Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-360/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış 6578 manat elektrik enerjisinin istifadəsinə görə borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qismən təmin edilməsi, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanına hesablanmış cərimə borcunun 1000 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Nemət Musayev) iddia qismən təmin edilmişdir. İddiacı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsinin iddianın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh Azərişıq ASC tərəfindən borc məbləği həddən artıq şişirdilmişdir. 17 gün müddətində elektrik enerjisindən istifadə edilməsinin məbləği 6578 manat ola bilməz. İş üzrə 17 gün müddətində istifadə edilmiş elektrik enerjisinin məbləğinin müəyyən edilməsinə dair ekspertiza təyin etməli və ya mütəxəssis rəyi alınmalı idi. Məhkəmə onun hüquqi savadının olmamasından istifadə edərək qətnamədə qeyd etmişdir ki, guya o, cərimə borcunun 1000 manat məbləğində təmin olunmasını xahiş edir. Bildirmək istəyir ki, onun belə bir tələbi olmamış, o, ümumilikdə əsassız olaraq 6578 manat borcundan 1000 manatın saxlanılmasını, qalan hissəsinin silinməsini bildirmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, sədrlik edənin sualına cavab olaraq göstərdi ki, iddiaçı Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən Səmədoğlu market və ət dükanında sahibkarlıq fəaliyyətini həyata keçirir, vergi ödəyicisi kimi vergi uçotuna alınmış və VÖEN verilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, sədrlik edənin sualına cavab olaraq göstərdi ki, əslində iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi üçün, məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında əlavə edilmiş: xx.xx.2023-cü il tarixli AKT NDQ 016215 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman obyektə məxsus elektrik sayğacı dövrədən kənarlaşdırılmışdır. Kənar xətt sayğacın giriş sip xəttinin hər üç xəttini zədələyərək naqil vasitəsi ilə çəkilərək obyektə sayğacdan kənar xətt ötürülmüşdür. "xxxx" ASC-nin AKT Komissiyasının icra vərəqindən görünür ki, xx.xx.2023- cü il tarixli AKT NDQ 016215 saylı akt əsasında 365 gün üçün 60707 kvts miqdarında itirilmiş enerjinin dəyəri 6678 manat hesabat aparılmışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək olan abunə haqqında olan çıxarışdan görünür ki, İddiaçı Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən ona məxsus **********90001 abuna kodlu sayğaca hesablanmış 6677.77 manat cərimədən 4300 manat ödəniş etmiş, hazırda onun 2377.77 manat borcu qalmışdır. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti, cavabdeh "xxxx" ASC isə hüquqi şəxs olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Qazax Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1167/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-360/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-360/2024
18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver