Məhkəmə qərarları › İş №2(104)-406/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-406/2023

02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-406/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X15 (üçüncü şəxslər-X8 və qeyriləri) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi; bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; payın müəyyən edilməsi ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, cavabdeh X24 və üçüncü şəxs X4 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsindən cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. X25 ilə X26 03 avqust 1950-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, nikah bağlandıqdan sonra ərə Əsədov, arvada isə Əsədova soyadı verilmişdir.

2. Onların birgə nikahlarından hazırki iş üzrə İddiaçı və cavabdeh X24 anadan olmuşdur.

3. Xanlar rayonu Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xanlar rayonu Azad kəndində yerləşən 2,37 ha kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi X10, X16, X11 və İddiaçı Bəhmən oğlunun mülkiyyətlərinə verilmiş, Torpağa mülkiyyət hüququna dair JN-0046 seriyalı, KOD 50802018 nömrəli Dövlət aktı işlənmişdir.

4. Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xanlar rayonu, Mixaylovka kəndində yərləşən 0,02 ha torpaq sahəsi X16 və X11 mülkiyyətinə verilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-008A seriyalı, KOD 50802028 nömrəli Dövlət aktı işlənmişdir.

5. X25 05 fevral 2000-ci il tarixdə ölmüşdür .

6. Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən 03 sentyabr 2003-cü il tarixli 2V-1- 59 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X3 qalmış arvadı Xanlar rayonu Mixaylovka kəndində yaşayan X16 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır.

7. Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən 03 sentyabr 2003-cü il tarixli 2V-1- 60 nömrəli verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Xanlar rayonu Mixaylovka kəndində yaşayan həyat yoldaşı X31 və qızı X24 hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Miras əmlak Xanlar rayonu, Mixaylovka kəndində 218,0 kv.m torpaq sahəsində yerləşən 46,4 kv.m üç yaşayış otaqları, 6,6 kv.m örtülü eyvanını, 2,4 kv.m tamburu, 8,9 kv.m açıq eyvandan ibarət olan fərdi yaşayış evinin ½ hissəsidir. 8.Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Xanlar rayon Mixaylovka kəndində yerləşən 3 (üç) yaşayış otağının, yaşayış sahəsi 46,4 kv.m-dən ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli 2V-1-59 və 2V-1- 60 reyestr nömrəli, vərəsəlik şəhadətnaməsi əsasında X16 3/4 və X24 1/4 hissəsi adına qeydə alınmışdır.

9. 11 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən, X6 rayonu Mixaylovka kəndində 0,02 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 yaşayış otağı ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 46,4 kv.m, köməkçi sahəsi 18,1 kv.m ¾ hissəsindən ibarət fərdi yaşayış evini qızı Cavabdeh bağışlamış, sonuncunun mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.

10. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(066)-554/2020 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı X12 mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli olmaqla 3 (üç) otaqlı yaşayış sahəsindən cavabdehlər İddiaçı və X17 istifadə hüququna xitam verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh X15 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2003-cü il tarixli 2V-1 59 nömrəli mülkiyyət hüququ və 2V-160 vərəsəlik hüququ, 11 dekabr 2008-ci il tarixli 4Ə-4-711 nömrəli bağışlama müqaviləsinin qismən ləğv edilməsi, 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ona düşən payı müəyyən etməklə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır).

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X7 ilə anası X31 1988-ci ildən Göygöl (keçmiş Xanlar) rayonunun Mixayılovka kəndində məskunlaşmışlar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N saylı hərbi hissəsində xidmət etdiyi dövrlərdə və hərbidən təxris olunduqdan sonra X7nun mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evində qeydiyyatda olmuş və yaşamışdır. Həmin zaman yüksək əmək haqqı aldığına görə maddi köməklik edərək Xanlar rayon notariat kontorunun 10 yanvar 1994-cü il tarixli 1-1 nömrəli evin alqı-satqı müqaviləsinə əsasən Xanlar rayon X48 adına sovxozun balansında olan Xanlar rayon Mixayılovka kəndində yerləşən 42,0 kv.m üç yaşayış otaqları və təsərrüfat damı - tövlədən ibarət əmlakı X7nun adına almışlar. X7, anası Əsədova Gülarə (Miriş) Qaraş qızı, X24 və iddiaçı həmin evdə qeydiyyatda olduqları üçün Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 2,37 ha kənd təsərrüfatlı məhsulları təyinatlı torpaq sahəsi verilmiş və Dövlət aktı qeydiyyat kitabında 3231 nömrəl ilə qeydiyyata alınmaqla Torpağa Mülkiyyətə dair 27 dekabr 1999cu il tarixli, JN 0066 KOD 50802018 nömrəli Dövlət aktı tərtib olunmuşdur. X7 07 fevral 2000-ci il tarixdə vəfat etmiş və bütün dəfn xərclərini o çəkmiş, eləcədə həmin fərdi yaşayış evində yaşamışdır. 2000-ci ildə X18 ilə faktiki ailə qurmuş və 14 may 2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, həmçinin birgə nikahlarından 19 yanvar 2001-ci il tarixdə X32, 21 iyun 2004-cü il tarixdə X33 və 07 iyun 2013-cü il tarixdə X34 anadan olmuşlar. Daimi olaraq atasının adına aldığı evə gedib-gəlməklə ailəsilə birlikdə həmin evdən istifadə etmişlər və qeydiyyatda olmuşlar. Lakin oğlu Bəhman Əsədovun həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsində olduğu zaman məlum olmuşdur ki, cavabdeh X12 mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli olmaqla 3 (üç) otaqlı yaşayış sahəsindən iddiaçı və oğlunun istifadə hüququna Göygöl Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(066)-554/2020 nömrəli qətnaməsi ilə xitam verilmiş və Göygöl rayon Polis Şöbəsini n Qeydiyyat və Şəxsiyyət qrupu tərəfindən qeydiyyatdan çıxarılmışlar. Məhkəməyə müraciət etdikdən sonra 12 oktyabr 2020-ci il tarixdə sözügedən qətnamənin surətini rəsmi qaydada almışdır. Göygöl Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(066)-554/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və onun uşaqları X32, X33 və X19 Göygöl rayonu Bənövşəli ( Mixaylovka) kəndində ona məxsus olan fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən pasport qeydiyyatından çıxarılmışlar. Həmin qətnamə əsassız və qanunsuz olduğundan apellyasiya şikayəti vermişdir. Belə ki, X24 məhkəmədə onun qardaşı olduğunu bildirməmiş, özünün və qonşunun yalan ifadələri ilə 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X7nun ölümündən sonra onun da faktiki vərəsə olduğunu gizlətmişdir. Atasının vərəsəsi Validə Əsədova və anası X13 başqa heç kimin olmadığını və Xanlar rayon notariat kontorunda 03 sentyabr 2003-cü il tarixdə notariat qaydada adlarına sənədləşdirmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 20 oktyabr 2020-ci il tarixli, **********67 nömrəli məktuba əsasən Xanlar rayon notariat kontorunun 10 yanvar 1994-cü il tarixli 1-1 nömrəli Xanlar rayon X48 adına sovxozun balansında olan evin və ya mənzillərin alqısatqı müqaviləsinə əsasən Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 42,0 kv.m üç yaşayış otaqları və təsərrüfat dami - tövlədən ibarət əmlakın X1. Xanlar rayon İcra Hakimiyyəti Başçısının Yeni Zod kəndi üzrə nümayəndəliyinin 08 oktyabr 1994-cü il tarixli 058 nömrəli arayışında X10 Xanlar rayonu, Mixaylovka kəndində Mədəniyyət evinə gedən yolun sag tərəfində 25 metr uzunu, 5 metr eni olan torpaq sahəsindən istifadə etməsini və 28 mart 1995-ci il tarixli 420 nömrəli arayışında X10 Xanlar rayonu, Mixaylovka kəndində 930,0 kv.m torpaq sahəsində 46,4 kv.m üç yaşayış otağının, 53,0 kv.m ümumi sahəsi olan yaşayış evinin olduğu göstərilmişdir. Xanlar rayon notariat kontorunun 03 sentyabr 2003cü il tarixli 2V-1-59 nömrəli mülkiyyət hüququ haqqında və 2V-1-60 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən Xanlar rayonu, Mixaylovka kəndində 218,0 kv.m torpaq sahəsində yerləşən 46,4 kv.m üç yaşayış otaqlarının, 6,6 kv.m örtülü eyvanını, 2,4 kv.m tamburun, 8,0 kv.m açıq eyvandan ibarət olan bu fərdi yaşayış evinin X10 adından X16 3/4 hissə və X12 1/4 hissə adlarına keçirilmiş və onların adlarına 03 sentyabr 2003-cü il tarixli 35 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən X16 və X11 adlarına Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 0,02 ha torpaq sahəsinə 21 oktyabr 2002-ci il tarixli JN-008A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Göygöl rayon notariat kontorunun 11 dekabr 2008-ci il tarixli 40-4-711 nömrəli bağışlama müqaviləsinə əsasən X31 əmlakda olan payını X15 bağışlamış və Göygöl rayonu, Mixaylovka kəndində 0,014 ha torpaq sahəsində yerləşən bu fərdi yaşayış evinə 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin 13 fevral 2020-ci il tarixli 4Ə-418 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsində X12 əmlakı X23 bağışladığı göstərilmiş, lakin 14 fevral 2020-ci il tarixli 441 nömrəli arayışında Ə-418 nömrəli bağışlama müqaviləsinin elektron notariat informasiya sistemində səhvən təsdiq olunduğu üçün müqavilənin qeydə alınmamasını xahiş etmişdir. Göründüyü kimi bacısı X24 qardaşı olduğunu gizlətmişdir. 13.İcraat zamanı X8, X27, X21, X42, X35, X28, X43, X36 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişlər. 14.Göygöl Rayon Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, Göygöl rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli, 2V-159 mülkiyyət hüququ və 2V-160 vərəsəlik hüququna dair vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi; 03 sentyabr 2003-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 6/1053A nömrəli X16 və X12 adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi; 11 dekabr 2008-ci il tarixli 4Ə-4-711 nömrəli bağışlanma müqaviləsinin qismən ləğv edilməsi; 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət olunmuşdur. 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, notariat işi aparılarkən miras qoyanın birinci növbəli vərəsəlrin dairəsi müəyyən edilməmişdir. Eyni zamanda notarius miras əmlaka dair şəhadətnamə verərkən qanunla müəyyən edilmiş 6 aylıq müddətin keçməsinə, mərhumun ölümündən 3 il 5 ay keçməsinə baxmayaraq qanunvericiliyin tələblərini pozaraq Şəhadətnamə vermişdir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 1133, 1159, 1166, 1243, 1246 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat: 17.Cavabdeh X24 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qardaşı İddiaçı iddia müddətini ötürməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Belə ki, iddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən hazırki günədək mülkiyyətində olan Abşeron rayonu Sulutəpə qəsəbəsi ilə Hökməli qəsəbəsi arasında yerləşən ərazidə 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Atasının sağlığında və onun ölümündən sonra mübahisəli əmlakda yaşamaqla mirası qəbul etmişdir. İddiaçı isə mirasa faktiki sahiblik etməmişdir. Həmçinin anasının miras əmlakı ona bağışladığını iddiaçı bilmiş və susmuşdur. Atasının vəfatından 18 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X24 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ilkin olaraq fərdi yaşayış evi atasının mülkiyyətində olmuşdur. Atası 2000-ci ildə vəfat etmiş və dəfn mərasimdə İddiaçı iştirak etmişdir. Mübahisəli evdə iddiaçı qeydiyyatda olsa da, orada yaşamamışdır. Atasının vəfatından sonra İddiaçı 1 il həmin evdə anası ilə birlikdə yaşamış və ailə quraraq 2002-ci ilin sentyabr ayından Bakı şəhərində yaşamışdır. Atasının vəfatından sonra, yəni 2000-ci ilin iyul ayında Rusiya Federasiyasından qayıtmış, 2003-cü ildən isə anasının yanına gəlmiş və vəfat edənədək birlikdə yaşamışlar. Digər qardaş və bacıları öz evlərində yaşamışdır. X5 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, atasının ölümündən sonra anası ilə birlikdə təxminən bir il həmin evdə yaşamış, lakin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Qeydiyyatı həmin evə olsa da sonradan başqa yaşayış yerinə köçmüşdur. Hazırda isə Bakı şəhərində yaşayır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 21.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, atasının ölümündən sonra İddiaçı anası ilə birlikdə mübahisəli evdə bir müddət yaşamış, lakin sonradan evlənərək həmin evdən getmişdir. Anası ilə birlikdə bacısı Validə evdə yaşamış və mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə aldə etmişlər. İddiaçı 20 il müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 22.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X27 və X21 da X8 ilə eyni məzmunlu izahat vermişlər. 23.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-709/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. 24.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirasın kütləsinə Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində X14 payıdır. X29 05 fevral 2000-ci ildə vəfat etmiş və bu tarixdən də onun ½ əmlakı üçün vərəsəlik açılmışdır. 25.İddiaçı atasının ölümündən sonra anası ilə birlikdə müəyyən müddət ərzində fərdi yaşayış evində yaşasa da, lakin sonuncu 2001-ci ildən həmin evdən getmişdir. Fərdi yaşayış evində iddiaçının anası, 2003-cü ildən isə bacısı – cavabdeh Validə Əsədova yaşamışdır. Sonuncu hazırda da həmin evdə yaşayır. İddiaçı atasının ölümündən sonra mirasa faktiki sahiblik etmək üçün həmin əmlakı faktiki cəhətdən ələ keçirib ona sahib durmamışdır. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir. Bu yanaşmaya bariz nümunə ondan ibarətdir ki, iddiaçı mirasın açıldığı vaxtdan təxminən 20 il müddət keçdikdən sonra miras əmlakla bağlı mübahisə açmışdır. Digər tərəfdən iddiaçının atasının dəfn mərasimini təşkil etməsi bununla bağlı miras əmlakda müəyyən müddət yaşaması mirasın qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının bu addımları mirası qəbul etməkdən daha çox mənəvi borcunun ödənilməsi yəni, atasının yas mərasimini yola vermək niyyəti ilə əhatə olunmuşdur. Bütün bu təhlillər onu deməyə əsas verir ki, mirasın qəbulu ilə bağlı İddiaçı davranışı mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilə bilməz. 26.Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 530, 532, 552, 553-maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat 27.İddiaçı (vəkil X38) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir. 28.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi özü də müəyyən etmişdir ki, iddiaçı atasının ölümündən sonra onu yas mərasimini təşkil etmiş və anası ilə birlikdə həmin evdə yaşayaraq miras əmlaka sahiblik edərək, mirası faktiki qəbul etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, atasının ölümündən sonra iddiaçı 5 il müddətində həmin evdə yaşamışdır. Məhkəmə bu müddəti mirası faktiki olaraq qəbul etmə kimi qəbul etməməsini qətnamədə əsaslandırmamışdır. 29.Cavabdeh özü mirası qəbul etmə müddətini ötürmüş, lakin məhkəmə bu hala da qiymət verməmişdir. 30.Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 31.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4850/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Əhməd Əhmədov, hakimlər Vüqar Həsənov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(104)-709/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat 32.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X24 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Müşviq onun qardaşıdır. Atası vəfat edəndən sonra mübahisəli evdə o, qardaşı olan Müşfiq və anası yaşamışlar. Atasının vəfatından sonra İddiaçı 2001-ci ildə evlənmiş və mübahisəli evə gəlin gətirmişdir. İddiaçı 2002-ci ilin sentyabr ayında həmin evdən Bakıya köçmüşdür. Digər bacı və qardaşlarının hər biriniun ayrıca evləri olmuş və mirası faktiki və ya notariata ərizə verməklə 6 aylıq müddətdə qəbul etməmişlər. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 293/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 2000-2005-ci illərdə yaşadığı ərazi üzrə bələdiyyə sədrinin müavini işləmiş və mübahisəli evdə yaşayaraq, mərhum atasının vəfatından sonra mirası faktiki olaraq qəbul etmişdir. O, 2001-ci ildə evlənərək, yoldaşını da həmin mübahisəli evə gəlin gətirmişdir. Digər bacı və qardaşlarının hər birinun ayrıca evləri olmuş və mirası faktiki və ya notariata ərizə verməklə qəbul etməmişlər.2005-ci ildən isə Bakı şəhərinə köçmüş və hazırda Abşeron rayonu Sulutəpə qəsəbəsi ilə Hökməli qəsəbəsi arasında yerləşən ərazidə fərdi yaşayış evində yaşayır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 34.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 göstərdi ki, mərhum atasının ölümündən sonra, miras mülkdə anası, qardaşı Müşviq və bacısı Validə yaşamışdır. O, özü isə mübahisəli evdə yaşamamış və ayrıca evi olmuşdur. Hesab edir ki, atadan miras qalmış ev bacısı Validəyə verilməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi.

35. Digər üçüncü şəxslər X27, X21, X42, X35, X28, X43, X36, Göygöl rayon notariat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 36.Azərbaycan Respublikası Mülki Məcəlləsi: ( 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) Maddə. 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı: 36. “...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur”. 38.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri:

39. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddiasının təmin edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 42.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 293/2021 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 43.Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddiaçının iddia tələbi bir neçə hissədən ibarətdir.

44. İddiaçının tələbinin bir hissəsi mərhum atasında miras qalmış əmlakın cavabdeh tərəfindən qəbul edilməsin dair notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi təşkil edir. 45.Bundan sonrakı tələblər isə həmin şəhadətnamə nəticəsində əldə edilmiş hüquqlar, dövlət reyestrində aparılmış qeyd, mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsi təşkil edir. 46.Göründüyü kimi, iddia tələbinin əsaslılığının yoxlanması ilk növbədə mübahisəli miras əmlakla bağlı notariat orqanı tərəfindən verilmiş Vəsərəlik şəhadətnaməsinin əsaslılığının yoxlanılmasından asılıdır. 47.Belə ki, məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, miras qoyan İddiaçı 05 fevral 2000-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Xanlar rayonu, Mixaylovka kəndində ( indiki Göygöl rayonu, Bənövşəli kəndində) yerləşən ümumi sahəsi 53,00 kv.m, yaşayış sahəsi 46,4 kv, köməkçi sahə 6,6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Mərhumun vəfatından sonra mirası faktiki olaraq İddiaçı, cavabdeh X24 və anası X31 qəbul edərək, idarə etmişlər. Digər birinci növbə vərəsələrdən X8, X27, X22, X42, X35, X28, X43 və X36 isə ata sağlığında başqa ünvanlarda yaşamaqla, mirası notariat kontoruna ərizə verməklə və ya faktiki olaraq qəbul etməmişlər. 48.İşin mübahisə edilməyən hallarına əsasən İddiaçı 05 fevral 2000-ci il tarixdə ölmüş və həmin tarixdən miras açılmışdır. 49.Tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisəsi ilə bağlı Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(066)-554/2020 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, həmin iş üzrə iddiaçı Validə Əsədova iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsində İddiaçı 2005-ci ilədək mübahisəli ünvanda yaşamasını göstərmişdir. 50.Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı miras açılan vaxtdan etibarən 5 il müddətində miras əmlakda yaşamışdır. 51.Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 52.Məhkəmə kollegiyası iddiaçının miras mülki faktiki olaraq qəbul edib-etməməsini araşdırmış, iddiaçı mərhum atasının vəfatından sonra 2005-ci ilə qədər, cavabdeh tərəf isə iddiaçının 2002-ci ilin sentyabr ayınadək miras evdə faktiki olaraq yaşamasını, 2001-ci ildə iddiaçının evlənərək arvadını həmin evə gəlin gətirməsini göstərmişdir. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006- cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

55. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlak iki üsulla qəbul edilir: formal və faktiki qəbul. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu da iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 56.İşin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, İddiaçı anası və cavabdeh X24 ilə birlikdə mərhum ataları İddiaçı xx.xx.2000-ci il tarixdə vəfatından sonra, miras evdə yaşamaqla, həmin evə həm faktiki sahibliyi, həm də onun idarəçiliyini həyata keçirmişlər. Ona görə də, Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən 03 sentyabr 2003-cü il tarixli 2V-1- 59 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X3 qalmış arvadı Xanlar rayonu Mixaylovka kəndində yaşayan X16 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ nəzərə alınmaqla, Gülarə, Müşfiq və Validənin hər birinin miras əmlak üzərində 1/3 hissədə payları yaranır ki, bu halda, onların hər birinin miras əmlak üzərində 1/6 hissədə payları yaranacaqdır. 57.Qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. 58.Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. 59.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticlərini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. 60.İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qət edilsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılmışdır. Belə ki, miras 2000-ci ilin fevral ayında açılmasına baxmayaraq, birinci instansiya məhkəməsi 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikası MM-nin normalarını tətbiq etmiş, həm də iddia təmin edilərək, Göygöl rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli, 2V- 159 mülkiyyət hüququ və 2V-160 vərəsəlik hüququna dair vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş 6/1053A nömrəli X16 və X12 adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi, 11 dekabr 2008-ci il tarixli 4Ə-4-711 nömrəli bağışlanma müqaviləsinin qismən ləğv edilməsi və 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə baxmayaraq, vərəsəlik payları müəyyən edilməmişdir ki, bu hallar isə Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 61.Kollegiya onu da qeyd edir ki, iddiaçı xx.xx.2003-cü il tarixli 2V-159 reyestr nömrəli mülkiyyət hüququ və 2V-160 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2008-ci il tarixli 4Ə-4-711 reyestr nömrəli bağışlama müqaviləsinin qismən ləğv edilməsini və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, və ona düşən payın müəyyən edilməklə vərəsəlik hüququnun tanınmasını xahiş etsə də, onun miras əmlakda payı 1/6 hissədə olduğundan, həmin sənədlər də onun payına müvafiq hissədə etibarsız sayılmalı və ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. 62.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2003-cü il tarixli 2V-159 reyestr nömrəli mülkiyyət hüququ və 2V-160 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2008-ci il tarixli 4Ə-4-711 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi qismən, yəni iddiaçının 1/6 hissədə vərəsəlik payı hissəsində etibarsız hesab edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış həmin hissədə qismən ləğv edilməli, X2 miras qalmış Göygöl rayonu, Mixaylovka kəndində 218,0 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 46,4 kv.m üç yaşayış otaqları, 6,6 kv.m örtülü eyvanını, 2,4 kv.m tamburu, 8,9 kv.m açıq eyvandan ibarət olan fərdi yaşayış evinə İddiaçı 1/6 hissədə, X12 isə 5/6 hissədə payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. 63.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apllyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2003-cü il tarixli 2V1-59 reyestr nömrəli mülkiyyət hüququ və 2V-160 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2008-ci il tarixli 4Ə-4-711 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi qismən, yəni iddiaçının 1/6 hissədə vərəsəlik payı hissəsində etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış həmin hissədə qismən ləğv edilsin. X2 miras qalmış Göygöl rayonu, Mixaylovka kəndində 218,0 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 46,4 kv.m üç yaşayış otaqları, 6,6 kv.m örtülü eyvanını, 2,4 kv.m tamburu, 8,9 kv.m açıq eyvandan ibarət olan fərdi yaşayış evinə İddiaçı 1/6 hissədə, X12 isə 5/6 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar