Məhkəmə qərarları › İş №2(104)-391/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-391/2024

23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-391/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)- 2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun mərhum atası X5 vəsiyyət üzrə vərəsəsi tanıyıb, mirası qəbul edən şəxslər mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onu və qanun üzrə vərəsə kimi anasının hüququnu tanıyıb, cavabdehin qanunla mirası qəbul etmək üçün müəyyən edilmiş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onun miras əmlaka olan hüququnun itirilmiş hesab ediməsi və miras əmlak üzərində vəsiyyət üzrə vərəsə kimi onun və qanun üzrə vərəsə kimi anasının miras əmlakda olan məcburi pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-2667/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia qismən təmin edilərək, mərhum X3 miras qalmış, ünvan 2 ünvanında yerləşən miras əmlaka İddiaçı 4/6 hissədə, X1 isə 1/6 hissədə miras paylarının müəyyən edilməsi; İddia tələbinin qalan hissədə təmin olunmaması; Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2(104)-3001/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh adından Vəkil2 Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)- 2667/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(125)-2667/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh təkrarən sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Sonuncu verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilsə də, lakin şikayət əl imzası ilə imzalanaraq skan edilmiş vəziyyətdə sistemə yerləşdirilmişdir. Başqa sözlə, apellyasiya şikayəti asan imza vasitəsilə imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli 17-N nömrəli Kollegiya Qərarının 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Həmin Məcəllənin 363.1.5-ci madəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2(104)-3001/2023 nömrəli qərardadı ləğv edilməli, Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2(104)-3001/2023 nömrəli qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-2667/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün edilsin və iş apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar