Məhkəmə qərarları › İş №e-2(012)-1325/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1325/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1325/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış evi xx.xx.2003-cü il tarixdən İddiaçı şəxsi mülkiyyətindədir. Bu faktı təsdiqləyən BTİ-nin qeydiyyat vəsiqəsi xx.xx.2003-cü il tarixdə 15934 №-li reyestr kitabında qeydə alınmışdır. İddiaçının keçmiş gəlini Cavabdeh 2012-ci il tarixdə onun oğlu X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların iki övladı doğulmuşdur. 2023-cü ildə nikah pozulmuşdur. Uşaqlar ananın yanında saxlanılmaqla, onlara aliment təyin edilmişdir. İddiaçının keçmiş gəlini onun evində qeydiyyatda olmamış, o hal-hazırda Xudatda qeydiyyatdadır. Bu fakt DİN-nin ******* №-li arayışı ilə də təsdiqlənir. İddiaçı yaşlı, xəstə adamdır, nə uşaq səsi eşitməyə, nədə ki, keçmiş ər-arvad arasında münaqişələrə qulaq asmağa halı qalmayıb. Ona görə də keçmiş gəlininin uşaqları ilə birgə onun evindən çıxarılması qərarına gəlmişdir. İddiaçı dəfələrlə bu barədə Güllərə müraciət etsə də, o, iddiaçının evindən çıxmaq istəmir. Gələcəkdə hər hansı münaqişənin yaranmaması üçün iddiaçı ilkin olaraq Mediasiyaya müraciət etmişdir. Lakin, cavabdeh Mediasiyaya gəlmədiyindən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Keçmiş gəlini Cavabdeh ona heç bir aidiyyəti olmayan evindən çıxmaq istəmir. Onun iddiaçının evindən çıxarılması yalnız məhkəmənin qətnaməsi ilə mümkündür. Digər məhkəmə qətnaməsinə əsasən oğlu Bəhruzun nikahı pozulmuş, uşaqların ananın yanında saxlanması və onlara aliment ödənilməsi qət edilmişdir. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh keçmiş gəlinidir. Hazırda keçmiş gəlini olan cavabdeh nə onunla, nədə ki, keçmiş əri olan oğlu Bəhruz Bəhrəmov ilə bir yerdə yaşaya bilmir, daima sözsöhbət, münaqişə yaradır. Bu səbəbdən də o, qanunun tələbinə əsasən cavabdehin ona məxsus mənzildən çıxarılmasını istəyir. Verilmiş suallara cavabında qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzildə hazırda, o, oğlu Bəhruz, keçmiş gəlini Güllər və nəvələri yaşayırlar. Ev qaynatasından ona miras əmlak kimi qalmışdır. Cavabdeh 2011-ci il tarixdə oğlu Bəhruz Bəhrəmov ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 2012-ci il tarixdə isə cavabdeh ona məxsus mənzilə köçüb yaşamağa başlamışdır. Cavabdeh hazırda ona məxsus mənzildə yaşayır. O, cavabdehin ona qarşı olan münasibətinə görə özünə məxsus mənzildə yaşaya bilmir. Bu səbəbdən də qızına məxsus evə gedib-gəlir. Cavabdehdən mənzilindən çıxmasını tələb etsə də, o bundan imtina edir. Cavabdehi mənzilinə qeydiyyata salmamışdır. Nəvələri də həmin mənzildə yaşayırlar. 2023-cü il tarixdə oğlu ilə keçmiş gələni Güllər arasında olan nikah pozulmuş, uşaqların anaları ilə qalması müəyyən edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh İddiaçı məxsus mənzildən çıxmır. Həmçinin mediasiya təşkilatına da gəlməmişdir. İddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh ilə X2 2009-cu il tarixə qədər ailə həyatı qursaydılar, cavabdehin həmin mənzildən istifadə hüququ yaranardı. Hazırki mübahisəyə isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 30.4-cü maddəsinə tətbiq olunacaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, 3 nömrəli evin yaşayış sahəsi 48,4 kv.m, köməkçi sahəsi sahəsi 21,3 kv.m olan 3 otaqdan ibarət 29 nömrəli mənzil İddiaçı adına Abşeron RDTİ və MHQİ-nin 298 nömrəli özəlləşmə qərarı əsasında xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçirilmişdir və bu barədə 15934 №li reyestr kitabında qeydiyyat aparılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 33-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 3 saylı evin 29 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının mənzilində məskunlaşmışdır, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh mənzili tərk etmir. Hazırda cavabdeh həmin mənzilə istifadə hüquqlarının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin iddiaçıya məxsus mənzili tərk etməməsi mülkiyyətçi kimi İddiaçı dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarını pozur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən mənzil İddiaçı mülkiyyətində olduğundan, tərəflər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin mübahisəli mənzilə dair heç bir hüququ olmadığından, cavabdeh mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim etmədiyindən o həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat Cavabdeh alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar