Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2790/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-5747/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflərin arasında xx.xx.2022-ci il tarixli ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) “Honor” markalı mobil telefon, “Honor” markalı saat satmağı və qarşılığında cavabdeh (alıcı) 749,9 manat pulu 12 aya hər ay 63 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazmınca yerinə yetirməmiş və 308,9 manat əsas, 46,3 manat cərimə ümumilikdə 355,2 manat ödənilməmiş borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023- cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 308,9 AZN əsas 46,3 AZN cərimə ümumilikdə 355,2 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Honor markalı telefon və Honor markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 63 manat olmaqla cəmi 749.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 355.2 AZN borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirmişlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 46.3 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 463 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 46.3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu 308,9 AZN əsas 46,3 AZN cərimə ümumilikdə 355,2 AZN təşkil etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-5747/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 308,9 AZN əsas, 1 manat cərimə borcunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 46,3 AZN məbləğində dəbbə pulu (cərimə) əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. İddiaçı MMC qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş Cavabdeh ilə bağlanmış müqavilədə aydın şəkildə qeyd olunmuşdur ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdeh tərəfindən müqavilə şərtləri imza edilməklə qəbul olunmuşdur. Lakin Məhkəmə tərəfindən bu hal gözardı edilərək qətnamə qəbul edilmişdir. Məhkəmə öz qətnaməsində əsassız olaraq dəbbə pulunu tənasübsüz şəkildə azaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. (Cavabdeh ilə bağlanmış müddətli alqı-satqı müqaviləsinə Əlavə No1 də dəbbə pulunun miqdarı müəyyənləşdirilmişdir.) Lakin Məhkəmə tərəfindən sübutlar gözardı edildiyi kimi qanunvericiliyin müvafiq maddəsi də düzgün tətbiq olunmamışdır. Məhkəmənın dəbbə pulunun tənasübsüz olaraq azaldılması ilə bağlı heç bir mötəbər əsas qeyd etməmiş, borclunun mülkiyyət maraqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Lakin qeyd edilən qətnamə kreditorun mülkiyyət maraqlarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehdən tələb olunan cərimə miqdarı müvafiq sənədlərlə əsaslandırılmaqla bərabər cavabdehə cərimə məbləğinin 90% güzəşt edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinin mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 46,3 AZN məbləğində dəbbə pulu (cərimə) əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin bu yanaşması əsaslıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz olaraq azaldılması ilə bağlı heç bir mötəbər əsas qeyd etməmiş, borclunun mülkiyyət maraqlarının müdafiəsi kimi müəyyənləşdirilmişdir. Lakin qeyd edilən qətnamə kreditorun mülkiyyət maraqlarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən tələb olunan cərimə miqdarı müvafiq sənədlərlə əsaslandırılmaqla bərabər cavabdehə cərimə məbləğinin 90% güzəşt edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun nisyə alğı-satqı müqaviləsi bağlanaraq alıcı və satıcının müvafiq hüquq və vəzifələri və digər şərtlər orada təsbit olunmuşdur. Lakin iddiaçının üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməsinə baxmayaraq iddiaçı vəzifələrini lazımınca yerinə yetirməmişdir. Bununla da müqavilədən irəli gələn öhdəliklərini və iddiaçının hüquqlarnı pozmuşdur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, cavabdehin müqavilədən əmələ gələn öhdəlikləri üzrə 308,9 manat əsas və 46,3 manat cərimə borcu yaranmışdır. Lakin, birinci instansiya məhkəməsi 308,9 manat əsas və cərimə borcunu 1 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasi iddianın təmin olunmayan hissəsinə münasibətdə qeyd edir ki, öhdəliyin icra edilməsinin təmini üsulu kimi dəbbə pulu (cərimə) məhkəmə tərəfindən müəyyənləşdirilərkən kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri həmçinin cavabdehin əmlak mənafelərinə xələl gətirməməsi nəzərə alınmalıdır və işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək məbləğdə olan cərimənin məbləği məhkəmə tərəfindən azaldıla bilər. Belə ki, dəbbə pulu (cərimə) mülki qanunvericilikdə öhdəliyin icrasının təmin edilməsi üsulu kimi təsbit olunmuşdur. Odur ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə olunması gözlənilən qazanc kimi deyil öhdəliyin icrasının təmini üsulu kimi nəzərdə tutmuşdur. Beləliklə, dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq cərimənin məbləğinin azaldılması iddiaçının mənafelərinə əsaslı təsir etmir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-5747/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.