Məhkəmə qərarları › İş №2(104)-353/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-353/2024

07.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-353/2024 07.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X6 və üçüncü şəxs X3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya verilməklə evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi Cavabdehlər Cavabdeh və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6 və üçüncü şəxs X3 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(044)-1951/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətlərindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Ozan küçəsi 4-cü dalan 4 nömrəli fərdi yaşayış evi və 0,0888 ha torpaq sahəsi İddiaçı və X2 hər birinə ½ hissə olmaqla paylı mülkiyyətlərindədir.

2. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyən edilməsinə dair arayışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Ozan küçəsi 4-cü dalan 4 nömrəli fərdi yaşayış evinin 29 mart 2017-ci il tarixə bazar dəyəri 35000 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh, X6 və üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və X5 ümumilikdə 4000 manat kompensasiya ödəməklə mülkiyyətində olan əmlakdan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı cavabdehlər Cavabdeh və X5 ümumilikdə 5000 manat kompensasiya ödənilməklə mülkiyyətində olan əmlakdan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan, ev 4 mülkiyyət hüququ əsasında ona və bacısı X3 məxsusdur. Cavabdehlər Cavabdeh onun keçmiş həyat yoldaşı, X6 isə onun oğludur. Cavabdeh ilə münasibətləri xeyli müddətdir ki, korlanmış və nəticədə o, sözügedən mənzildə onlarla birgə yaşaya bilməz.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(044)- 1951/2019 nömrəli (hakim Zaur Hünmətov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh, X5 5000 manat kompensasiya verilməklə onların Gəncə şəhəti Ozan küçəsi 4-cü dalan ev 4-dən istifadə hüququna xitam verilməsi; Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 228.2-ci maddəsi, Mənzil Məcəlləsinin 34.1-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən onun istifadə hüququna 5000 manat məbləğində kompensassiya verilməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Onun və oğlunun başqa yaşayış yeri yoxdur və evin dəyəri düzgün qiymətləndirilməmişdir . c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1990-cı ildə mübahisəli evə gəlin gəlmişdir. Ev qaynatasının adına olmuş və satılaraq yerində başqa ev tikilmişdir. Məhkəmə tərəfindən müəyyən olunan 5000 manat kompensasiya ilə razı deyil. Artıq ev 3-4 aydır ki, satılıb. Oğlu ilə ona birlikdə 40000 manat kompensassiya verilərsə evdən çımağa razılıq verər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 izahatında göstərmişdir ki, mübahisəli evdə qeydiyyatdadır. İddiaçı evi onun və anasının razılığı olmadan satmışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ididiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

20. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan, ev 4 mülkiyyət hüququ əsasında İddiaçı və X2 paylı mülkiyyətində olmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh İddiaçı keçmiş arvadı, Orxan Tağıyev isə oğludur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və birgə yaşamaları mümkün olmadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan, ev 4 əvvəllər mülkiyyət hüququ əsasında İddiaçı və X2 paylı mülkiyyətində olsada, lakin elektron informasiya sistemindən əldə olunan məlumatdan aydın olur ki, qeyd olunan fərdi yaşayış evi artıq sonuncuların mülkiyyətindən çıxmışdır. Cavabdeh tərəf də fərdi yaşayış evinin 3-4 ay bundan əvvəl onların razılığı alınmadan satıldığını bildirmişdir.

33. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».

34. Göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır.

35. Yuxarıda da qeyd olunduğu kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan, ev 4 artıq İddiaçı mülkiyyətində deyil. Belə olan təqdirdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(044)- 1951/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh, X6 və üçüncü şəxs X3 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar