Məhkəmə qərarları › İş №2(104)-2816/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2816/2023

12.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2816/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7267/2023 saylı mülki iş üzrə 04 noyabr 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək mərhum X1 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.8566 ha torpaq sahəsinə 6/7 hissədə İddiaçı, 1/7 hissədə isə Cavabdeh payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-7267/2023 saylı qərardadı ilə İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün Notariat Ofisinə müraciət etmələrinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 7267/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında mirasla bağlı pay bölgüsü məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu baxımdan iddiaçı ilk növbədə notariat orqanına müraciət etməli, notariat orqanı imtina verdikdə məhkəməyə müraciət etməli idi. İddia ərizəsi məhkəməyə təqdim edilərkən texniki səhv olaraq müvafiq imtina məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin qərardadda qeyd etdiyi notariat orqanının imtina arayışı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə sistemə əlavə edilmişdir. Odur ki, məhkəmənin qərardadında göstərilən nöqsan aradan qaldırılmışdır. Odur ki, məhkəmənin qərardadı ləğv edilməli və iş icraata qəbul edilərək məhkəmə hazırlıq iclasına təyin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7267/2023 saylı mülki iş üzrə 07 noyabr 2023cü il tarixli qərardadı ilə (hakim:M.Mustafayev) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7267/2023 saylı mülki iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki işin materiallarından müəyyən olunur ki, mərhum X1 miras qalmış əmlakın bir nissəsi ilə bağlı məhkəmənin əvvəlki qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin miras əmlakda artıq tərəmlakın 6/7 hissəsində İddiaçı, 1/7 hissəsində isə Cavabdeh payları müəyyən edilmişdir. Başqa sözlə artıq miras əmlakın bir hissəsinin müqəddəratı məhkəmə yolu ilə öz həllini tapmışdır. Belə olan halda kollegiya hesab edir ki miras əmlakın digər hissəsində tərəflərin paylarının məhkəmə yolu ilə həllinə zərurət yoxdur və artıq vərəsələr tərəfindən bir hissəsinin qəbul edildyinin fakt kimi müəyyən edilən mirasın qalan hissəsinə notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3cü maddəsi nəzərdə tutur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Ona görə də kollegiya bu qənaətdədir ki, İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün əvvəlcə Notariat Ofisinə müraciət etməlidir. Notariat Ofisinin mirasın qalan hissəsinə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edildiyi halda iddiaçının hazırki tələblə yenidən məhkəməyə müraciət etmək hüquqları vardır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, İddiaçı şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-7267/2023 saylı mülki iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7267/2023 saylı mülki iş üzrə 04 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar