Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2702/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-678/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-678/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia ərizəsinin təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********04380) əsassız hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(015)-678/2023saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinni təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək ona əsassız hesablanmış borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun yaşadığı Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz sayğacına baxış keçirilmiş və yenisi ilə əvəz olunmuşdur. Sonradan məlum olmuşdur ki, əvvəlki sayğaca laboratoriyada baxış keçirilərək sayğacın hesablama mexanizminin qüsurlu olması barədə akt tərtib edilmişdir. İtirilmiş qazın sərfi ilə bağlı tərtib olunan xx.xx.2022-cü il tarixli ******* saylı aktın qanunvericiliyin tələblərinə uyğun olmadığına görə 1036,80 manat borcun silinməli olduğunun hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin dekabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022ci ilin dekabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin dekabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca ümumi baxış keçirildi. Sayğacın plasmas borusu deşilib. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini müəyyən etmir”. İş materiallarında olan abonent kodu **********04380 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə Elster G4T DİAFRAQMA qaz sayğacı quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 1036.80 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenna G4 tipli, zavod nömrəsi **********4 olan qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacın plasmas borusunun deşilməsi, hesablama mexanizminin keçən qazın həcmini müəyyən etməməsi müəyyən olunduğu göstərilərək iddiaçıya 1036.80 manat ziyan hesablanmışdır. Lakin həmin nasazlığın İddiaçı sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi məhkəmə iclasında təsdiqini tapmamışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlıvaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Ona görə də iddia təbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan abonentin saldosundan göründüyü kimi iddiaçının evinə aid qaz sayğacının göstəriciləri götürülərək sərfiyyata görə ödəniləcək məbləğlə bağlı qaz istifadəçisinə ödəniş sənədi verilmiş, istifadəçi isə öz növbəsində ödənişləri etmiş, ona sayğacla bağlı irad bildirilməmişdir. Odur ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 1036,80 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmişdir dəlilinə münasibətdə qeyd edir ki, işdə olan qaz sayğacının laboratoriya müayinəsinin nəticəsi olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda sayğacın çıxış plasmas borusunun deşildiyi və hesablama mexanizminin keçən qazın həcminin qeydə alınmadığı göstərilmiş olsa da, abonent saldosunda qaz sayğacının dəyişdirildiyi günədək hər ay sərfiyyatın olduğu və iddiaçı tərəfindən ödənişlərin edildiyi aydın şəkildə görünür. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-678/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2702/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2702/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver