Məhkəmə qərarları › İş №2(104)-326/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-326/2024

09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-326/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-500/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Abonentin saldosundan görünür ki, Ağstafa rayonu Düz Qışlaq kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00094-dür, onun ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi və su qızdırıçı kalonka vardır.

2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00094 İddiaçı məxsus Ağstafa rayonu, Düz Qışlaq kəndində yerləşən evdə sayğacın quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizmi açıq vəziyyətdədir. Həmin akt TTQ və SX-nin mühəndisi Rzayev Bayram, TTQ və SX-nin texniki Əsgərov Vüsal, və TTQ və SX-nin çilingəri İsə Məmmədov tərəfindən imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun qazdan istifadəsində olan abonent saldosundan görünür ki, 1555,20 manat borc yaranıb. Ona həmin borcun olmasını yalnız şifahi şəkildə bildiriblər ki, sayğacla bağlı borc hesablanmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz sayğaclarının kütləvi əvəzlənməsi zamanı ona məxsus sayğacı sökmüşlər. Sonradan akt da tərtib etmişlər ki, dəyişdirilmiş köhnə sayğaca müdaxilə olunmuşdur. Lakin, onun qaz sayğacı həyatyanı sahəsindən kənarda yerləşir. Sayğaca laborator baxış keçirilən müstəqil deyil və “Azəriqaz” İB-nin orqanıdır. Sayğaca lobarotor keçirilən istehlakcı kimi onun iştrakı təmin edilməyib bu da qanunsuzdur. Müdaxilə olmuş olsa belə müdaxilədə kimin təqsiri olduğu izah edilməidir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanılmasına “Azəriqaz” İB-yi cavabdehdir.Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac nə daha sonra quraşdırılmış sayğac örtüklə örtülməyib.

5. Ağstafa Rayon Məhkəməsinin 2(015)-500/2023 saylı mülki iş üzrə 18 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim: Z.Rəsulov) iddia tələbi təmin edilmiş, ““Azəriqaz” İB tərəfindən abonent kodu **********00094 olan İddiaçı yazılmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun onun hesabından silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-500/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının istismarında olan qaz sayğacına müdaxilə edildiyi üçün ona xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən 1555.20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin fevral ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İş üzrə iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

10. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:

11. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

12. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

13. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməsinə görə borcunun olması barədə heç bir sübut yoxdur. Hesablanmış borc isə qaz sayğacına müdaxilə edilməsi əsası ilə hesablanmışdır. Həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

26. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

28. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1555.20 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-500/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar