Məhkəmə qərarları › İş №2(104)-2744/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2744/2023

15.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2744/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(023)-1052/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qazax şəhəri Qaçaq Kərəm küçəsində ailə üzvləri ilə birlikdə yaşayır və onun qazdan istifadəçi kimi abunə kodu **********00020-dir. 2022-ci ilin dekabr ayının axırlarında qaz sayğacında problem olduğuna görə X1 İstismar İdarəsinin Qazax rayon qaz xidmət sahəsinə müraciət etmişlər. Qazax rayon qaz xidmət sahəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacının problemini həll etmişlər. Bir neçə gündən sonra onun evinə gələn qaz dayandığı üçün yenidən müraciət etmiş, əməkdaşlar onun evinə gələrək sayğacın plombunu söküb, problemi həll etmişlər. Bir neçə gün sonra, yəni 05 yanvar 2023-cü il tarixdə Qazax rayon qaz xidmət sahəsinin əməkdaşları sayğacı söküb aparmışlar və yerinə yeni sayğac quraşdırmışlar. Həmin vaxtdan 4 ay keçdikdən sonra aylıq qaz sərfiyyatı haqqında bildiriş-xəbərdarlıq təqdim edilən zaman 1580,95 manat borc yazılmışdır. Bununla bağlı Qazax rayon qaz xidmət sahəsinə müraciət etdikdə ona Qazdan istifadə qaydalarının pozulması barədə aktı, abonentin saldosunu və Metrologiya İnstitutu tərəfindən verilmiş aktı təqdim etmişlər. Aktın aşkar olunmuş nöqsanlar barəsində qeyd qrafasında sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulmuş zavod plastmas plombları kənar təsir nəticəsində əzilmişdir. Sayğac istismara yararsızdır“ qeyd edilmişdir. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İstehsalat Birliyi cavabdehdir. Qeyd olunan sayğac onun yaşadığı evin kənarında, yəni yolda yerləşir. Belə olan halda sayğaca onun tərəfindən sayğaca müdaxilə edilməsi barədə heç bir sübut yoxdur. Əgər onun tərəfindən sayğaca müdaxilə olunsaydı nəzarətçi bunu aşkar edərdi. Sayğaca kimin tərəfindən müdaxilə olunduğunu bilmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(023)-1052/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının yoxlanılması haqqında” 07 fevral 2023-cü il tarixli, AKT MSK-14-2- 2/3-5-1196-1 nömrəli aktdan görünür ki, “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulmuş zavod plastmas plombları kənar təsir nəticəsində əzilmişdir. Sayğac istismara yararsızdır”. Abonent saldosundan görünür ki, ünvan 2 ünvanında yaşayan abonent İddiaçı hesabına 2023-cü ilin fevral ayına 1555,20 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(023)-1052/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(023)-1052/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin fevral ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məslələr: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus G4 markalı, **********4 nömrəli sayğac çıxarılmış və Zenner markalı sayğacla əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək «Azəriqaz» İstehsalat Birliyinin «Qaz sayğacının yoxlanılması barədə» MSK- 14-2-2/3-5-1196-1 nömrəli rəyinə əsasən **********4 nömrəli sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi və sayğac istismara yararsız olduğu müəyyən olunmuş, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etməklə iddiaçıya 8640 kubmetr həcmində, 1555,2 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçıya məxus qaz sayğacı iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sayğacın hesablama mexanizminin şüşəsinə vurulan plastmas plombların kənar təsir nəticəsində əzildiyi qəbul edildiyi təqdirdə belə sayğacın istismara yararsız olması da anlaşılan olmamışdır. Belə ki, sayğac o zaman istimara yararsız hesab oluna bilər ki, onun hesablama mexanizmi və ya digər əsas elementləri zədələnmiş və ya korlanmış olsun. Plombun əzilməsinin sayğacın işlək vəziyyətdə olmamasına səbəb olması isə anlaşılan olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(023)-1052/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(023)-1052/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar