Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-291/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1990/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir X2 İdarəsi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizmi aşağı yan tərəfdən əzilib və A daxili qulaqcıqlardan keçən qazın həcmini qeyd etmir, nəticədə qaz itkisi yaranmışdır.
2. xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25920 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 3148,32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat birliyinin əməkdaşları ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın növbədən kənar dövlət yoxlaması adı ilə sökülüb götürülmüş, yerinə başqa sayğac quraşdırılmışdır. Sonradan isə ona məlum olmuşdur ki, onun evindən sökülərək götürülmüş sayğacda sayğacın hesablama mexanizminin qapağının gövdədən aralanması aşkar olunmuş və bu səbəbdən də 3148,32 manat cərimə hesablanmışdır. Sayğac küçədə quraşdırılmış o, və onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməmişdir. Cavabdeh təşkilatın istehlakçı hüquqlarını kobudcasına tamamilə qanunsuz və əsassızdır. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülüb və plomb onlrın özü tərəfindən açılmışdır. O, yaşayış evində olan sayğaca və sayğacın plombuna heç bir müdaxilə etməmişdir.
5. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1990/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın təmin edilməsi, İddiaçı adına AR Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyi tərəfindən hesablanmış 3148,32 manat pul əsassız hesab edilərək İddiaçı hesabından silinsin. 51 (əlli bir) manat 48 (qırx səkkiz) qəpik cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağı govdədən tamamilə aralanıb, qaz keçən hesablama mexanizmi acıq vəziyyətdədir və sərfi qeyd etməməsi aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında abonentə 3148,32 manat cərimə hesablanmışdır. Qanunvericiliyin istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4.1, 18, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə, “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 216-220, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1990/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması aşkar edilmişdir. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. Məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 3110,40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin may ayında müəyyən edilmiş eləcə də iddiaçı tərəfindən təbii qazın istehlakına görə yaranmış borcun – ümumilikdə 3148,32 manat məbləğin silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin may ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
25. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
32. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
33. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacının istismar müddəti bitdiyinə görə qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesblama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Buna görə də abonentdən 25920 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri qazdan istifadə üzrə yaranmış borcun ödənilməsindən ibarətdir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadə ilə bağlı müqavilə bağlanmış və müqaviləyə əsasən paylaycı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
37. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə sübutları və işin faktiki hallarını düzgün araşdırmayaraq abonentin, yəni iddiaçının 3.148,32 manat məbləğində borcunu tam silmişdir. Halbuki, iddiaçı 2023-cü ilin fevral ayında 316 m3 həcmində qazdan istifadə etmiş və buna görə də sonuncuya 37,92 manat məbləğində borc hesablanmışdır.
39. Belə ki, iş materiallarında olan **********02010 nömrəli abonent saldosundan görünür ki, İddiaçı 2023-cü ilin fevral ayında 316 m3 həcmində qazdan istifadəyə görə 37,92 manat borc və 2023-cü ilin may ayında isə akt əsasında 3.110,40 manat borc hesablanmışdır.
40. Həmçinin, iş materiallarında olan xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 25920 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir.
41. Göründüyü kimi, İddiaçı 2023-cü ilin fevral ayında 316 m3 həcmində təbii qazdan istifadəyə görə 37,92 manat debitor borc hesablanmış və həmin ilin yanvar, mart, aprel ayları üçün isə heç bir borc hesablanmamışdır. Ona görə də borcun həmin hissədə tutulması əsassızdır.
42. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir.
43. Məhkəmə kollegiyası iddianın 3.110,40 manat məbləğin silnməsi hissəsini əsaslı hesab edir. Çünki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.
44. İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyindən, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən abonentə akt əsasında hesablanmış borc silinməldir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
46. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
48. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
49. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
50. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
51. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
52. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
56. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
58. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən 51,1 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq dövlət hesabına verilməlidir.
59. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.1, 390, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(062)-1990/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən İddiaçı hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimə borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə dövlət rüsumunun əvəzi kimi 51,1 (əlli bir manat on qəpik) manat pul cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət hesabına verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .