Məhkəmə qərarları › İş №2(104)-2993/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2993/2023

26.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2993/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna 9000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkün birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkün birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin aldadılmağı nəticəsində birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən mənzilin satışından əldə edilmiş pulun hesabına ünvan 3 ünvanda yerləşən mülk alınmışdır. Bu isə o deməkdir ki, həmin mülkə dair bağlanılmış əqd etibarsızdır, etibarsız əqdlər isə Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda, qarşılıqlı iddiaya baxılmadan ilkin iddiaya baxıb düzgün qərar qəbul edilməsi mükün deyildir. Ona görə hazırkı halda qarşılıqlı iddianın icraata qəbul edilməsi vacib idi. Məhkəmə prosessual hüquq normasını pozaraq qarşılıqlı iddianı icraata qəbul etməmiş, nəticədə bir-biri ilə əlaqədar olan ilkin və qarşılıqlı iddialara birlikdə baxılmaması mübahisənin tez və düzgün həllinin qarşısını almışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 06 dekabr 2023cü il tarixli qərardadı ilə (hakim:F.Fərhadov) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Mülki işin materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz vermiş, eyni zamanda xx.xx.2023-cü il tarixdə ilk, xx.xx.2023-cü il tarixdə növbəti hazırlıq iclasında vəkili ilə birgə iştirak etmiş, qarşılıqlı iddia ərizəsini isə 30 noyabr 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini həmin əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6391/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar