Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-396/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar söz: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-759/2023 saylı mülki iş üzrə 01 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Mülki işin materiallarında olan ödəniş sənədindən müəyyən olunur ki, X1 idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə"xxxx" ASC tərəfindən X2 345 manat məbləğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 345 manat zərər məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020- ci il tarixdə saat 13:37 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “KAMAZ 54115” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “KAMAZ 54115” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avqonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “MERCEDES BENZ E200” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 345 manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən 345 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Binəqədi rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan güründüyü kimi, Cavabdeh İXM-nin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasınə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-759/2023 saylı mülki iş üzrə 01 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia tələbi təmin edilmiş, Cavabdeh 345 manat vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 375 manatın "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 759/2023 saylı mülki iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, Vətən Müharibəsində kamaz sürücüsü kimi iştirak etmişdir. Qəza baş verən zaman hadisə yerindən yayınmamışdır. Polis əməkdaşı qəza yerində ona imza atmasını və dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirmiş, o da sənədi imzalamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyini, ancaq məhkəməyə gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu Maddə 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır. Hazırki işin faktiki hallarına görə xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “KAMAZ 54115” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Qəza nəticəsində Cavabdeh başqa şəxsin əmlakına zərər vurmuş, həmin zərərin 345 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən zərərşəkmiş X2 ödənilmişdir. Ona görə də "xxxx" ASC subroqasiya qaydasında hazırki tələblə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Apellyator isə şikayətində göstərmişdir ki, qəza baş verən zaman o, hadisə yerindən yayınmamışdır, sığorta ödənişi qanuni əsaslarla zərərçəkənin hesabına ödənilmişdir. Kollegiya hesab edir ki, apellyatorun bu dəlilləri qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilən prosessul qanun normasının tələblərindən çıxış edən kollegiya göstərir ki, neçə ki baş vermiş hadisə ilə bağlı Cavabdeh barəsində ləğv edilməmiş inzibati protokol mövcuddur, bu halda onun izahatı qəzanın baş verən zaman hadisə yerindən yayınmadığı barədə işin hallarının müəyyən edilməsində daha mötəbər sübut növü kimi qəbul edilə bilməz. Ona görə də kollegiya bu qənaətdədir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-759/2023 saylı mülki iş üzrə 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 345 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-759/2023 saylı mülki iş üzrə 01 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-396/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-396/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver