Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-327/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(015)-510/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 1162,68 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(015)-510/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia təmin edilərək, “Azəriqaz” İB-yi tərəfindən abonent kodu **********00000 olan (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına yazılmış 1162,68 (min yüz altmış iki manat altmış səkkiz qəpik) manat borcun silinməsi; “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 31,62 (otuz bir manat altmış iki gəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1 adına **********00000 saylı abonent saldosu vardır. Mərhum anası X3 07 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun adına 1162,68 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Həmin evdə yaşayır və təbii qaz sayğacına müdaxilə olmadığı halda aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Qaz sayğaclarına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir ayda iki dəfədən artıq baxış keçirilir. Əgər sayğaca müdaxilə halı baş vermişdirsə, onda nə üçün barəsində bu vaxta kimi tədbir görülməmişdir. Qaz sayğacına guya baxış keçirilmiş, çarxların üzərinə yad maddə aşkar olunmuş və sayğacın iş prinsipinə mane törətməsi yazılmış və ona görə də həmin cərimə hesablanmışdır. Sayğaca hər ayda iki dəfə texniki baxış keçirilməklə üzərindəki sərfiyyat götürülmüşdür. İş materiallarında olan: Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 1-də yaşamış mərhum X3 ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00000-dır, onun ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri , qızdırıcı radiator peçi və çörək bişirmək üçün sajlar vardır; Həmin sənəddən müəyyən olunur ki, 2023-cü ilin yanvar ayında 1036,80 manat akt borcu abonent hesabına yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00000 X2 məxsus ünvan 1-də yerləşən evdə sayğacın quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, giriş membranında çarxların üzərində yad maddə aşkar olunmuş və sayğacın iş prinsipinə maneə törətmişdir. Həmin akt TTQ və SX-nin mühəndisi Rzayev Bayram, TTQ və SX-nin texniki Əsgərov Vüsal, və TTQ və SX-nin çilingəri Qocayev Məqsəd tərəfindən imzalanmışdır; AZ-İİ seriyalı 289679 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 07 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının istismarında olan qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-ci ilin yanvar ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bundan başqa, İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə alınmadan iddia tələbi təmin edilmişdir. Belə ki, sayğacın giriş membranının çarxlarının üzərində yad maddə (yağ) aşkar edilmişdir. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya 25 yanvar 2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq, məhkəmə 2023-cü ilin yanvar ayında müəyyənedilmiş, eləcə də iddiaçı tərəfindən təbii qazın istehlakına görə yaranmış borcun – ümumilikdə 1162,68 manat borcun silinməsini qət etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, təbii qazdan istifadə ilə bağlı “azəriqaz” İstehsalat Birliyi ilə mərhum anası X3 arasında müqavilə bağlanmışdır. Hazırda qaz sayğacının quraşdıldığı evdə özü yaşayır. Cavabdeh təşkilatın müyaənədləri 2022-ci ilin dekabr ayında istismarlarında olan qaz sayğacını başqa sayğacla əvəz etdilər. mSonradan isə akt əsasında abonent hesabına cərimə borcu yazdılar. Lakin qaz sayğacı evinçölündə yerləşir və nə o, nə də ki, mərhum anası tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” istehsalat Birliyii nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eıləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumay verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümmkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent kodu **********00000 olan (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına yazılmış 1036,80 manat borcun silinməsi müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün 1036,80 manat borc hesablamışdır. Cavabdeh bu hərəkətini istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olmuş mərhum Raziyə Həsənovaya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, mərhum Rzaiyə Həsənovanın istismarında olmuş sayğac çıxarılarkən sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac növbədən kənar dövlət yoxlaması aparılaraq yenisi ilə əvəzlənmişdir. Sayğac çıxarıldıqdan sonra aparılmış Təbii qazdan istifadə qaydalarının pozulması barədə 25 yanvar 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, mərhum X4 yaşadığı fərdi yaşayış evinə məxsus sayğacın giriş membranında çarxların üzərində yad maddə aşkar olunduğu və sayğacın iş prinsipinə maneə törətdiyi, bu səbəbdən də 1036,80 manat dəyərində qaz sərfi olaraq ziyan dəydiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək, abonent kodu **********00000 olan (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına yazılmış 1162,68 manat borcun silinməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında görünür ki, iddiaçının istismarında olan qaz sayğacı evin həyət divarında bayırda küçədə yerləşir. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, istehlakçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent tərəfə hesabladığı borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyasının iclasında abonentin qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Ancaq qeyd olunmalıdır ki, iddiaçı abonent hesabından 1162,68 manat borcun silinməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin yanvar ayında dəymiş ziyanın əvəzi olaraq 1036,80 manat akt borcu mərhum abonent Raziyə Həsənovanın hesabına yazılmışdır. İddiaçı isə tələbində 1162,68 manat borcun, yəni akt üzrə yazılmış borcdan əlavə məbləğin də abonent hesabından silinməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almadan iddia tələbini tam təmin edərək cərimə kimi yazılmış 1162,68 manat borcun abonent hesabından silinməsini qət etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilsilinməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, abonent hesabından silinməli olan olan borc məbləği 1036,80 manat müəyyən edilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 30,36 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, hazırkı iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(015)-510/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent kodu **********00000 olan (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına yazılmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 30,36 (otuz manat otuz altı qəpik) manat cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-327/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-327/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver