Məhkəmə qərarları › İş №2(104)-283/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-283/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-283/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-476/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Azərbaycan Respublikası DİN BDYPİ Qİi-də qeydiyyata alınmışdır.

2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 21 noyabr 2022-ci il tarixli ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə saat 16:00-da Cavabdeh idarə etdiyi “Kamaz 5511” yük markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtətmişdir.

3. Yol hərəkəti qaydaları, hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla çıxarılan inzibati tənbeh vermə haqqında 29 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtətdiyinə görə barəsində tərtib edilmiş İXP5050413 protokola baxılaraq 400 manat məbləğində cərimə edilmişdir.

4. "xxxx" ASC-nin 23 noyabr 2022-ci il tarixli 168399 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat cədvəlindən və hesab fakturanın surətlərindən görünür ki, Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində ziyan vurulmuşdur.

5. "xxxx" ASC-nin tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 06 aprel 2023-cü il tarixli 1673/L nömrəli məktubunun surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə Bakı- Qazax yolunun 57-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-KE-*** dövlət qeydiyyat nişanlı Kamaz 5511 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx"ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-PB-*** dövlət qeydiyyat nişanlı Lexus ES350 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx"ASC tərəfindən 11747 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yaranan sibroqasiya tələbi hüququna əsasən 5000 manat məbləğində vəsaitin "xxxx"ASCnin bank hesabına köçürülməsi xahiş edilmişdir.

6. İşə əlavə edilmiş 16 iyun 2023-cü il tarixli 1AS130755 nömrəli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən X5 idarə etdiyi “Lexus ES350” markalı **-PB- *** dövlət nömrə nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 048409 nömrəli arayışının surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı-Qazax yolunun 57- ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi, X5 idarə etdiyi Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsi əzilmişdir.

8. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 21 aprel 2022ci il tarixli PME********** nömrəli “İcbari sığorta müqaviləsi”nə əsasən X4 məxsus “Kamaz 5511” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığortalanmışdır.

9. "xxxx" ASC-nin 12 iyun 2023-cü il 981-06/23 SH nömrəli məktubun surətindən görünür ki, “Kamaz 5511” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 19 noyabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun 57-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuş, həmin yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə etmə hüququ olmadan idarə etdiyi, bu səbəbdən də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkən ödəniləcək sığorta ödənişinin Cavabdeh tutulacağı bildirilmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 169 saylı məktubundan görünür ki, Qaradağ Rayon Məhkəməsində Cavabdeh barədə İXM-nin 529-cu maddəsi ilə işə baxılmış və 6 ay sürücülük hüququndan məhrum edilmişdir.

11. Ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 11747 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sığorta ödənişi CM- 4207/2022 EBCM601895 10 PB 09 mart 2017-ci il tarixli müqavilə № 2023

12. 29 dekabr 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 19 noyabr 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-PB-*** dövlət qeydiyyat nişanlı “Lexus ES350” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 11747 manat zərər müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.

13. 16 iyun 2023-cü il tarixli İB**********_000097_230616 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləği və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070,40 manatın tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax yolunun 57-ci km-də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış, nəticədə Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. YPX İnzibati qrup Baş Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 29 noyabr 2022-ci il tarixli qərarı ilə Kamaz 5511 markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirkar bilinmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Lexus ES350 markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS230755 saylı 16 iyun 2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləği və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070,40 manatın cavabdehdən tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-476/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddianın təmin edilməsi, Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 70,40 manat dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləği tutularaq "xxxx" ASCnin hesabına ödənilməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 883.1, 922.1, 936.1, 936.2 və 936.5-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-6.2, 13.1-13.2, 14.1.3 və 25.1.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 233-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh nümayəndəsi (vəkili) X2 apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-476/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sığorta şəhadətnaməsinə əsasən fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Belə ki, o avtomobilini hər il qanunla nəzərdə tutulmuş Dövlət rüsumunu ödəməklə icbari sığorta müqaviləsi bağlayır ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş verdikdə 5000 manata qədər sığorta şirkəti sığorta ödənişini təmin etsin. Onun avtomaşınının sığortası olduğu halda "xxxx" ASC tərəfindən ondan tələb edilən pul tələbi təmin edilməməli idi. Buna baxmayaraq məhkəmə iddiaçının iddiasını təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə onun ərizə və vəsatətləri barədə məlumatları almamış, ifadəsinə izahatlarına qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İş üzrə iddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemi ilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işlərin çoxluğu ilə bağlı iştirak edə bilməmələrini üzürlü hesab edilməsini və həmin mülki işə təqdim etdikləri sübutlar əsasında onların iştirakı olmadan baxaraq iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

27. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

32. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

33. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)- 476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh 19 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində idarəetmə hüququ olmadan idarə etdiyi “Kamaz 5511” yük markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 57-ci km-də hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış və arxa hissədən “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi zərər dəymişdir. Yol hərəkəti qaydaları, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla çıxarılan inzibati tənbeh vermə haqqında 29 noyabr 2022-ci il tarixli qərar ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin 23 noyabr 2022-ci il tarixlki 168399 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat cədvəlinə və hesab-fakturasına uyğun olaraq “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə 11747 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən “Lexus ES350” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərər üçün subroqasiya qaydasında 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

51. İşin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.

52. Kollegiya göstərir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobil sürücülük hüququ olmadan onun idarəçiliyində olmuşdur.

53. İşin qeyd olunan halları işdə olan inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrə söykənməklə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Çünki, iş materiallarında olan İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol ilə müəyyən edilir ki, “Kamaz 5511” yük markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Yəni, cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. Həmin protokol ilə cavabdeh öz razılığını bildirmiş və imza etmişdir.

54. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar