Məhkəmə qərarları › İş №2(104)-369/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-369/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-369/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı iş üzrə Açar sözlər: iradə ifadəsi; əqdin forma və məzmununa riayət edilməməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh X14 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(042)-871/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Novosaratovka kənd X17 1991-1995-ci illərə dair 2 nömrəli təsərrüfatbaşına kitabında 104-cü şəxsi hesabında X3 adına təsərrüfat qeyd olunmuşdur. Həmin təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 28 kv. m. olan ev qeyd olunmuşdur;

2. 26 iyul 1996-cı il tarixli alqı-satqı aktında qeyd edilmişdir ki, X14 Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0.25 ha sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən 1957-ci ildə inşa edilmiş fərdi yaşayış evini razılaşdırılmış qiymətə 345000 rubla İddiaçı satmış, sonuncu həmin pul vəsaitini ödəmişdir (alqı-satqı aktı satıcı qismində göstərilən X14 tərəfindən imzalanmamışdır);

3. Gədəbəy rayon İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 14 fevral 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı sabiq Novosaratovka kənd sakini mərhum X6 məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin evi idarə edir;

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 aprel 2025-ci il tarixli 3-21-3-40-2-1504/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı iştirakı ilə iddia etdiyi Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,28 ha torpaq sahəsinə və fərdi yaşayış evinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Müayinə baxışı zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi **********0353 saylı “torpaq sahəsinin plan və ölçü” sənədi əsasında başqa vətəndaş X16 adına qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda (sağ və sol tərəfdə) yerləşən torpaq sahələrinin mülkiyyətçiləri sağ tərəfdə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında X11, sol tərəfdə isə **********0354 nömrəli “torpaq sahənin plan və ölçü” sənədi əsasında X12 adına qeyd edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X14 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Novosaratovka kənd sakini olmuş X3 adına Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 28 kv.m fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsinə onunla cavabdeh arasında xx.xx.1996-cı il tarixdə sadə razılaşma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il tarixdə Novosaratovka kənd sakini olmuş X4 1957-ci ildə inşa edilmiş ümumi sahəsi 28 kv.m fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu ilə 345000 min rus rubluna almışdır. Cavabdeh sözügedən evi, həyətyanı torpaq sahəsini ona təhvil vermiş, o vaxtdan da həmin evdə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Evi və təsərrüfatı o və ailə üzvləri ilə birlikdə idarə etmişlər. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün, eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da cavabdeh X4 sadə razılaşma yolu ilə sözügedən evi almış və ona Rusiya Federasiyasının Stavropol şəhərində olan qohumlarının yanına gedəcəklərini bildirmişdir. Orada məskunlaşdıqdan sonra qayıdıb gələcəyini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirmişdir. O həmin evdə ailəsi ilə birlikdə 1996-cı ildən yaşayır. X7 sözügedən evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təsdiq edərlər. Eyni zamanda, həmin tarixdə onun X7 ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Belə ki, cavabdeh 1996-cı il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da, lakin müsbət nəticə olmamışdır. Cavabdehi tanıyan şəxlər X3 hansı ünvanda yaşamasını bilən olmamışdır. Sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli 09 saylı qərarı əsasında cavabdeh X3 adına 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin evi və həyatyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözügedən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini cavabdeh ilə 1996-cı ildə sadə razlaşma yolu ilə 345.000 min rus rubluna almışdır.

7. X5 məhkəmə iclasında verdiyi ifadədə bildirmişdir ki, o, Gədəbəy rayonu Novosaratovka kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan evi və torpaq sahəsini 1996-cı ildə cavabdehdən almışdır. Alqı-satqıda o da iştirak etmişdir. İddiaçı və ailə üzvləri 1996-cı ildən həmin evdə yaşayırlar.

8. X1 da məhkəmə iclasında digər X5 ilə eyni məzmunlu ifadə vermişdir.

9. Gədəbəy Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(042)-871/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi təmin edilərək, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, cavabdeh X8 adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və 28 kv.m fərdi yaşayış evinə dair İddiaçı ilə cavabdeh X14 arasında bağlanmış 26 iyul 1996-cı il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 119 və 120-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10 və 17ci maddələrinə, həmçinin 4 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335-ci maddəsinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

11. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır və ona görə də həmin əmlak barəsində sərəncam verilə bilməz. İddiaçı sözügedən yaşayış evinin aldığını qeyd etsə də, mülki qanunvericiliklə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi (yazılı formada, tərəflərin imzası ilə, notarial qaydada təsdiq edilmiş) bağlanmamışdır.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəsi gedən əmlak dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Həmin əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd də mövcud deyildir.

15. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu qurumun mütəxəssisi tərəfindən iddiaçının iştirakı ilə iddia edilən torpaq sahəsində müayinə aparılmış və torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olduğu müəyyən edilmişdir. Nümayəndə məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, altı-satqı aktında cavabdehin soyadı və ata adı səhv göstərilsə də, lakin arxiv sənədlərində düzgün qeyd edilmişdir. Cavabdeh qoca qarı olmuş və 1996-cı ildə Gədəbəy rayonu Novosaratovka kəndini tərk edib getmişdir. Arxiv sənədlərində həmin torpaq cavabdehin adınadır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh torpağın alqı-satqısına görə pul vəsaitini ondan alıb Rusiya Federasiyasının Stavropol şəhərinə getmişdir. Torpaq sahəsinin alqısatqısına dair qonşuların iştirakı ilə akt tərtib edilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi

18. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

19. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

20. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli X17 icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır (24).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gədəbəy rayon Novosaratovka kənd X17 1991-1995-ci illərə dair 2 nömrəli təsərrüfatbaşına kitabında X3 təsərrüfatında adına 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 28 kv.m olan ev qeydə alınmışdır. İddiaçı həmin əmlaka dair cavabdeh X10 ilə aralarında xx.xx.1996-cı il tarixli alqı-satqı aktı tərtib edildiyini və sonuncunun 345000 rubl müqabilində əmlakı ona satdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia olunan alqı-satqı hüquq münasibətlərinin 1995-ci ildə bağlanması barədə nəticəyə gəlsə də, lakin mübahisənin həllinə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsini tətbiq etmişdir. Halbuki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

36. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Məhkəmə kollegiyası iddia tələbini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

38. İlk növbədə qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin bağlanması, mülki dövriyyənin iştirakçıları arasında sərbəst iradə ifadəsinə əsaslanan, alıcının qanuni mülkiyyətində olan əşyaya sərəncam vermək, alıcının isə əşyaya sahib olub mülkiyyət əldə etmək hüquqlarının həyata keçirilməsindən ibarət hərəkətlərdir.

39. Hazırkı işdə alqı-satqı hüquq münasibətlərinin yarandığı iddia edilən zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 39-cu maddəsində deyilirdi ki, vətəndaşların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki tərəfli və çoxtərəfli müqavilələr ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.

40. Həmin 43-cü maddəsinin İ hissəsinə görə, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.

41. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə görə, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun.

42. Bununla belə, əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu baülanmış hesab etməyə haqlıdır.

43. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.

44. İşin hallarından aydın olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixli alqı-satqı aktına istinadən Gədəbəy rayon Novosaratovka kəndində yerləşən cavabdeh X7 məxsus 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 28 kv.m olan evi 345000 rubl müqabilində ona satıldığını iddia etmişdir. Lakin, alqı-satqı aktı satıcı qismində göstərilən X9 tərəfindən imzalanmamışdır. Bu halda isə, ümumiyyətlə, tərəflər arasında alqı-satqı hüquq münasibətləri yaranmasından söhbət gedə bilməz.

45. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mövcud vəziyyətdə, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələri də iddianın həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatları da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir (C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Pelenumunun xx.xx.2007-ci il tarixli qərarındakı hüquqi mövqe).

46. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis tərəfindən İddiaçı iştirakı ilə iddia etdiyi Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,28 ha torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Müayinə baxışı zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi **********0353 saylı “torpaq sahəsinin plan və ölçü” sənədi əsasında başqa vətəndaş X16 adına qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda (sağ və sol tərəfdə) yerləşən torpaq sahələrinin mülkiyyətçiləri sağ tərəfdə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında X11, sol tərəfdə isə **********0354 nömrəli “torpaq sahənin plan və ölçü” sənədi əsasında X12 adına qeyd edilmişdir.

48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə ki, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə İddiaçı tələbi əsassız olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(042)-871/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X2rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar