Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-325/2024 11.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsələrin tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X19, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-766/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 117-də yerləşən fərdi yaşayış evinə X5 vərəsəliyi müəyyən edilmişdir.
2. Qazax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X15 16 aprel 1979-cu ildə Qazax şəhərində ölmüşdür.
3. 02.01.2003-cü il tarixli, 152212 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 28 dekabr 2002-ci ildə Qazax şəhərində ölmüşdür.
4. 16.05.2020-ci il tarixli, AZ-İİ seriyalı, 085471 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 16 may 2020-ci ildə Qazax şəhərində ölmüşdür.
5. X9 Qazax rayon notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X23 xx.xx.1978-ci il tarixdə ölmüş X21 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X10 adına sənədləşməsinə və özəlləşdirilməsinə etiraz etməmişdir.
6. X11 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X24 xx.xx.1978-ci il tarixdə ölmüş X21 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir.
7. 02.02.2016-cı il tarixdə ölmüş əri X12 Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X24 xx.xx.1978-ci il tarixdə ölmüş X21 irs qalmış əmlakı rəsmi və faktiki olaraq qəbul etmədiyini, etməyəcəyini bildirmiş, Cavabdeh1 xeyrinə irsdən imtina etdiyini və həmin miras əmlakdan heç bir pay tələbi olmadığını, gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında müddətin bərpası üçün iddia və şikayət etməyəcəyini, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmişdir.
8. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qazax şəhəri M.Ə.Sabir küçəsi 119da yerləşən fərdi yaşayış evi X25 adına reyestr kitabında 84 nömrə ilə qeydiyyata alınmışdır.
9. Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X26 vərəsələri X27 və X28 ona məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax rayon notariat kontorundan tərəfindən Şəkilova (Quluyeva) Rahilə İsa qızının əri və Cavabdeh2 atası X16 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1981-ci ildə mərhum X6 ilə evlənmişlər. Həmin vaxtdan etibarən ərinin valideyinlərinə məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X3 1978-ci ildə vəfat etdikdən sonra onun evində arvadı X17, övladları X20, X33, X29, X30 və X18 yaşamışlar. Onların yaşadıqları ev atalarından qalan miras əmlak bütün övladları tərəfindən faktiki olaraq qəbul edilmişdir. X1 vəfat etmişdir. Həmin evdə yaşayanlar ailə qurduqdan sonra ata evlərini tərk etmişlər. X22 yeni ailə quraraq ailəsi ilə birgə həmin evdə yaşamağa başlamışdır. Ərinin atasına məxsus olan 600 kvadrat metr torpaqda iki ailə heç bir mübahisə olmadan yaşamışlar. X6 2002-ci idə vəfat etdikdən sonra onun vərəsəsi kimi ona məxsus olan Qazax şəhəri H.Əliyev 117 ünvanında olan ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmişdir. Hər iki evə aid olan həyətyanı sahə kimi mərhum qaynatasından miras qalmış və Seymur Quluyevin ailəsi ilə birgə ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsindən faktiki sahiblik etməyə davam etmişdir. 2005-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmiş, ev üzrə mülkiyyət hüquqlarım dövlət qeydiyyatına alınaraq ona müvafiq qeydiyyat vərəqəsi verilmişdir. Sözügedən evlə bağlı 2022-ci ildə qeydiyyat vərəqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın əldə olunması üçün DƏDRX-nə müraciət edərkən ona məlum olmuşdur ki, Seymur Quluyev 1991-ci il tarixdə Qazax rayon notariat kontoruna müraciət edərək, qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mübahisəli əmlakın sahibi X41 1978-ci il tarixdə vəfat etdikdən sonra onun evində həyat yoldaşı yaşamışlar və mirası faktiki olaraq müştərək qaydada qəbul etmişlər. Notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası faktiki qəbul etmiş bütün vərəsələr çağırılmalı idilər.
12. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə dair etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər.
13. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-766/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddianın təmin edilməsi, Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X21 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlikləri müəyyən edilməklə həmin evin 1/3 hissəsinə X13 vərəsələri Cavabdeh1, Cavabdeh2, 1/3 hissəsinə X7 vərəsəsi İddiaçı və 1/3 hissəsinə X14 payları müəyyən edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı 1981-ci il də mərhum X6 ilə evlənmişlər. Həmin vaxtdan etibarən ərinin valideyinlərinə məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evdə əri ilə birlikdə yaşamağa başlamışdır. X4 ilə birgə təsərrüfatı idarə etmişlər. Onlarla birlikdə X28 da həmin evdə qeydiyyatda olmaqla mirası faktiki olaraq qəbul etmişdir. X42 13 fevral 1987-ci ildə Qazax şəhərində vəfat etmişdir. X42 vəfat etdikdən sonra 22 oktyabr 1991-ci il tarixdə X27 və X28 müraciət edərək, X31 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almışdır. Lakin vərəsəlik şəhadətnaməsi verilən zaman digər vərəsələrin imtinası alınmamışdır. X2 faktiki olaraq X27 və X28 ilə birgə həmin evə dair birgə təsərrüfatı idarə etmişdir. Lakin buna baxmayaraq həmin evdə valideyinləri ilə birgə yaşamış, təsərrüfatı birgə idarə etmiş, İbrahim Quliyevin miras əmlaka payın müəyyən edilməmiş, nə də notariat ofisində onun razılığının alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilməli, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X21 miras qalmış Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm sahədən ibarət fərdi yaşayış evinə X13 vərəsələri Cavabdeh1, Cavabdeh2, X7 vərəsəsi İddiaçı və X14 vərəsəlikləri müəyyən edilməli və həmin əmlaka dair 1/3 hissədə payları müəyyən edilməlidir.
15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2, 1246, 1248-cı maddələrinə, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 532 və 552-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-766/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qənaətə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini gözardı etmiş, maddənin dispozisiyasında nəzərdə tutulmuş 2 aylıq müddəti nəzərə almamışdır. Maddi hüquq normasına əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtinaedilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı isə iki aylıq müddəti ötürərək hazırki iddianı vermişdir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, iddiaçı 2005-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında qeydiyyat vərəqəsi almışdır. Belə olduqda İddiaçı, artıq 2005-ci il tarixdən etibarən miras əmlakda olan pay barədə məlumatlı olmuş, həmin andan 2 ay ərzində iddia qaldırmamışdır. Mülki Məcəllənin 1272-ci maddəsinin tələbinə əsasən maraqlı şəxs tərəfindən mübahisə 2 əy ərzində açıla bilər. Yuxarıda bəhs edilən 2 aylıq müddət kəsik müddət olduğundan aşkarlandığı an hakim tərəfindən tətbiq edilməli idi. Lakin, məhkəmə işin bu halını nəzərdən qaçırmışdır. Hətta mənim tərəfimdən iddia müddətinin tətbiqinə dair ərizə verilsə belə məhkəmə buna məhəl qoymadan hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı qeyd edir ki, 2005-ci il tarixdən etibarən miras əmlakdan olan pay barədə şəhadətnamə və qeydiyyat vəsiqəsi əldə etmişdir. Demək 2005-ci il tarixdən etibarən hüququnun hansı formada olduğu ona açıq-aşkar məlum idi və bununla kifayətlənmişdir. 2005-ci il tarixdən etibarən iddiaçı ona çatası pay barədə məlumatlı idi və susurdu, hansı müddətlərə əməl edərək 18 il sonra iddia qaldırır və məhkəmə iddianı təmin edir. Halbuki, tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı ərindən qalan payı qəbul etməklə açıq-aşkar görüb və anlamışdır ki, mərhum ərinə atasından miras əmlak qalmamışdır. Bu barədə mübahisə etmək fikri var idisə qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə müraciət etməli idi. Həmçinin qeyd edilməlidir ki, məhkəmənin İddiaçı hansı əsasla pay verməsi anlaşılan deyil. Belə ki, məhkəmən ilk öncə müəyyən etməli idi ki, Svetlana Dilənçiyevnanın mərhum əri atasından qalan miras əmlakı qəbul edib ya-yox, bundan sonra tranmissiya vasitəsi ilə Svetlana Dilənciyevanın mirası qəbul edib etməməsinə baxılmalı idi. 2005-ci il tarixdə əldə edilmiş vərəsəlik şəhadətnaməsindən müəyyən edilir ki, Svetlana Dilənciyevanın mərhum əri ata payından irs almayıb. Transmisiya qaydasında irs bir xəttə keçdiyindən Svetlananın qayınatasından qalan mirasdan Svetlananın pay almaq hüququ yaranmamışdır. İddiaçı yalnız mərhum həyat yoldaşından qalmış, yəni sağ ikən əldə etdiyi əmlakdan pay almaq hüququna malikdir. Məhkəmə isə işin bu halını araşdırmamış, iddiaçının həyat yoldaşının ata payını qəbul etməsinə dair sübut əldə etməmiş qətnamə qəbul etmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməli məsələlərdən biri də ondan ibarətdir ki, iddiaçının özünün qeyd etdiyinə əsaslanaraq hüququnun pozulmasını 2022-ci il tarixdə bilməsinə inansaq belə, həmin tarixdən etibarən 2 aylıq müddət yenə keçmiş olur. Hazırki iddia 05 may 2023-cü il tarixdə verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. Çünki, X42 13 fevral 1978-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. Bundan sonra onun ərinə Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan iddiaçının da xəbəri olmuşdur. Lakin, üzərindən 32 il keçdikdən sonra əsassız olaraq iddia qaldırmışdır. Birinci instasniya məhkəməsi isə iddia müddətinin ötməsini nəzərə almamışdır. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayətinin dəlillərini əsaslı hesab edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X36 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
24. İş üzrə İddiaçı və cavabdeh Qazax Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (xx.xx.2000-cı il tarıxədək qüvvədə olmuş) Azərbaycan SSR Mülki Məcəlləsi
27. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
28. Maddə 76. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir.
29. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
30. Maddə 78. 1-ci hissə. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
31. Maddə 82. 1-ci hissə. İddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır.
32. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
33. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan dilməsi ilə açılır.
34. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
47. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
48. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
49. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
51. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
56. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1981-ci il tarixdə mərhum X6 ilə rəsmi olaraq nikaha daxil olmaqla evlənmişlər. Evləndikdən sonra isə mərhum ərinin valideyinlərinə məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsində tikilmiş ata evlərinə bitişik M.Ə.Sabir küçəsi 117 saylı evə gəlin köçmüşdür. İddiaçının mərhum ərinin valideyni olan X42 isə 13 fevral 1978ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. X42 vəfat etdikdən sonra 22 oktyabr 1991-ci il tarixdə X27 və X28 müraciət edərək, X31 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kvm torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərətəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kvm, yaşayış sahəsi 77.5 kvm, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almışlar. Həmin zaman isə iddiaçının mərhum əri İbrahim Quliyevin miras əmlaka payı müəyyən edilməmiş, bu barədə notariat ofisinə müraciət etməmişdir.
57. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi Ağstafa rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və onun əsasında isə payların yenidən vərəsələrin arasında bölünməsi ilə bağlıdır.
58. Cavabdeh Rahilə Quliyeva istər iddia tələbinə dair etirazında, istərsə də apellyasiya şikayətinin dəlillərində iddiaçının bu tələbi irəli sürmək üçün müddətinin bitdiyini və buna görə də hazırki tələbə iddia müddətinin tətbiq edilməsini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə apellyatorun bu dəlilini müzakirə etməmiş və qəbul etdiyi qətnamədə hüquqi qiymət verməmişdir.
59. Bu zaman nəzərə alınmalıdır ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
60. Belə ki, tərəflərin mübahisəli hüquq münasibətlərinin 1978-ci ildə yaranması, yəni X32 xx.xx.1978-ci il tarixdə ölməsi işin mübahisəsiz halıdır. İddiaçı isə məhz xx.xx.1991-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunmasını xahiş etmişdir. Belə olan halda, Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinin tələbinə görə mübahisənin həllinə Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Lakin, iddianı təmin edən birinci instansiyası məhkəməsi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəlləsinin və 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına istinad edərək mübahisəni həll etmişdir. (bax bənd 16)
62. Məhkəmə sadəcə olaraq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinin dispozisiyalarını qətnaməsinə köçürtməklə kifayətlənmiş, iddia müddətinin tətbiq edilməsinə dair əlaqəli maddələri hazırki işə mübahisəyə faktiki olaraq tətbiq edilib-edilməməsi barədə hüquqi araşdırma aparmamışdır.
63. Nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirilməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən isə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasının bildiyi və bilməli olduğu gündən əmələ gəlir.
64. Göründüyü kimi, hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq, mübahisəyə tətbiq edilməli olan köhnə Mülki Məcəllə ilə iddia müddətlərinin məhkəmə tərəfindən tərəflərin iradəsindən asılı olmayaraq tətbiqi nəzərdə tutulmuşdur.
65. İddiaçı 22 oktyabr 1991-ci il tarixdə verilmiş vərərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlılığını 10 may 2023-cü il tarixə, yəni təxminən 30 ildən sonra mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının iddia olunan hüququnun pozulmasının nə vaxt bildiyini (bilməli olduğunu) araşdırmamış və bundan asılı olaraq tələbə iddia müddətinin tətbiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməmişdir.
66. Belə ki, işin faktiki hallarından görünür ki, mərhum X42 13 fevral 1978-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra uşaqları X27 və X28 notariat ofisinə müraciət edərək, mərhumun vərəsələri kimi tanınmasını xahiş etmişlər. Bundan sonra Ağstafa rayon Notariat kontoru tərəfindən təqsdiq edilmiş 22 oktyabr 1991ci il tarixli 7191 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X26 vərəsələri X27 və X28 ona məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 119-da yerləşən 600 kv.m torpaq sahəsində yerləşən 1947-ci ildə çay daşından tikilmiş, birmərtəbəli, 3 otaqlı ümumi sahəsi 86.6 kv.m, yaşayış sahəsi 77.5 kv.m, inventar qiyməti 9609 manatdan ibarət yaşayış evinə dair bərabər hissələrdə irs almışlar. İddiaçı isə həmin şəhadətnamədən məlumatının olmadığını, 2022-ci il tarixdə daşınmaz əmlaka müraciət edən zaman ona məlum olduğunu bildirmişdir.
67. Lakin, göründüyü kimi iddiaçı qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğunu 30 ildən sonra məlumatının olması barədə əsaslı və mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Həmin hal isə yalnız iddiaçının özünün subyektiv izahatları ilə təsdiq olunur. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
69. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
70. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
71. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
72. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
73. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır.
74. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
76. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
78. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
79. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.
80. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-766/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qazax rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.