Məhkəmə qərarları › İş №2(104)-337/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-337/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-337/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı X2 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" İB-nə qarşı 1555.20 manat borcun silinməsi tələbinə dair Ağstafa Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, abonent kodu **********07990 olmaqla cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. "xxxx" İstehsalat Birliyinin işçiləri qaz sayğaca baxış keçirən zaman təbii qaz sayğacının qurğuşun plombunun kəsildiyini qeyd etmişlər. Göründüyü kimi cavabdeh təşkilatın yazdığı əsassız cərimə heç bir məntiqə söykənmir. Sayğacın mexanizmindən hiss etməməsindən iddiaçının da anlayışı yoxdur. Bundan əlavə qaz sayğacı 2013-cü ildə quraşdırılmışdır. İstismar müddəti isə 5 ildir və 4 ildir ki istismar müddəti başa çatmışdır. İddiaçıya əsassız olaraq 1555.20 manat qanunsuz cərimə yazılmış və akt tərtib edilmişdir. Akt onun və ailə üzvlərindən heç kimin xəbəri olmadan tərtib olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zamiq Rəsulov) iddia təmin edilmiş, cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən iddiaçı X3 "xxxx" İstehsalat Birliyi tərəfindən abonent kodu: **********990 əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş ) manat 20 (iyirmi ) qəpik borcun silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555.20 manat itirilmiş qazın bərpası üçün ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır.Buna baxmayaraq məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin və ödənilmiş dövlət rüsümu ilə birlikdə hamısının silinməsini qət etmişdir. Cavabdeh "xxxx" İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh "xxxx" İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Ağstafa rayonu Qırılı kəndində adına quraşdırılmış təbii qaz sayğacına "xxxx" İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və onun məlumatı olmadan 1555.20 manat borc hesablanmışdır. Belə ki, "xxxx" ASC–nin əməkdaşları adına quraşdırılmış sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar yenisi ilə əvəz etmək məqsədilə aparmışlar. Sonradan sayğacı onun məlumatı olmadan laboratoriyaya təqdim etmiş və orada sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plomb kəsik olduğu müəyyən edilmiş, bununla da guya onun tərəfindən sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, həmin qaz sayğacın mexanizminə onun tərəfindən heç bir müdaxilə edilməməsini bildirsə də, cavabdehin əməkdaşları onun iradlarına məhəl qoymamışlar. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş 28 aprel 2023-cü il ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Ağstafa rayonu Qırılı kəndində yaşayan X2 quraşdırılmış Elster G-4 ******* nömrəli qaz sayğacı Zinner G-4 **********8 qaz sayğacı ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın sürətindən görünür ki, sayğaca baxış keçirilmiş , sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plomb kəsik olduğu və sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkün olunduğu göstərilmişdir. Ağstafa rayonu Qırılı kəndində yaşayan abonent X1 görünür ki, iddiaçının abonent hesabına 1555.20 manat borc hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı X2 mənzilində quraşdırılmış qaz sayğacı istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilərək, dövlət yoxlamasına göndərilmiş, sayğacın hesablama mexanizminin qüsurlu olması aşkar edilmişdir.Ona görə də, cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 1555.20 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh "xxxx" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar