Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-331/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-778/2023 saylı qətnaməsindən cavabddeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********00439 olmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. “Azəriqaz” İstehsalat Birliyinin işçiləri qaz sayğaca baxış keçirən zaman sayğacın üfüqi vəziyyətdə olması aşkar edilmişdirdir. Hər ay qaz nəzarətçisi bildirişini verir, o da pulunu keçirir. Bundan əlavə qaz sayğacı yaşadığı evdən kənarda yerləşir. Göründüyü kimi cavabdehin yazdığı əsassız cərimə həqiqəti əks etdirmir. Bu səbəbdən əsassız hesablanmış 725.76 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-778/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00439) əsassız hesablanmış 725.76 (yeddi yüz iyirmi beş manat yetmiş altı qəpik) manat məbləğində borcun silinməsi, İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00439) əsassız hesablanmış 725.76 manat məbləğində borc silinməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin mart ayında iddiaçının abonent hesabına işlənilmişdir. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 726,76 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar: qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 8. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr:
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması:
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda iddiaçının istifadəsində olan qaz sayğacının işlək vəziyyətdə olmasına nəzarəti cavabdeh həyata keçirməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, quraşdırılmış qaz sayğacına müdaxilənin məhz istehlakçının təqsiri üzündən baş verməsi barədə cavabdeh hər hansı sübut təqdim etməmişdir, eləcə də həmin hallar iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda həmin sayğaca görə itirilmiş qazın həcminin dəyərinin iddiaçı tərəfindən ödənilməsi əsassızdır. Məhkəmə kollegiyasi əlavə olaraq qeyd edir ki, qaz sayğacının istehlakçının evindən kənarda, yolda quraşdırılmış olması həmçinin örtüklə örtülməməsi istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımasını istisna edən digər bir haldır. Belə ki, birinci instansiya məhkəməsi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddiaçının abonent hesabına cavabdeh tərəfindən itirilmiş qazın bərpasına görə hesablanmış 725,76 manat məbləğində borcun silinməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq,
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-778/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.