövcud olduğunu, uçurulmuş hasardan irəlidə İddiaçı1 məxsus ayrıca fərdi yaşayış evin, darvazadan həyətə girməmiş isə digər İddiaçı2 yaşadığı başqa bir fərdi yaşayış evin olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdakılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və N nömrəli hərbi hissəyə qarşı Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar