Məhkəmə qərarları › İş №2(105)-836/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-836/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-836/2025 01.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi, N nömrəli hərbi hissə, Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi) qarşı (Açar sözlər: evdən çıxarılma-subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-435/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış 02 avqust 2024-cü il tarixli, 3-36-3/2-2898/2024 nömrəli cavab məktubundan görünür ki, komitədə olan məlumata əsasən məktubda adları çəkilən vətəndaşların müvəqqəti məskunlaşdıqları ünvan barədə məlumat aşağıdakı kimi qeyd edilmişdir: 1. İddiaçı2 – Abşeron rayonu, Aşağı Güzdək kəndi; 2. İddiaçı1 - Abşeron rayonu, Aşağı Güzdək kəndi.

2. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

3. Həmin qərarda qeyd edilmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə və Abşeron RPİ-nin Qobu PBnə müraciət edərək Rəsul adlı şəxsin xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində onu döyməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Pirəkəşkül qəsəbəsində yerləşən ona məxsus hasarın bir hissəsinin Köçəri Qədimalıyev tərəfindən sökülərək ona ümumilikdə 350 manat maddi ziyan vurulması barədə məlumat vermiş, həmçinin X2 xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə müraciət edərək tanımadığı şəxslərin onun evinə gələrək öldürməklə hədələmələri barədə məlumat vermişdir. X2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən, ona məxsus təmirsiz fərdi yaşayış evini 16000 manata Cavabdeh satmışdır. Həmin pulun 14000 manatını nağd şəkildə əvvəlcədən almışdır. Evi satdıqdan sonra həmin evin torpaq sahəsinin ölçüsü ilə bağlı bir neçə dəfə Məhəmməd ilə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yas mərasimi təşkil edəcəyi üçün onların evinə qonaqlar gəlməli olduğundan o da yolu qısaltmaq üçün Məhəmmədin çəkdiyi hasarın təxminən 3 metr enində olan hissəsini sökmüşdür ki, gələcək qonaqlar üçün gediş-gəliş rahat olsun və daha sonra həmin hasarı yenidən bərpa etsin. Həmin hasarı sökərkən bu barədə Məhəmmədə məlumat verməmiş və qanun pozuntusuna yol verməyini səmimi şəkildə etiraf etmişdir. “102” xidmətinə məlumat verərkən anlaşılmazlıq olduğunu, sadəcə Məhəmmədin bir neçə nəfər şəxslə yaşadığı ünvana gəldikdə o, hansısa dava olacağını zənn edib qabaqcadan polisə məlumat vermişdir. O, heç kəsin onu hədələmədiyini və ərizə yazmaqdan imtina etdiyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə onlara məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. İddiaçı tərəf iddiasını onunla əsaslandırıb ki, hər iki iddiaçı məcburi köçkün olmuş, sözügedən ev 1993-cü ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə onlara verilmişdir. Qeyd edilən ev birmərtəbəli evdir. Onun anası 2023-cü ildə vəfat etmişdir. O, anasının vəfat etməsi ilə əlaqədar evi görməyə getmiş, həmin vaxt evin zəbt olunduğunu görmüşdür. Ona məxsus ev konkret olaraq Cavabdeh və Elşən adlı şəxs tərəfindən zəbt edilmişdir. Hazırda Cavabdeh həmin evdə yaşamasa da mübahisəli evə basqın edir, qapını döyür və onu narahat edir. O, bununla bağlı polisə şikayət etmiş, lakin cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Onlar 31 il müddətində orada yaşamışdırlar. Daha sonra o, ailə qurmuş və həmin evdən çıxmışdır. Anası vəfat etdiyi günə kimi sözügedən evdə yaşamışdır. İddiaçı2 anasının ölümü ilə bağlı dəfn və yas işlərini görmək üçün həmin evdən çıxmış, bu əsnada 2024-cü ilin fevral ayında, seçki günündə Cavabdeh evə daxil olmuşdur. Həmin vaxta kimi o, Cavabdeh tanımamışdır. Onlara məxsus evin qapısının açarı xarab olduğundan qapı açıq olmuş və onlar yalnız darvazanı bağlamışdırlar. Onların qonşusu Elşən adlı şəxs onlara cavabdehin evdə təxminən 1 həftə-10 gün müddətinə qalmasını xahiş etmiş, qardaşı isə buna razı olmuşdur. Halbuki onun ev ilə bağlı razılaşmadan xəbəri olmamışdır. Bildirir ki, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə şifahi müraciət etmiş, lakin bir nəticə əldə etmək mümkün olmamış, bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əlavə olaraq bildirir ki, o, gec ailə həyatı qurmuşdur və anası vaxtilə evi ona vermişdir. O, sözügedən ev ilə bağlı heç vaxt alqı-satqı etməmişdir. Qeyd edilənlərə əsasən iddia təmin edilməlidir.

6. Cavabdeh iddiaya etiraz ünvanlayaraq bildirib ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Köçəri adında qardaşları vardır. O, Köçəri adlı şəxsə 16000 manat pul verərək evi almışdır. Prosesdə adları çəkilən Elşən və Hüseyn adlı şəxslər isə iddiaçıların qonşusudur. Köçəri vaxtilə açarı ona verib evi boşaltdığını bildirmişdir. O, Köçəri ilə ev barədə qeyri-rəsmi şəkildə alqı-satqı etmişdir, belə ki, Köçəri ona söz vermişdir ki, evi onun adına sənədləşdirəcəkdir. Qeyd edir ki, Köçəri özü də evi satması ilə bağlı pul aldığını etiraf etmişdir. O, Köçəriyə əvvəlcə 14000 manat, daha sonra isə 2000 manat pul verərək evi almışdır. Sözügedən evə quraşdırılmış işıq və qaz sayğacları İddiaçı2 adına qeydiyyatdadır. Köçəri polis idarəsində verdiyi ifadə də evi müəyyən qiymətə satdığını etiraf etmişdir. O, icazə olmadan evə girə bilməzdi. Evi alsa da hələki ev ilə bağlı kommunal sayğacları öz adına keçirməmişdir. Qeyd edir ki, evi alanda həmin evin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məxsus olduğunu bilməmişdir, belə ki, evi aldığı zaman iddiaçılar bu barədə ona heç nə deməmiş, onunla iddiaçılar arasında sadəcə torpaq sahəsinin ölçüsü ilə bağlı mübahisə yaranmışdır. O, evi almaq üçün 2024-cü ilin yanvar ayında qarşı tərəf ilə danışıqlara başlamışdır, artıq mart ayından orada qalır. Evi aldıqdan sonra evdəki əşyaları çıxarmaq üçün Köçəri ondan 15 gün vaxt istəmiş, o isə Köçəriyə 1 ay vaxt vermişdir. 1 ay keçdikdən sonra isə Köçəri yenə də ondan 5-6 gün vaxt istəmiş və mart ayında artıq həmin evdən çıxmışlar. Evdə iddiaçılara məxsus əşyalardan yalnız dolab qalmış, İddiaçı2 Köçəri ilə həmin dolabı çıxarmağa gəlmişdi. Evin açarını isə ona Köçəri vermişdir. İki nəfərin döyülmə faktı ilə bağlı cinayət işi açılmış, İddiaçı2 oğlu Rəsulu polis idarəsinə çağırmışdılar. Polis idarəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərardan sonra yenidən döyülmə faktı olmuş, yenidən Rəsul tərəfindən ona əl qaldırılmışdır. İddiaçılar onun cinayət işinin başlanması barədə şikayətini geri götürməyini, qarşılığında onların bu mülki işdən əl çəkəcəklərini bildirmişdirlər. Bildirir ki, sözügedən evin inşa edildiyi torpaq sahəsi dövlət mülkiyyətində, hərbi hissənin balansındadır. İmkansızlıq ucbatından, kirayə qaldığı üçün o, sənədsiz evə pul vermişdir. Qeyd edir ki, dövlət tərəfindən həmin ərazinin götürülməsinə etiraz etmir. Qarşı tərəf həmin yeri yenidən satıb onun pulunu vermək istəyirdilər. Bildirir ki, o, İİ Qarabağ Müharibəsi və Aprel döyüşlərinin iştirakçısıdır. Hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş evi satmaq hüquqları yoxdur. İddiaçılar başqa əraziləri də belə satmışdırlar, belə ki, hər birinin öz evləri vardır. İddiaçıların evin alqı-satqısından xəbərləri olmuşdur və bununla bağlı səs yazıları da mövcuddur. Məhkəməyə təqdim olunmuş səs yazılarında da qeyd edilmişdir ki, pulu ondan almışlar və ona yenidən verəcəklər. Bildirir ki, o, səs yazılarını yazarkən bu barədə qarşı tərəfi xəbərdar etmişdir. Seçki günündə pulu ona qaytarmaq üçün iddiaçılar ondan 15 gün vaxt istəmişdirlər. O, 16000 manat pulu Köçəriyə vermiş, Köçəri isə evin artıq ona məxsus olduğunu demişdir. 2024-cü ilin yanvar ayında Köçəri 15 gün ona möhlət verilməsini xahiş etmişdir. O vaxta qədər Köçəriyə ancaq 14000 manat pul vermişdi. Daha sonra Köçəri 4-5 gün də vaxt istəmiş, o da Köçəriyə bir ay vaxt vermişdir. Köçəri yenə də ondan 5-6 günlük möhlət istəmiş, 5-6 gündən sonra isə torpağın ölçüləri və darvazaya görə qarşı tərəf ondan əlavə pul istəmişdir. O, 2000 manat pulu Köçəriyə bacıları olan iddiaçıların yanında vermiş və hasar çəkdirmişdir. O, mart ayında evə köçmüşdür. İddiaçı2 oğlu da evin hasarını uçurduqlarını polis idarəsində etiraf etmişdir. İddiaçılar ona mart ayında, yəni evə köçdükdən sonra ölçülərlə bağlı problem olduğuna görə bildirdilər ki, evdən çıxsın. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-435/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdırlar, buna görə də iddia rədd edilməlidir. Belə ki, iddiaçılar məhkəməyə göstərilən fərdi yaşayış evinin onlara məxsus olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş, mübahisə predmeti olan fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən onlara verildiyini bildirsələr də bu faktı təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim etməmişlər. Onlar yalnız yeganə sübut kimi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış 02 avqust 2024-cü il tarixli, 3-36-3/2-2898/2024 nömrəli cavab məktubuna istinad etmişlər ki, həmin məktub da iddianın təmin edilməsinə əsas hesab edilə bilməz.

9. İddiaçılar onlara məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən zəbt olunduğunu, həmçinin məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində mübahisəli evi Cavabdeh satmadığını və cavabdehdən pul almadığını bildirsə də iddiaçıların izahatında və şahidin ifadəsində qeyd etdiyi xüsusatlar iş materiallarında olan sənədlər ilə tam təkzib olunur. Belə ki, Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən, ona məxsus təmirsiz fərdi yaşayış evini 16000 manata Cavabdeh satmışdır. Həmin pulun 14000 manatını nağd şəkildə əvvəlcədən almışdır. Evi satdıqdan sonra həmin evin torpaq sahəsinin ölçüsü ilə bağlı bir neçə dəfə Məhəmməd ilə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yas mərasimi təşkil edəcəyi üçün onların evinə qonaqlar gəlməli olduğundan o da yolu qısaltmaq üçün Məhəmmədin çəkdiyi hasarın təxminən 3 metr enində olan hissəsini sökmüşdür ki, gələcək qonaqlar üçün gediş-gəliş rahat olsun və daha sonra həmin hasarı yenidən bərpa etsin. Həmin hasarı sökərkən bu barədə Məhəmmədə məlumat verməmiş və qanun pozuntusuna yol verməyini səmimi şəkildə etiraf etmişdir. “102” xidmətinə məlumat verərkən anlaşılmazlıq olduğunu, sadəcə Məhəmmədin bir neçə nəfər şəxslə yaşadığı ünvana gəldikdə o, hansısa dava olacağını zənn edib qabaqcadan polisə məlumat vermişdir. O, heç kəsin onu hədələmədiyini və ərizə yazmaqdan imtina etdiyini bildirmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçılar müvəqqəti məskunlaşdıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evini həmin ev üzərində mülkiyyət hüququ əldə etmədən qeyriqanuni olaraq şifahi razılıq əsasında Cavabdeh satmış və sözügedən evin alqı-satqısında məhkəmədə şahid qismində dindirilmiş iddiaçıların qardaşı X2 da iştirak etmişdir, Cavabdeh hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə faktiki sahiblik edir. Göstərilənlərə əsasən məhkəmə sonda iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olmaması əsası ilə iddia tələbini rədd etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.4, 88, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-435/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar və mərhum anaları zamanında məcburi köçkün olaraq Azərbaycan Respublikasının Ulu öndəri Heydər Əliyev tərəfindən Abşeron rayonu, AşağıGüzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə yerləşdirilmişlərsə, burada yaşamaq hüququ birbaşa onlara məxsusdur. Məhkəmə həmin mənzilə münasibətdə iddiaçıların subyektiv hüquqa malik olmadığını qeyd etsə də, eyni zamanda evin iddiaçılar tərəfindən Cavabdeh satıldığını qəbul edərək ziddiyyətli mövqe nümayiş etdirmişdir. Halbuki iddiaçılar məcburi köçkün olduqları vaxtdan mübahisəli ünvanda məskunlaşmışlar. Bu faktlar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2898/2024 saylı məktubunda təsdiq edilmişdir. Həmin mübahisəli ünvan artıq uzun illərdən bəri istifadəmizdələrindədir və evin bütün işıq və qaz sayğacları da məhz İddiaçı2 adına qeydiyyatdadır. Cavabdeh sözügedən fərdi yaşayış evində olmamalarından istifadə edərək, icazəsiz evə daxil olmuş, yaşamış, hətta evi qanunsuz olaraq satmışdır. İddiaçı2 evə qayıdanda görmüşdür ki, sözügedən ev zəbt olunmuşdur. İddiaçılar onlara məxsus fərdi yaşayış evindən Cavabdeh və başqa şəxs tərəfindən döyülərək çıxarılmış, bu hadisəyə görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda da cavabdeh həmin evdən qanunsuz faktiki istifadəni davam etdirir. Bütün bu hallar iddiaçıların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Cavabdehin ev ilə bağlı X1 pul verməsinin etirafı elə cavabdehin etiraz ərizəsində öz əksini tapmışdır. Bu, onu göstərir ki, pul iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməmişdir. İddiaçılar və Cavabdeh arasında mübahisəli mənzilin və ya digər mənzilin alınıb-satılması üçün hər hansı bir danışıq olmamışdır. Halbuki həmin ev dövlət tərəfindən X1 deyil, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların anasına verilmişdir. İşə baxan məhkəmə göstərilən halları aydınlaşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etməklə onların hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən yazılı etiraz verilmişdir. Etirazda qeyd olunur ki, iddiaçı tərəfin mübahisələndirilən əmlaka dair hər hansı yaşamaq hüququnu müəyyən edən sənəd mövcud deyildir. Eləcə də iddiaçıların mübahisəli əmlaka sahiblik hüququ da mövcud deyildir. Digər tərəfdən iddiaçı tərəf iddia ərizəsində, həmçinin apellyasiya şikayətində mülkiyyət hüququ ilə bağlı qanunvericiliyə istinad edir ki, mübahisəli əmlaka dair onların heç bir mülkiyyət hüququndan söhbət gedə bilməz. Göstərilənlərə əsasən sonda apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, aprel döyüşlərində və X8 döyüşlərində iştirak etmişdir, müharibə veteranıdır. Təxminən 1 il əvvəl hazırkı mübahisəli evlə bağlı alqı-satqı münasibətləri olmuşdur. Torpaq sahəsi Aşağı Güzdək qəsəbəsində, Pirəkəşkül ərazisində yerləşir və həmin torpaq sahəsinin hər hansısa sənədi yoxdur. Həmin əmlakı İddiaçı2 və onun qardaşı Qədimalıyev Köçəridən almışdır. Ailə üzvlərinin hər birinin həmin əmlakın ona satılmasından məlumatı olub, amma hazırda bunu təkzib edirlər, əlavə problemlər yaradırlar. Məhkəməyə səs yazıları təqdim edilmişdir ki, həmin səs yazılarında əmlakın ona satılmasını iddiaçılar etiraf ediblər. Hazırda isə əmlakın ona satılmadığını bildirirlər. Torpaq sahəsinin qiymətini ümumilikdə 16000 manata razılaşmış, 14000 manatı əvvəlcədən ödəmiş, qalan 2000 manatı isə evə daxil olub yerləşdikdə vermişdir. O, evə daxil olduqda ev tam şəkildə boşaldılmışdı. Mübahisə ilə əlaqədar polis bölməsində iddiaçı tərəf izahat verərək etiraf edib ki, həmin yeri ona satıblar. Lakin hazırda isə bunu təkzib edərək bildirirlər ki, guya o qanunsuz şəkildə həmin yerdə tikinti işi aparmışdır. İddiaçı2 oğlu onu döyüb, həmin hadisə ilə bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə cinayət işi Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın icraatındadır. O, mübahisə yarandığı vaxtdan qarşı tərəfə ödədiyi pulu qaytaracaqları təqdirdə evdən çıxacağını bildirmişdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin, N nömrəli hərbi hissənin, Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.

16. İddiaçı1 vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək səhhətində baş vermiş narahatlığa görə iclasda iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də məhkəmə iclasının təxirə salınmasını, əgər iclası təxirə salmaq mümkün hesab edilməzsə, o zaman apellyasiya şikayətlərinin tam şəkildə təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-435/2025 nömrəli qətnaməsinin ləğv edilib, məcburi köçkünlərin öz evlərinə köçürülməsinə, cavabdehin həmin mənzildən çıxarılmasına dair iddialarının təmin edilməsini xahiş etmişdir.

17. İştirak etdiyi məhkəmə iclasında İddiaçı1 vəkili Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin özünün etirafına əsasən mübahisəli əmlakla bağlı onunla iddiaçıların qardaşı arasında razılaşma mövcud olub. Halbuki həmin əmlak şəhid ailəsi üzvü kimi hələ analarının sağlığında analarına və iddaçılara verilmişdir. Bu evdə daimi olaraq iddiaçılar yaşayıblar. Həmin evlə bağlı kənar şəxslərin hər hansı formada razılaşmaları mümkün deyildir. Bununla belə bildirdi ki, iddiaçıların qardaşı Köçəri birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid kimi ifadə verən zaman ona cavabdeh tərəfindən hər hansı ödəniş olmadığı bildirmişdir. Polis bölməsində verilən izahatı isə oxumadan imzaladığını, orada yazılanlardan məlumatsız olduğunu bildirmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-435/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfln izahatı (o cümlədən iddiaçı tərəfin əvvəlki iclaslarda vermiş olduğu izahatları) və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(012)-435/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı iddia tələbi cavabdehin fərdi yaşayış evindən çıxarılması barədədir.

25. Araşdırılan işin faktiki hallarından müəyyən edildi ki, iddiaçılar məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissə adlanan ərazidə yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

26. İddia onunla əsaslandırılmışdır ki, hər iki iddiaçı məcburi köçkün olmaqla həmin evdə yaşamışlar. Anaları 2023-cü ildə vəfat etmişdir. Həmin ərəfədə evə getdikdə evin cavabdeh tərəfindən zəbt olunduğunu görmüşlər. Bundan sonra cavabdehdən evi tərk etməsini tələb etmişlər, lakin hər hansı nəticəsi olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

27. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, mübahisəli ev iddiaçıların qardaşı Köçəriyə məxsus olmuş və o həmin evi 16000 manat müqabilində almışdır. Hər hansı zəbtdən söhbət gedə bilməz. İddia tələbinə qeyd olunanlar əsassızdır. Bundan əlavə iddiaçılar ev alınan vaxtdan məlumatlı idilər, hətta öz əşyalarını da həmin evdən çıxarmışlar. Sadəcə, hasar çəkilən vaxt 1-2 metrin mübahisəsi yarandığından, iddiaçılar ondan əlavə pul almaq istəyirlər. O, ilk gündən bildirmişdir ki, əgər ödəmiş olduğu pul geri qaytarılsa evdən çıcxmağa razıdır.

28. İşdən görünür ki, tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar Abşeron RPİ-yə müraciət olunmuş və bununla bağlı 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, X2 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən, ona məxsus təmirsiz fərdi yaşayış evini 16000 manata Cavabdeh satmışdır. Həmin pulun 14000 manatını nağd şəkildə əvvəlcədən almışdır. Evi satdıqdan sonra həmin evin torpaq sahəsinin ölçüsü ilə bağlı bir neçə dəfə Məhəmməd ilə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yas mərasimi təşkil edəcəyi üçün onların evinə qonaqlar gəlməli olduğundan o da yolu qısaltmaq üçün Məhəmmədin çəkdiyi hasarın təxminən 3 metr enində olan hissəsini sökmüşdür ki, gələcək qonaqlar üçün gediş-gəliş rahat olsun və daha sonra həmin hasarı yenidən bərpa etsin. Həmin hasarı sökərkən bu barədə Məhəmmədə məlumat verməmiş və qanun pozuntusuna yol verməyini səmimi şəkildə etiraf etmişdir. “102” xidmətinə məlumat verərkən anlaşılmazlıq olduğunu, sadəcə Məhəmmədin bir neçə nəfər şəxslə yaşadığı ünvana gəldikdə o, hansısa dava olacağını zənn edib qabaqcadan polisə məlumat vermişdir. O, heç kəsin onu hədələmədiyini və ərizə yazmaqdan imtina etdiyini bildirmişdir.

29. Beləliklə işin araşdırılan hallarını nəzərə alaraq kollegiya yaranmış mübahisə üzrə işə baxan məhkəmənin hüquqi əsaslandırmasını işin hallarına uyğun, qanuni və əsaslı mövqe hesab edərək aşağıdakıları qeyd edir.

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.

32. Bununla bağlı apellyasiya kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

33. Göstərilən kontekstdən yanaşaraq apellyasiya kollegiyası belə nəticəyə gəlir ki, həmin iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığından, digər şərtlərin mövcudluğunun yoxlanılmasına, sübutların qiymətləndirilməsinə zərurət yoxdur.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

35. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

36. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara görə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, eləcə də evin iddiaçıların mülkiyyətində olması halı təsdiq edilməmişdir. Habelə iddiaçılar bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. İddiaçıların israrla həmin fərdi yaşayış evinin məcburi köçkün kimi onlara verilməsi barədə dəlili isə yenə məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır.

37. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəf hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil.

38. Apellyasiya kollegiyası, tərəflərin təqdim etdiyi sübutlar həcmində mübahisənin həllinə ədalətli və obyektiv yanaşma baxımından qeyd edir ki, hazırki halda iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-435/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar