Məhkəmə qərarları › İş №2(104)-2886/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2886/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2886/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6069/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6069/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 2.916 (iki min doqquz yüz on altı) manat 60 (altmış) qəpik məbləğində borcun silinməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2.956 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 2013-cü ildə qeyd edilən ünvana "xxxx" ASC-nin rəsmi formasını geyinmiş Mehdi və Natiq adlı şəxs gəlmiş, güclü şaxta səbəbilə sayğac partladığı üçün sayğacı çıxarıb, sayğacın su borusu xəttinə birləşmiş hissəsini bağlamışlar. 2015-ci ildə yeni su sayğacı quraşdırılmış, lakin həmin sayğac işləmədiyinə görə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları dərhal sayğacı söküb aparmışlar. Bundan sonra yalnız xx.xx.2022-ci il tarixdə onun mülkiyyətində olan mənzilə gedən su borusunun üzərində yeni su sayğacı quraşdırılmışdır. Hazırda da o, həmin sayğac hesabına sudan istifadə edir və həmin sayğac əsasında ödənişlər aparır. Bu müddət ərzində su borcu barədə heç bir bildiriş almamışdır. xx.xx.2023-cü il tarixdə isə özü “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə yaxınlaşmış və su borcu barədə bildirişin nə səbəbə gəlməməsi ilə maraqlanmışdır. İddiaçı hazırda sayğacda 150 manat məbləğində su sərfiyyatına görə borcu yarandığını bildirmişlər. Bundan sonra İddiaçı 50 manat məbləğində ödəniş etmiş, qalan məbləği isə daha sonra ödəyəcəyini düşünmüşdür. Lakin bir müddət keçdikdən sonra ona bildiriş gəlmiş və bildirişdə su sərfiyyatına görə 2.956 manat 20 qəpik məbləğində borc yarandığı bildirilmişdir. Bu isə ağlasığmaz və şişirdilmiş məbləğdir. Çünki sözügedən mənzildə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin tələb etdiyi qədər suyun işlənməsi və sözügedən məbləğdə borcun yaranması mümkün deyildir. Belə ki, həmin borc hər hansı iaşə obyektinə, qeyri-yaşayış sahəsinə deyil, fərdi yaşayış üçün nəzərdə tutulan mənzilə hesablanmışdır. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilə gedən su borusunun üzərində quraşdırılmış sayğac çoxmənzilli binanın nərdivan qəfəsində yerləşir. Sözügedən mənzildə isə 2013-cü il tarixdən 2022-ci il tarixə qədər sayğac quraşdırılmamışdır, bu isə iddiaçının təqsirindən irəli gəlir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan səbəbdən ona əsassız hesablanmış 2.956 manat 20 qəpik məbləğində borc tamamilə qanunsuz və əsassızdır, həmin borc silinməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək iddiaçının tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərin dəyəri istehlakçıya məxsus mənzildə 2016-cı ilin sonunadək smart kart tipli sayğac vasitəsi ilə aparılmışdır. 2017-ci il tarixdən smart kart tipli sayğac naməlum səbəbdən sökülmüşdür və abonent sayğacsız sudan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə mənzilin su xəttinin üzərinə mexaniki su sayğacı quraşdırılmış və abonentə yeni qyraşdırılmış su syğacın 6 (altı) ay müddətində sayğacın 150m3 göstəricisinə əsasən bəyan verilərək 2190 gün (sayğacsız sudan istifadə etdiyi dövr) üçün hesabat verilmişdir və 2956.20 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Tarif şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı: ailə tərkibinə uyğun verilən hesabat qəbul olunmuş norma 1 nəfər üçün 5m3 olduğu halda, ay üzrə 1m3 hesablanmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişldir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində X2 qeydiyyatdadır və həmin mənzildə qeydiyyatda başqa heç kim yoxdur. İş materiallarında olan abonent kodu **********100 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından və ətraflı abonent kartından görünür ki, **********100 abonent kodu Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində sudan istifadə ilə əlaqədar İddiaçı məxsusdur. Həmin mənzilə gedən su borusunun üzərində su sayğacı 07 noyabr 2013-cü il tarixdə quraşdırılmış 30 mart 2016-cı il tarixdə sökülmüş; 30 mart 2016-cı il tarixdə su sayğacı quraşdırılmış, 23 avqust 2022-ci il tarixdə sökülmüş və 23 avqust 2022-ci il tarixdə yeni su sayğacı quraşdırılmışdır. 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində sudan istifadə ilə əlaqədar “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin abonentidir və abonent kodu **********100-dır. Həmin mənzildə X2 qeydiyyatdadır və başqa heç kim qeydiyyatda yoxdur. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə gedən su borusunun üzərində su sayğacı 07 noyabr 2013-cü il tarixdə quraşdırılmış, 30 mart 2016-cı il tarixdə sökülmüş; 30 mart 2016-cı il tarixdə su sayğacı quraşdırılmış 23 avqust 2022-ci il tarixdə sökülmüş və 23 avqust 2022-ci il tarixdə yeni su sayğacı quraşdırılmışdır. 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı cavabdeh tərəfindən düzgün olmayaraq 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Birincin instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə çəkilmiş su borusunun üzərində quraşdırılmış suölçən cihaz çoxmənzilli binanın pilləkən qəfəsində quraşdırıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə uyğun olaraq, onun işlək vəziyyətdə saxlanılması, o cümlədən üzərindəki plombların toxunulmazlığına nəzarət STKM-nin vəzifəsi olmuşdur. Lakin həmin cihazın işlək olmaması ilə əlaqədar 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Halbuki, suölçən cihaz işlək vəziyyətdə olmadıqda sudan istifadə və çirkab sularının axıdılmasına görə borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanmalıdır. Bundan başqa Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə çəkilmiş su borusunun üzərində quraşdırılmış sayğac pilləkən qəfəsində yerləşir və həmin sayğaca İddiaçı mütəmadi olaraq nəzarət etməsi mümkün deyildir. Hazırki halda isə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilində bir nəfər qeydiyyatdadır və bir nəfərə görə 2017-ci ilin yanvar ayından 2023-cü il tarixədək 68 ay ərzində sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə ödənilməli məbləğ 2.956 manat 20 qəpik deyil, 39 manat 60 qəpikdir (48 ay x 0,45 qəpik + 20 ay x 0,90 qəpik). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 2.916 manat 60 qəpik məbləğ silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.16 və 6.17-ci bəndlərinə görə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmçininn sayğacın işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi STKM-in vəzifəsidir. Buna görə də onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM cavabdehlik daşıyır. Həmin Qaydaların 2.1.7 və 2.1.8-ci bəndlərinə görə STKM-in vəzifələrinə istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək daxildir. Həmin Qaydaların 6.4-cü bəndinə görə yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegioyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hesablanmış borcun silinməsi barədə düzgün nəticəyə gəlsə də, borcun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzilinə gedən su borusunun üzərində su sayğacı 07 noyabr 2013-cü il tarixdə quraşdırılmış, 30 mart 2016-cı il tarixdə sökülmüş; 30 mart 2016-cı il tarixdə su sayğacı quraşdırılmış 23 avqust 2022- ci il tarixdə sökülmüş və 23 avqust 2022-ci il tarixdə yeni su sayğacı quraşdırılmışdır. 2017-ci ilin yanvar ayından 23 avqust 2023-cü il tarixədək sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2.956 manat 20 qəpik məbləğində borc hesablanmışdır. 30 yanvar 2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Qərarında əhalinin su təchizatı tarifi digər inzibati ərazi vahidləri üzrə 1m3 üçün 0,30 manat və tullantı sularının axıdılması xidmətlərinə görə isə 1 m3 üçün 0.15 qəpik olmuşdur. Həmin qərarın 4-cü bəndində sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarından görünür ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Qərarında aşağıdakı dəyişiklik edilmişdir: Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində “0,35” rəqəmi “0,70” rəqəmi ilə, 1.1.2-ci sətrində “0,30” rəqəmi “0,60” rəqəmi ilə, 2.1-ci sətrində “0,15” rəqəmi “0,30” rəqəmi ilə əvəz edilmiş, Qərarın 1-2-ci hissəsində “0,50” rəqəmi “1,00” rəqəmi ilə, “0,45” rəqəmi, “0,90” rəqəmi ilə əvəz edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, 2016-cı ilin may ayınadək olan sayğacsız dövr üzrə iddiaçıya su təchizatı və tullantı sularının axıdılması ilə bağlı xidmətlərə görə 90 manat (40 ay*2.25 man(1 nəfər üçün (0.30man+0.15man)*5)), 2021-ci ildən sonra isə istifadə etdiyi xidmətlər görə (20 ay *4.45man (1 nəfər üçün (0.60 man+0.30man)*5)) 89 manat cəmi 179 manat hesablanmalı olduğu halda ona əsassız olaraq 2777,20 manat əlavə borc hesablanmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi bir nəfər üçün aylıq sərfiyyatın 5 kub metr həddində müəyyən edildiyini nəzərə almamış, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilməli və silinməli borcun məbləği 2777,20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6069/2023 saylı qətnaməsi qətnaməsi – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 2.916 (iki min doqquz yüz on altı) manat 60 (altmış) qəpik məbləğində borcun silinməsi hissəsində dəyişdirilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən 5 nömrəli evin 10 nömrəli mənzili üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 2.777 (iki min yeddi yüz yetmiş yeddi) manat 20 (altmış) qəpik məbləğində borcun silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılasın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar