Məhkəmə qərarları › İş №2(104)-2799/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2799/2023

21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2799/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı 3110.40 manat borcun silinməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, o, Gəncə şəhəri, Bağ yeri adlanan ərazidə yaşayır. Gəncə hadisələri zamanı yaşadığı evə raket düşməsi nəticəsində evi yararsız vəziyyətə düşmüşdür. Bağ yeri ərazisində yaşadığı ünvanda quraşdırılan qaz sayğacı qapıdan çöldə quraşdırılmışdır. “Azəriqaz” X1 üzrə Qaz İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, ******* saylı akt tərtib edilərək sayğac yenisi ilə əvəzlənərək sökülüb götürülmüşdür. Bundan sonra Gəncə Qaz İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ******* saylı ona akt yazılaraq cərimə edildiyi bildirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən yazılan aktda isə qeyd edilmişdir ki, G- 4 markalı, **********750 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən aralanmış, sayğacın iş prinsipinə maneə törədilməsi kimi absurd və qanundan kənar bir rəy yazılmışdır. Buna görə ona 25920 m3 kub həmin kubuda 0,12 qəpiyə vuraraq yəni ki, 3110,40 manat cərimə hesablamış, lakin ona yazılan cərimə barədə məlumatı olmamışdır. Ümumiyyətlə o, hər ay qaz kartına lazımı məbləğdə pul yükləyib qazdan istifadə etmişdir. Bunu hər aylıq göstəricilərə baxanda bilmək olar. Ona görə də, haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Çünki qaz sayğacı evinin daxilində deyil qapıdan kənarda (çöldə) quraşdırılıb, həmçinin Smart kart tipli Elektron sayğacdır və həmin sayğacı qoruyucu örtüyü olmadan çöldə quraşdırmışlar. O, bir vətəndaş kimi çöldə olan sayğac üçün məsuliyyət daşımır və cavabdeh təşkilatın sayğacını qorumaq borcu deyildir. Cavabdeh təşkilat həmin sözügedən qaz sayğacını çöldə quraşdırmış və hər kəsin görəcəyi yerdədir və qaz sayğacına müdaxilə edə bilməz. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaman İmanov) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik borcun silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir.Ona görə də, iddiaçıya xx.xx.2023-cü tarixli akt əsasında 3110.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, “44 günlük Vətən müharibəsi” zamanı erməni qəsbkarlarının Gəncə şəhərinə raket atması nəticəsində, onun evi yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq dövlət tərəfindən ona 45000 manat kompensasiya ödənilmişdir. Evi yararsız vəziyyətdə olduğu və yaşayış olmadığı üçün uzun müddət evdə qaz sərfiyyatı olmamışdır. İstifadəsində olan qaz sayğacına pul yükləmiş və pul yükləyən zaman sayğacın işlək vəziyyətdə olmadığının şahidi olmuşdur. Bu səbəbdən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarını çağırmış, onlarda sayğacı koddan çıxara bilməmiş və başqa əməkdaşları dəvət etmişlər. “Azəriqaz” İstehsalat Birliyinin yeni gələn əməkdaşları sayğacın başqa sayğac ilə əvəzlənməli olmasını ona bildirmişlər. Bu zaman sayğacın plombu yerində olmuşdur. Ona məxsus olan qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sonradan isə, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ona 3110,40 manat məbləğində cərimə yazıldığını bilmişdir. Onun aktdan və cərimə yazılmasından xəbəri olmamışdır. O, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02 iyul 2023cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “Zenner” tipli, G-4 markalı **********750 nömrəli sayğacın çıxarılma səbəbi kimi “rejimdən çıxmaması” göstərilmişdir. Mexaniki tipli, **********0 nömrəli sayğac quraşdırılmış və quraşdırılma səbəbi əvəzlənməsi qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 25 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-6764-2 nömrəli aktına əsasən G-4 markalı, **********750 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən aralanmışdır. Sayğacın iş prinsipinə maneə törədilməsi mümkündür. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x180=25920 m3 cəmi 25920 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gəncə XS-nin TQQ və SX-nın rəisi Avarov Müseyib, mühəndis Hüseynov Vüqar, çilingər Musayev Nizami və istehlakçının nümayəndəsi İddiaçı ilə bu akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İBnin 14-2-2/3-5-6764 sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən aralanmışdır. Dəymiş ziyanın hesablanması və və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Eyni zamanda İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********00110 nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 3110,40 manat borc yazılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir.Ona görə də, cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 3110.40 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5799/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar