Məhkəmə qərarları › İş №2(104)-395/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-395/2025

03.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-395/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxslər: Gəncə 2 saylı Asan Xidməti Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər: Gəncə 2 saylı Asan Xidməti Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) “22 iyun 2016-cı il tarilxi, 4Ə-1916 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları Şəmkir rayonu, Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına hüquqların dövlət qeydiyyatından **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı1 mülkiyyətində olan 0.2206 ha torpaq sahəsini Cavabdeh 4900 manata satmış və tərəflər arasında AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışlar ki, Cavabdeh onların iddiaçıların həmkəndlisidir. O, İddiaçı2 Cavabdeh ilə xala oğludurlar. 2015-ci ildə Vüsal ona birlikdə istilikxana qurmağı təklif etmişdir. Torpaq onlardan, həmin torpaqda istilikxananı qurmaq isə ondan olması barədə razılaşmışlar. Onun təklif etdiyi torpaq sahəsinin yaxınlığında torpaq sahəsi olmuş və o həmin torpaq sahəsində artıq iş qurmuşdur. Həmin işdən yaxşı gəlir də əldə etmişdir. Bu səbəbdən o cavabdehin təklifini qəbul etmişdir. Onların 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istilikxana qurmuşlar. Həmin ərəfədə İddiaçı1 da ona məxsus olan və onun istilikxanasının qonşuluğunda yerləşən 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmışdır. O həmin torpaq sahəsini də alıb, təsərrüfatını daha da genişləndirmək qərarına gəlmişdir. Həmin torpaq sahəsini digər İddiaçı1 ilə razılaşıb, 4900 manata almışdır. Lakin, həmin torpaq sahəsi öz adına deyil, cavabdehin adına rəsmi qeydə alınmışdır. Alqı-satqı müqaviləsini bağladıqda onlar öz aralarında belə qərara gəlmişlər ki, o istədiyi vaxt həmin torpaq sahəsini öz adına rəsmi qeydə aldıracaq. 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində alqı-satqı predmeti olan torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. Torpaq sahəsində öz vəsaiti hesabına istilikxana qurmuşdur. Həmin istilikxanadan bu gün də öz təyinatı üzrə istifadə edir. O həmin torpaq sahəsini öz adına rəsmi qeyd aldırmaq istəmiş, lakin cavabdeh buna etiraz etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı1 iddia tələbi ilə bağlı bildirir ki, doğrudan da mübahisə predmeti olan torpaq sahəsini İddiaçı2 satmışdır. Həmin torpaq sahəsinə görə ona pulu İddiaçı2 ödəmişdir. Eyni zamanda onların yaxın qohum olduqları ona məlum olmuşdur. Onların arasında olan razılaşmaya görə Pərvin istədiyi vaxt onun torpaq sahəsini öz adına qeydə aldıracaqdır. Buna cavabdeh heç bir etiraz etməmişdir. O hesab edir ki, cavabdehlə onun arasında 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində bağlanmış alqı-satqı müqaviləsi əsl həqiqəti əks etdirmir. Həmin alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsini ondan İddiaçı2 almışdır. Həmin müqavilədə nəzərdə tutulmuş məbləği ona İddiaçı2 ödəmişdir. Onun cavabdehlə heç bir razılaşması olmamış və o, ona ödəniş etməmişdir. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdehə satmaq niyyəti olmamışıdır. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılarla həmkəndlidirlər. Oğlu Cavabdeh 22 iyul 2016-cı ildə həmkəndliləri İddiaçı1 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinə dair onlar arasında 22 iyul 2016-cı il tarixli, 4Ə-1916 reyetsr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Oğlu Cavabdeh həmin torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. İddiaçı2 həmin torpaq sahəsinin alğı-satqısına görə pul ödəməmişdir. İddiaçılar hazırda qərəzli olaraq cavabdehə qarşı hazırki iddianı qaldırmışlar. İddia tələbinin əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestri nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan Şəmkir rayonu Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha torpaq sahəsini Cavabdeh deyil İddiaçı2 Mirzəli oğluna satıldığını, ona görə də İddiaçı1lə Cavabdeh arasında bağlanmış 22 iyul 2016-cı il tarixli, 4Ə-1916 reyestr nömrəli alqı-satqı müqaviləsinin həqiqəti əks etdirmədiyini qeyd etmiş olsalar da, qeyd olunan hallar məhkəmə araşdırmasında cavabdehin nümayəndəsi tərəfindən təkzib edilmiş, iddiaçılar isə istinad etdikləri halı təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.4, 340.1, 340.2, 351, 354.2, 389.1, 389.2, 390.1, 390.5, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh İddiaçı2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə sübutlara obyektiv qiymət verməmiş, maddi hüquq normalarının tələblərinə əməl etməmiş, bununla da həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh onun yaxın qohumu xalası oğludur. O, cavabdehin adına çoxlu sayda torpaq sahələri almışdır və sonradan həmin torpaq sahələrini satmışdır. Bu torpaq sahəsini də eyni qaydada almışdır. Cavabdeh özü onunla üz-üzə gəlməkdən imtina etmiş və atasını məhkəmə iclasına göndərmişdir. Cavabdehin atası əslində iddia tələbini qəbul etmiş və ondan 5000 (beş min) manat ona pul ödəməyini tələb etmişdir. O, öz torpaq sahəsini cavabdehdən yenidənmi almalıdır ? Həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Torpaq sahəsini aldığı şəxs də məhkəmədə tərəf olaraq dindirilmiş və o, da onun dediklərini təsdiq etmişdir. Mübahisəli torpaq sahəsini satıcıdan o almış və həmin torpaq sahəsi üçün tələb olunan məbləği satıcıya özü ödəmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçıların həmkəndlisidir. İddiaçı2 Cavabdeh ilə xala oğludurlar. 2015-ci ildə Vüsal onunla birlikdə istilikxana qurmağı təklif etmişdir. Torpaq onlardan, həmin torpaqda istilikxananı qurmaq isə ondan olması barədə razılaşmışlar. Onun təklif etdiyi torpaq sahəsinin yaxınlığında torpaq sahəsi olmuş və o həmin torpaq sahəsində artıq iş qurmuşdur. Həmin işdən yaxşı gəlir əldə etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin təklifini qəbul etmişdir. Onların 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istilikxana qurmuşlar. Həmin ərəfədə İddiaçı1 ona məxsus olan və onun istilikxanasının qonşuluğunda yerləşən 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsini digər İddiaçı1 ilə razılaşıb, 4900 manata almışdır. Həmin torpaq sahəsi iddiaçının öz adına deyil, cavabdehin adına rəsmi qeydə alınmışdır. Məhkəməyə təqdim olunmuş etibarnamə ilə cavabdeh öz adına olan torpaq sahələrini, o cümlədən 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı2 etibarnamə vermişdir. Buda onu təsdiq edir ki, həmin torpaq sahəsi cavabdehə məxsus deyildir. İddiaçı ilə cavabdeh xala oğlu olduqlarından hər zaman belə etmişlər və iddiaçı cavabdehə inanmışdır. Cavabdeh iddiaçıya hər zaman etibarnamə vermişdir və iddiaçı ona inanmışdır. Hesab edir ki, alğı-satqı müqaviləsi yalan əqddir və görünür üçün bağlanmışdır. Apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçılarla həmkəndlidir, oğlu Cavabdeh həmkəndliləri İddiaçı1 Bəhram oğlundan 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinə dair onlar arasında 22 iyul 2016-cı il tarixli, 4Ə-1916 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Oğlu Cavabdeh həmin torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. İddiaçı2 həmin torpaq sahəsinin alğı-satqısına görə pul ödəməmişdir. İddiaçılar hazırda qərəzli olaraq hazırkı iddiaçı qaldırmışlar. Torpaq sahəsini Pərvin almaq istəyirsə ödədikləri 4900 manatı versin torpağı ona versinlər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı1, üçüncü şəxslər Gəncə 2 saylı Asan Xidməti Mərkəzində Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirkaını təmin etməmiş bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı1 və üçüncü şəxslərin nümayndəsinin iştirakı olmadan işə baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni ləğvini xahiş edir və qətnaməni tam mübahisələndirir. Odur ki məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. Maddə 341.2. Qeyri-ciddi əqd nəticəsində digər tərəfə zərər dəydikdə, əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar olmamışdırsa və xəbərdar ola bilməzdisə, zərərin əvəzi ödənilməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Şəmkir rayonu, Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyətində olmuş və o, mülkiyyətində olan torpaq sahəsini notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqısına dair müqavilə əsasında xx.xx.2016-cı il tarixdə cavabvdehə 4900 manata satmışdır. Satıçının müqaviləni bağladığı anda öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasına dair sübutlar mövcud deyildir. İddia tərəfi müqavilənin etibarsız olmasını onunla əsaslandırırlar ki, mübahisə predmeti olan torpaq sahəsi əslində İddiaçı2 tərəfindən alındığını, torpaq sahəsinin satış dəyri olan 4900 manat pul onun tərəfindən ödənildiyini iddia edir və bununla da yalan əqdin bağlandığını iddia edirlər. Qeyd edilməlidir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Lakin iddia tərəfi notarial qaydada bağlanmış torpağın alğı-satqısına dair müqavilənin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmasını sübut edə bilməmişdir. Bağlanmış alğı-satqı müqaviləsi notarial qaydada bağlanmış, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyn edilmiş, satıçı tərəfindən torpaq sahəsi cavabdehə satılaraq torpaq sahəsi ona təhvil verilmiş və cavabdeh tərəfindən torpağın dəyəri satıçıya ödənilmidir. Alğı-satqı müqaviləsi etibarlı olmaqla yanaşı həqiqi hüquqi nəticələr yaranmış və alğı-satqı müqaviləsi bağlandığı andan mübahisə predmeti olan torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun əsas elementləri olan sahiblik və istifadə hüququ yaranmışdır. Bundan başqa yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir ki, alğı-satqı müqaviləsinin hansı əqdi pərdələmək məqsədi ilə bağlandığına dair sübutlar mövcud deyildir. İddiaçı2 torpağı öz mülkiyyətinə almaq üçün hər hansı maneə mövcud olmamışdır. Belə ki, sonuncu Azərbaycan Respublikasının vətəndaşıdır və vətəndaş olaraq istənilən əmlakı öz mülkiyyətinə almaq üçün maneəsi olmamışdır. İş materiallarından sonuncunun fəaliyyət qabiliyyətsiz və ya məhdud faliyyət qabiliyyətli olmasına dair sübutlar mövcud deyildir və iddia tərəfi bu halların mübahisələndirmir. Bunlardan başqa iş materiallarında cavabdeh tərəfindən İddiaçı2 onun əmlaklarının o, cümlədən mübahisə predmeti olan torpaq sahəsinin hüquqi müqəddəratını həll etmək imkanı verilmiş baş etibarnamə mövcuddur. Lakin həmin baş etibarnamə iddia tərəfinin iddia etdiyi dəlilləri sübuta yetirmir. İşin mübahisəsiz halı ondan ibartdir ki, İddiaçı2 ilə cavabdeh qohumdurlar. Hətta qohum olmasalar belə hər bir şəxs müstəqil surətdə onu üçüncü şəxslər qarşısında təmsil edilməsi ilə bağlı etibarnamə verə bilər və öz hərəkətlərinin məsuliyyət və risklərini özü daşıyır. İddiaçı2 iddia etdikləri həqiqi olmüş olsaydı ona verilmiş etibarnamədən istifadə edərək torpaq sahəsinin hüquqi müqəddəratını həll edə bilərdi. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin azad irədəsi ilə bağlanmış torpağın alğı-satqısına dair müqavilə yalan, uydurma, qeyri-ciddi əqd olmayaraq etibarsız olmamış və müqavilə iştirakçıları arasında həqiqi hüquqi nəticələr yaratmışdır. Alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən sərəncam hüququnun qeydə aldırılmaması ilə bağlı qeyd edilməlidir ki, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması hər bir şəxsin vəzifəsi deyildir onun hüquqdur. Sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması alğı-satqı müqaviləsinin etibarsızlığı ilə nəticələnmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən yalnız İddiaçı2 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, digər iddiaçı birinci instansiyası məhkəməsinin mübahisə predmeti olan qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə cavabdehin hüquqlarına müdaxilə təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-909/2024 nömrəli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı2 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar