Məhkəmə qərarları › İş №2(104)-342/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-342/2025

24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-342/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlak üzərində payların müəyyən edilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X10, cavabdehlər Cavabdeh1 (eləcədə Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(021)-308/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin 04 oktyabr 2023-cü il tarixli, 2563/2023 nömrəli cavab məktubundan müəyyən olunur ki, miras əmlakla bağlı mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsinin vəkil Xanım İsayevaya ünvanladığı sorğuya cavabdan görünür ki, Məmmədov Eldar Yunis oğlunun adına Bərdə rayonu, Babək küçəsində yerləşən 2 otaqdan ibarət olan, yaşayış sahəsi 41.65 kv.metr və 200.0 kv.metr olan torpaq sahəsi ilə birlikdə 14 saylı fərdi yaşayış evi 883 qeydiyyat nömrəsilə Bərdə rayonu DTİ və MHQ idarəsi tərəfindən qeydə alınmışdır;

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 078687 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il trarixli 06 saylı qərarı ilə Məmmədov Eldar Yunis oğluna Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 185,6 kv.m torpaq sahəsi verilmişdir.

4. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 457573 nömrəli arayışdan görünür ki, 24 may 1991-ci il tarixdə Məmmədov Eldar Yunis oğlu ilə X2 arasında nikah bağlanmışdır;

5. 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, X3 22 avqust 1971-ci ildə Bərdə rayonunda anadan olmuş və doğum akt qeydləri kitabında 340 nömrə ilə qeydə alınmışdır;

6. 11 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 24 iyun 1969-cu ildə Bərdə rayonunda anadan olmuş və doğum akt qeydləri kitabında 339 nömrə ilə qeydə alınmışdır;

7. 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh5, xx xxxx 1977-ci ildə Bərdə rayonunda anadan olmuş və doğum akt qeydləri kitabında 281 nömrə ilə qeydə alınmışdır;

8. 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov Hicran Eldar qızı xx xxxxxx 1973-ci ildə Bərdə rayonunda anadan olmuş və doğum akt qeydləri kitabında 490 nömrə ilə qeydə alınmışdır;

9. 11 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X6 xx xxxxxxxx 1967-ci ildə anadan olmuş və doğum akt qeydləri kitabında 516 nömrə ilə qeydə alınmışdır;

10. Ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Eldar Yunis oğlu 26 avqust 2023-cü ildə ölmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Sadıqova (Məmmədova) Aygün Eldar qızı, Cavabdeh2, Qaraşova (Məmmədova) Mehriban Eldar qızı, Süleymanova (Məmmədova) Hicran Eldar qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək 26 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğlundan Bərdə şəhər, ünvan 2 ünvanında miras qalmış 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin vərəsələr arasında bölünməsini və mirasın naturada bölünərək onun payının ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbini mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, miras payının vərəsələr arasında bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Məmmədov Eldar Yunis oğlu ilə 24 may 1991-ci il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuşlar. Birgə nikahlarından uşaqları anadan olmamışdır. Eldar Məmmədova məxsus yaşayış sahəsi 41.65 kv.m olan iki otaqlı evdə yaşamışlar. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 200.0 kv.m olmuşdur. Həyat yoldaşı Məmmədov Eldar Yunis oğlu 26 avqust 2022-ci il tarixdə ölmüşdür. Eldar Məmmədovun ölümündən sonra fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Fərdi yaşayış evi Bərdə rayon DTİ və MHQ İdarəsi tərəfindən 883 nömrə ilə qeydiyyata alınsa da, lakin Çıxarış verilməmişdir. Torpaq sahəsinə dair Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı mövcuddur, 25 yanvar 2011-ci il tarixdə 1594 nömrəli A 078687 saylı Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Məmmədov Eldar Yunis oğlunun övladları, yəni hazırki iş üzrə cavabdehlər fərdi yaşayış evinin adına keçməsinə narazıdırlar və həmin evdə yaşamağına mane törədirlər. Cehiz əşyaları həmin evdə olsada, faktiki olaraq evdə yaşamır. Fərdi yaşayış evinin adana sənədləşdirilməsi ilə bağlı Bərdə “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsədə, lakin vərəsələr arasında mübahisə olduğundan imtina verilmişdir.

14. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizıə verərək cavabdehlərdən 550 manat dəyərində paltaryuyan maşın, 750 manat dəyərində soyuducu, Qonaq otağı və yataq otağı mebeli dəsti, Balonlu qaz piltəsi, elektrikli soba, televizor və onun krosna aparatı, stol və altı ədəd stul, üç ədəd tək çarpayı, paltar asılqanı, ütü stolu, ət maşını, tozsoran, qab-qacaqlar, Sandıq (içi dolu məhrəba və s.), 3 ədəd yastıq, dörd ədəd tək döşək, dörd ədəd yorğan, iki ədəd mütəkkə, dörd ədəd adyal, bir ədəd çamadan, bir ədəd xalça və bir ədəd mator alınıb ona verilməsinidə məhkəmədən xahiş etmişdir.

15. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(021)-308/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı iddiası qismən təmin edilərək, mərhum 26 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhəri, ünvan 2 ünvanındakı fərdi yaşayış evi vərəsələr arasında bərabər paylar üzrə bölüşdürülməklə vərəsəlik payları tanınması; Hazırkı qətnamə notarius tərəfindən tərəflərin vərəsəlik paylarının bölünməklə tanınması üçün əsas olması; Cavabdehlərdən iddiaçıya məxsus cehiz əşyaları (əmlakları): Paltaryuyan maşın- 1 ədəd- 550 manat; Soyuducu-1 ədəd-750 manat; Qonaq otağı və yataq otağı mebeli (Mebel dəsti)-1500 manat; Qaz piltəsi-balonlu-1 ədəd-35 manat; Elektrikli soba-1 ədəd; Televizor1 ədəd; Televizor aparatı (krosnu)-1 ədəd 15 manat; 1 ədəd stol və 6 ədəd stul (Stol-stul dəsti)-350 manat; Tək çarpayı-3 ədəd (1 ədəd-55 manat) cəmi 165 manat; Paltar asılqanı1 ədəd 10 manat; Ütü stolu-1 ədəd 60 manat; Ət maşını-1 ədəd 55 manat; Tozsoran-1 ədəd 60 manat; Qab-qacaqlar (qab-qacaq dəsti)-50 manat; Sandıq (içi dolu məhrəba və s.)-1 ədəd-100 manat; 3 ədəd yastıq (1 ədədi 30 manat)-cəmi 90 manat; 4 ədəd tək döşək (1 ədədi-80 manat)-cəmi 320 manat; 4 ədəd yorğan (1 ədədi 70 manat)cəmi 280 manat; 2 ədəd mütəkkə (1 ədədi 10 manat) cəmi 20 manat; 4 ədəd adyal (1 ədədi 10 manat) cəmi 40 manat; Çamadan 1 ədəd-20 manat; 1 ədəd xalça-120 manat və Mator və ya onların dəyəri alınaraq iddiaçıya verilməsi; ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; iş üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar tələb olunan 100 manat xərc cavabdehlərdən müştərək qaydada tutularaq “X7” MMC-nin hesabına keçirilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146, 152.1, 157.2, 225.1, 354.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1225.1, 1225.3, 1229, 1230, 1231.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1274, 1291ci maddələri, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.,77.1.,217.4. və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehlər Sadıqova (Məmmədova) Aygün Eldar qızı və Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin etiraf edilən hissədə təmin edilməsinə, qalan hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Cavabdehlər Sadıqova (Məmmədova) Aygün Eldar qızı və Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, miras qalmış fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülki qanunvericiliyə görə, reyestrdə qeydə alınmamış əmlak miras kütləsinə daxil edilmir. Əgər həmin əmlak miras kütləsinə daxildirsə, onda fərdi yaşayış evində cavabdehlərdən Cavabdeh5 ailə üzvləri ilə birlikdə yaşayır və miras əmlakı Ramil qəbul etmiş yeganə vərəsə sayılmalıdır. Ev atalarının valideylərindən miras qalmış köhnə tikilidir. Sonradan mərhum atası Eldar Məmmədov anası ilə ailə qurmuş və sözügedən evdə yaşamağa başlamışlar. Cavabdehlər hamısı həmin evdə doğulub, orada boya-başa çatmışlar. Cavabdeh5 başqa, hamısı ailə qurub başqa ünvanlarda yaşayırlar. Anaları 1983-cü ildə atalarından ayrılmışdır. Ataları sonradan iddiaçı ilə evlənmişdir. Cavabdeh5 onlarla birlikdə yaşamış, hazırda da həmin evdə yaşayır. Qəzalı vəziyyətdə olan evin bir hissəsini Ramil öz vəasiti hesabına əsaslı təmir etdirmiş və əlavə tikinti işləri aparmışdır. 2022-ci ildə atası vəfat etdikdən sonra, İddiaçı evdən çıxıb getmiş və əşyalarını evin 1 otağına yıgıb, qapısını bağlamışdır. İddiaçıya məxsus hansı əmlaklar varsa, qapısı bağlı otaqdadır. Bağlı otağın pəncərəsindən baxdıqda tələb olunan əşyalardan paltaryuyan, soyuducu, qaz plitəsi, stol-stullar, 3 ədəd tək çarpayı, paltar asılqanı görünür. Xırda əşyaları varsada onlarda ordadır. Çünki onlar bağlı otağa keçə bilmirlər. Ancaq iddiaçının heç vaxt qonaq otağı və yataq otağı mebeli və televizoru olmamışdır. Hətta əmlakın qiymətləndirilməsi üçün İddiaçı tərəfindən evə dəvət olunmuş mütəxəssis də qapı bağlı olduğundan iddiaçının tələb etdiyi əmlakalara pəncərədən baxmış və otaqda qonaq otağı və yataq otağı mebelinin və televizorun olmadığının şahidi olmuşdur. Hesab edirlər ki, birinci növbə vərəsə olduğundan və məhkəmə maddi hüquq normasını yalnış təfsir etdiyindən hazırkı qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyasında icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2025-ci il tarixli 2(104)-342/2025 nömrəli qərardadı ilə iddianın cehiz əşyaları tələbinə dair hissəsindən İddiaçı imtina edildiyi üçün işin icraatına həmin hissədə xitam verilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sadıqova (Məmmədova) Aygün Eldar qızı (eləcədə Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iki qardaş 3 bacıdırlar. Onların heç biri mirasdan imtina etməyib. Atalarından qalmış miras əmlaka İddiaçı 1/6 hissədə pay verilməsinə etiraz etmir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qaraşova (Məmmədova) Mehriban Eldar qızı da hər bir vərəsənin 1/6 hissədə payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras əmlakda payının 1/6 hissədə müəyyən olunmasına dair qətnamə çıxarılmasına etiraz etmir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X9 da iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra miras əmlakdə vərəsələrin hər birinin payının 1/6 hissədə müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.3. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Məmmədov Eldar Yunis oğlu 24 may 1991-ci il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuş və sonuncuların nikahından uşaqları anadan olmamışdır. Məmmədov Eldar Yunis oğlunun 26 avqust 2022-ci il tarixdə ölümündən sonra Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən 14 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 200,0 kv.m torpaq sahəsi miras qalmışdır. Miras qoyanın 6 nəfər birinci növbə vərəsəsi, yəni hazırkı iş üzrə iddiaçı olan arvadı İddiaçı və birinci nikahından olan 5 uşağı qalmışdır. Miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğundan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

43. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən yalnız cavabdehlərdən Sadıqova (Məmmədova) Aygün Eldar qızı və Cavabdeh5 apellyasiya şikayəti vermişdir.

44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan hüquq normalarına qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

45. Miras qoyan Məmmədov Eldar Yunis oğlu 26 avqust 2022-ci ildə öldüyündən mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

47. X5 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

48. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

49. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

50. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

51. Hazırkı iş üzrə iddia ərizəsi 05 oktyabr 2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məmmədov Eldar Yunis oğlundan miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyinə uyğun həll edilməlidir.

52. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarıyla düzgün olsada, lakin məhkəmə mirasın kütləsinə daxil olan fərdi yaşayış evinin ümumi sahəsini, eləcədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin neçə kv. metr olmasını dəqiq müəyyən etməmiş, həmçinin qətnamənin nəticə hissəsində birinci növbə vərəsələrin adlarını, eləcədə onların hər birinə mirasdan çatası payı göstərməmişdir.

53. Belə ki, iddia ərizəsində miras qalmış fərdi yaşayış evinin yalnız yaşayış sahəsinin 41,65 kv.metr eləcədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 200,0 kv. metr olması göstərilmişdir. Halbu ki işdə olan və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 078687 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il trarixli 06 saylı qərarı ilə Məmmədov Eldar Yunis oğluna Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 185,6 kv.m torpaq sahəsi verilmişdir. Eləcədə apellyasiya icraatı zamanı sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış Qeydiyyat Şəhadətnaməsindən müəyyən olunmuşdur ki, Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən iki otaqlı 14 nömrəli fərdi yaşayış evi 39,0 yaşayış, 33,12 qeyri yaşayış sahələrdən ibarət olmaqla, ümumi sahə 72,12 kv.metrdən ibarətdir.

54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8. bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

55. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın ölümündən sonra onun 6 nəfər birinci növbə vərəsəsi, yəni nikahda olduğu arvadı İddiaçı və birinci nikahdan olan uşaqları – Məmmədova (Sadıqova) Aygün Eldar qızı, Cavabdeh2, Məmmədova (Qaraşova) Mehriban Eldar qızı, Məmmədova (Süleymanova) Hicran Eldar qızı və Cavabdeh5 qalmışdır. Eldar Məmmədovdan miras qalan əmlak isə Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən iki otaqlı 14 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 185,6 kv. torpaq sahəsidir. Apellyasiya şikayətində miras qalmış fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması qeyd olunsada, lakin sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən alınmış Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli qərarı əsasında Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən iki otaqlı 14 nömrəli fərdi yaşayış evi Məmmədov Eldar Yunis oğlunun adına Bərdə rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən 1989-cu ildə qeydə alınmışdır.

56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.6. bəndinə görə fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.

57. Miras qoyanın vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Belə olan təqdirdə kollegiya hesab edir ki, vərəsələrin hər birinin payı miras əmlakda 1/6 hissədə olmalıdır.

58. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(021)-308/2024 nömrəli qətnaməsi “mərhum 26 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhəri, ünvan 2 ünvanındakı fərdi yaşayış evi vərəsələr arasında bərabər paylar üzrə bölüşdürülməklə vərəsəlik payları tanınması” hissədə dəyişdirilməli, Məmmədov Eldar Yunis oğlunun 26 avqust 2022-ci il tarixdə ölümündən sonra Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən iki otaqlı 14 nömrəli fərdi yaşayış evi (39,0 yaşayış, 33,12 qeyri yaşayış, ümumi sahəsi 72,12 kv.metr) və onun yerləşdiyi 185,6 kv. torpaq sahəsinə onun birinci növbə vərəsələri, yəni arvadı İddiaçı və uşaqları- Sadıqova (Məmmədova) Aygün Eldar qızı, Cavabdeh2, Qaraşova (Məmmədova) Mehriban Eldar qızı, Süleymanova (Məmmədova) Hicran Eldar qızı və Cavabdeh5 hər birinin payı 1/6 hissədə müəyyən olunmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1., 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Sadıqova (Məmmədova) Aygün Eldar qızı və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(021)-308/2024 nömrəli qətnaməsi “mərhum 26 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Eldar Yunis oğluna məxsus olan 2 otaqdan ibarət, yaşayış sahəsi 41.65 kv.m və 200.0 kv.m olan torpaq sahəsi ilə birlikdə olan Bərdə şəhəri, ünvan 2 ünvanındakı fərdi yaşayış evi vərəsələr arasında bərabər paylar üzrə bölüşdürülməklə vərəsəlik payları tanınması” hissədə dəyişdirilsin. Məmmədov Eldar Yunis oğlunun 26 avqust 2022-ci il tarixdə ölümündən sonra Bərdə şəhəri, Babək küçəsi birinci döngədə yerləşən iki otaqlı 14 nömrəli fərdi yaşayış evi (39,0 yaşayış, 33,12 qeyri yaşayış, ümumi sahəsi 72,12 kv.metr) və onun yerləşdiyi 185,6 kv.metr torpaq sahəsinə onun birinci növbə vərəsələri, yəni arvadı İddiaçı və uşaqları- Sadıqova (Məmmədova) Aygün Eldar qızı, Cavabdeh2, Qaraşova (Məmmədova) Mehriban Eldar qızı, Süleymanova (Məmmədova) Hicran Eldar qızı və Cavabdeh5 hər birinin payı 1/6 hissədə müəyyən olunsun. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar