Məhkəmə qərarları › İş №2(104)-320/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-320/2024

09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-320/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1265/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında evi var. Qazdan istifadəsinə dair abonent saldosundan görünür ki, 1036.80 manat borc yaranıb. Borca dair 23 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktda tərtib olunmuşdur. Ona isə bu borcun olmasını yalnız şifahi şəkildə bildirmişlər ki, sayğacla bağlı borc hesablanıb. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarının kütləvi əvəzləşməsi zamanı ona məxsus sayğac sökülmüş və sonradan akt tərtib edilmişdir ki, dəyişdirilmiş köhnə sayğaca müdaxilə olunmuşdur. Lakin bu həqiqətə uyğun deyil. Onun qaz sayğacı həyətyanı sahəsindən kənarda yerləşir. O qaz sayğacına heç bir şəkildə müdaxilə etməmişdir. Sayğaca müdaxilə edilibsə, özləri tərəfindən edilib. Qeyd edir ki, sayğaca labarotor baxış keçirən müstəqil deyildir və Cavabdeh İB-nin orqanıdır. Sayğaca labarotor baxış keçirilən zaman onun iştirakı təmin olunmamışdır. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1265/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1036.80 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus 40055146 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Aktın qeyd hissəsində sayğacın zavod qurğuşun plombunun kəsilməsi göstərilmişdir. Akt İddiaçı tərəfindən imzalanmışdır. “Qaz sayğacının yoxlanılması haqqında” 27 dekabr 2023-cü il tarixli, MSK-29/1710- 04898-1 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus 40055146 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu qapaına vurulan zavod qurğuşun plomb kəsilmiş, plasmas iki plombdan biri zədəli olmaqla, sayğacın istismara yararsız olması müəyyən edilr. Dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli, ******* saylı aktdan və 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 8640 kubmetr müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1265/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin12 oktyabr 2023-cü il tarixli 2(023)-1265/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2- ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin dekabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin dekabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Aktın qeyd hissəsində sayğacın zavod qurğuşun plombunun kəsilməsi göstərilmiş, akt İddiaçı tərəfindən imzalanmış və onun tərəfindən hər hansı bir etiraz qeydi akta daxil edilməmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 27 dekabr 2023-cü il tarixli, MSK-29/1710-04898-1 nömrəli rəyə əsasən qaz sayğacının hesablama mexanizminin qoruyucu qapaına vurulan zavod qurğuşun plombun kəsilməsi, plasmas iki plombdan birinin zədəli olmaqla, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus sayğaca müdaxilə olunması və ya digər hər hansı bir səbəbdən sayğacın hesablama mexanizminin keçən qazın həcmini düzgün qeyd etməməsi iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçıya 21 dekabr 2022-ci il tarixdə yeni sayğac quraşdırılmış, dekabr ayının sonunadək 10 günlük müddət ərzində sayğacdan 684 kubmetr həcmində qaz keçmişdir. Halbuki, qaz sayğacı dəyişdirilməmişdən əvvəlki ayda istifadə edilmiş qazın həcmi 275 kubmetr olmuşdur. Həmçinin, 2023-cü ilin yanvar ayında iddiaçı tərəfindən 1135, fevral ayında 1065, mart ayında isə 663 kubmetr həcmində qazdan istifadə edilmişdir ki, bu göstərici anoloji dövr üzrə iddiaçının istifadə etdiyi qazın həcmindən kəskin şəkildə fərqlənmişdir. Belə ki, 2022ci ilin yanvar ayında iddiaçı tərəfindən 212, fevral ayında 170, mart ayında isə 192 kubmetr qazdan istifadə edilmişdir ki, qeyd edilən faktlar iddiaçıya məxsus sayağcın keçən qazın həcmini düzgün qeyd etməməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halını nəzərə almadan, cavabdeh təşkilat tərəfindən hesablanmış 1036,8 manat dəyərində itirilimiş qaz məbləğini tam silməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat itirilmiş qazın həcmini 1036,8 manat dəyərində müəyyən etməsi əsaslı olmamışdır. Belə ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydalarında sayğaca müdaxilə ilə əlaqədar itirilmiş qazın həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, yuxarıda qeyd edilən həmin norma ilə sayğaca edilmiş müdaxilə nəticəsində itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən saatlıq qaz sərfi 4 kubmetr saat olmaqla, 90 gün müddəti üçün 24 saat vaxt hesabı ilə hesabat aparılaraq, 1036,8 manat məbləğində ititirlmiş qaz həcmi müəyyən edilmişdir. Halbuki, qaydaların 6.5-2-ci bəndinə əsasən məişət abonentlərinə münasibətdə hesabat sutkanın ən çoxu on iki saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa cavabdeh təşkilat Qaydaların 6.5-1.2-ci bəndinin tələbinə müvafiq olaraq da, iddiaçının əvvəlki dövrə görə orta gündəlik qaz sərfi həcmini də nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının dəyişdirilməmişdən əvvəlki 90 günlük müddət üzrə, Qaydaların 6.5-2-ci və 6.5-1.2-ci bəndlərinin tələbi nəzərə alınmaqla (4x6x90=2160kubmetr), itirilmiş qazın həcmi 2160 kubmetr həcmində, 259,2 manat məbləğində müəyyən edilməli, əlavə hesablanmış 777,6 manat borc məbləği silinməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)- 1265/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilərək İddiaçı məxsus **********00000 saylı abonent hesabında qeyd olunmuş 1036,8 manat məbləğində qaz sərfinin 777,6 manatının silinməsi qət edilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(023)-1265/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(023)-1265/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00000 saylı abonent hesabında qeyd olunmuş 1036,8 (min otuz altı manat, 80 qəpik) manat məbləğində qaz sərfinin 777,6 (yeddi yüz yetmiş yeddi manat, 60 qəpik) manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar