Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-395/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5859/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 23 may 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, dövri dövlət yoxlamasına göndərilməsi məqsədi ilə «İtron» tipli «G4» markalı 1602AZ**********26 nömrəli sayğac çıxarılmış və «Elster» tipli «G4» markalı GCZ0007896 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğacın klapanın işlək olmadığı, sayğacın plastik borusunun deşilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5821-1 saylı aktı ilə G-4 markalı 1602AZ**********26 nömrəli sayğacın çıxış plastik borusunun deşildiyi müəyyən edildiyinə görə **********00000 abonent kodlu istehlakçı İddiaçı 25920 m3 həcmində ziyanın dəyməsi ilə əlaqədar borc hesablanmışdır. İşdə olan Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5821-1 saylı aktın surətindən görünür ki, G-4 markalı 1602AZ**********26 nömrəli sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğramışdır, çıxış plastmas borusunun deşilmişdir, xətalar təyin edilə bilmir, çıxış yivli birləşməsi ətrafında sızma mövcuddur, sayğac kipliyə və istismara yararsızdır. İşdə olan İddiaçı aid abonent saldosundan görünür ki, 2023-cü ilin may ayında İddiaçı qalıq akt üzrə 3110 manat 40 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı qazdan istifadəyə görə 3123 manat 68 qəpik borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh «X3 İstismar İdarəsi»nə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və iddiaçıya hesablanmış 3.123 manat 63 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X3 İstismar İdarəsinin Cavabdeh ilə əvəz edilməsi, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 3123 manat 63 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən yaşayış evini 4 il bundan əvvəl daşınmaz əmlakın alqı-satqı müqaviləsi yolu ilə almışdır. O, həmin fərdi yaşayış evini alan zaman evin küçə tərəfdə olan hissəsində qaz sərfiyyatı üçün elektron sayğac olmuşdur. Sahə inspektoru bir neçə dəfə ona sayğacların dəyişdiriləcəyini, buna görə də qazın abonent kodunu öz adına keçirməli olduğunu demişdir. O isə qay sayğacı dəyişdirilərkən ona məlumat verməsini Cavabdeh «X3 İstismar İdarəsi»nin əməkdaşlarından xahiş etmişdir. Lakin 2023 ilin may ayında o, işdə olarkən Cavabdeh «X3 İstismar İdarəsi»nin əməkdaşları ona xəbər vermədən sayğacı dəyişdirmişlər. Həmin vaxt evdə yalnız onun əri X2 olmuş, R.Ə.Tağıyevin bu məsələdən xəbəri olmamış, səs-küy olduğunu eşidib küçəyə çıxan zaman sayğacın yenisi ilə əvəz edildiyini görmüşdür. R.Ə.Tağıyevə sayğacın zədələndiyi barədə heç bir söz deyilməmişdir. Bundan bir müddət sonra Cavabdeh «X3 İstismar İdarəsi»nin əməkdaşları tərəfindən sayğacda yoxlama zamanı zədə-kənar təsir aşkar edilməsi, buna görə dəymiş ziyanı ödəməsi barədə 17 avqust 2023-cü il tarixdə onlara xəbərdarlıq gəlmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 may 2023-cü il tarixli, ******* nömrəli aktda guya sayğac dəyişdirilərkən onun tərtib olunmuş akta imza etməkdən imtina etdiyi göstərilmişdir. Halbuki, həmin akt tərtib olunan zaman o, həmin ərazidə deyil, işdə olmuşdur. Bununla əlaqədar o, Cavabdeh Gəncə Regional İdarəsinə dəfələrlə müraciət etsə də, ona əhəmiyyət verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5859/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim: C.Quliyev) iddia tələbi qismən təmin edilmiş, “Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla hesablanmış 3110 (üç min bir yüz on) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5859/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış yivli birləşməsinin yapışqan maddə ilə yenidən yapışdırıldığı təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına baxış keçirilərkən itirilmiş qazın bərpası üçün 3110.40 manat ziyan hesablanmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Tətbiq edilməli olan prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməsinə görə borcunun olması barədə heç bir sübut yoxdur. Hesablanmış borc isə qaz sayğacına müdaxilə edilməsi əsası ilə hesablanmışdır. Həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 3110.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5859/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-395/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-395/2024
23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver